Son zamanlar rusdilli məktəblərə üstünlük verənlərin sayı artır. Bu gedişin nəylə sonuclanacağını biləcəyi ilə bağlı Naxçıvanın keçmiş Təhsil naziri, təcrübəli pedaqoq Nazim Əkbərlə danışdıq. Onun “Hürriyyət” qəzetinə müsahibəsini Azərbaycan Müjdələri oxucularına çatdırırıq:
– Nazim müəllim, son zamanlar rusdilində oxumağa yönəlmələr var. Bildirilənə görə, hətta rusdilli orta məktəblərdə 1-ci sinif yerləri bir günün içində dolub. Siz təcrübəli pedaqoqsunuz. Necə düşünürsünüz, dövlət dilimizdən daha çox, xarici dilə üz tutmağımız nədən qaynaqlanır?
– Mən sizin sualınıza görkəmli şair Nizami Gəncəvinin sözləri ilə cavab vermək istəyirəm.
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər Türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz.
Bu dörlüyü çoxumuz bildiyimiz kimi, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının müqəddiməsindən götürülmüşdür. Nizami babamız poemanın sifarişçisinin əsərin türkcə yazılmasını istəməməsinə acığını bu sözlərlə davam etdirir:
Qan vurdu beynimə, əsdi dodağım.
Nə cürətim vardı ki, evdən qaçam.
Nə də gözüm vardı, xəzinə açam.
Ömrüm viran oldu, solub saraldım,
Bu əmrin önündə cavabsız qaldım.
Dil məsələsi Nizami Gəncəvinin olduğu kimi, mənim də, sizin də, elini, xalqını sevən hər kəsin yaralı yeridir. Özümü heç Nizami Gəncəviyə bənzətmək düşüncəsində deyiləm, ancaq eyni məsələyə onun qədər həssasam. Çoxları bilir, mən başqa, yad dillərdə təhsil almağa qarşıyam və bununla bağlı mənə çox sayda iradlar da edilib, bu gün də edilir, bu müsahibə yayınlansa, yenə də ediləcəkdir. “Sən bununla bağlı çox danışırsan, başa düş ki, bu sözlərinlə, danışığınla heç nəyi dəyişdirə bilməyəcəksən. İndi bu dəbdədir…” deyənlər ilk baxışda doğru kimi görünürlər. Ancaq dərd olmasa, dərman axtarmaq kimin yadına düşər? Susaqmı, səsimizi çıxarmayaqmı? Mən peşəmə, ixtisasıma, həyat təcrübəmə görə yad dildə təhsilin insanın dünyası və axirəti adına necə böyük fəsadlara yol açdığına əminəm. Bildiyim üçün də həyəcanım, xalqımızın bir gün silinib gedəcəyindən qorxum təbiidir.
Bəri başdan bunu da vurğulayım, sözlərimi oxuyanlar məni yanlış anlamasınlar və yanlış yorumlamasınlar. Mənim dillə bağlı, rusca oxumağa qarşı dediklərim rus xalqına, rus millətinə pis münasibətimin göstəricisi deyildir. Mənim belə bir düşüncəm olmayıb və yoxdur. Bu bildirişi niyə edirəm? Çünki məni bunda suçlayanlar var. Halbuki, mənim ünsiyyət saxladığım, sayğı göstərdiyim adamların, qonşuların çoxu elə rus xalqının nümayəndələridir. Mənim sözlərim, iradım rus xalqına deyil, ruslaşdırma siyasətinədir. Mənim sözlərim, iradım, tənqidi düşüncələrim öz xalqımızın bəzi nümayəndələrinədir, çünki bu seçimi edən onlardır. Məgər, rus xalqının mənsubları öz vətəndaşlarının ingilisləşməsinə, fransızlaşmasına, almanlaşmasına və b. görməzdən gələrlərmi? Əlbəttə, yox. O zaman mənim sözlərimi də, xahiş edirəm, yoxuşa sürməsinlər, başqa, millətçi, həm də radikal millətçi damğası vurmasınlar. Mən azərbaycanlıyam və öz dilimi, öz dəyərlərimi qorumağa çalışıram, həm də bu dəyərləri ayaq altına salan həmvətənlərimdən qorumağa çalışıram.
Xarici dillərdə, o cümlədən də rus dilində oxumaq istəyinin artması hər bir Azərbaycan vətəndaşını rahatsız etməlidir, ancaq görünən bunun tam əksidir. Müstəqil Azərbaycanın bütün qatları balasını rusca oxumağa yönəldir. Özünü ali təbəqədə sayanlar – yüksək vəzifə sahibləri, maddi imkanı çox olanlar bunu təbii, nə zamansa ali təbəqəyə çevriləcəkləri ümidi ilə yaşayan dünənki lümpen proletariatdan çıxıb bu gün müəyyən mövqe tutanlar özlərinə vəzifə, aşağıdan yuxarı ağzının suyunu axıda-axıda boylananlar isə yuxarıdakıların acığına bunu məqsəd qəbul etmişlər və beləliklə cəmiyyətimiz kor döyüşü apara-apara bir yerlərə doğru gedir. Hətta 90-cı illərdə meydanlarda “Millət! Millət!” deyə bağıran, döyülən, söyülən, həbsə atılan nə qədər adam tanıyıram ki, uşaqlarını, nəvələrini xarici dildə, daha çox da rusca təhsil almağa çəkib/çəkir və bunu da “İndi zəmanə bunu tələb edir” kimi duzsuz, dadsız, şit əsasa bağlamağa çalışırlar. Dil bilmək çox önəmlidir. Boş yerə “Neçə dil bilirsənsə, fərd olaraq o qədər sayda insansan,” deməyiblər. Ancaq öz dilinə arxa çevirib bambaşqa bir dildə oxumaq, heyranı olduğumuz həmin o dünyanı yönətən xalqların və dövlətlərin baxış nöqtəsindən çox gülünc, hətta tragikomik görünür.
– Sizcə, öz dilimizə bu biganəliyimizdə dövlət siyasətinin rolu nə qədərdir?
– Konstitusiyaya görə, bizim dövlət dilimiz Azərbaycan dilidir və bu dilin haqq etdiyi statusu əldə etməsi üçün Ümummilli Liderin, Prezidentin bir neçə sərəncamları, göstəriş və tövsiyələri var. Ancaq yenə də qonşudan, qohumdan geridə qalmağı özü üçün ən böyük faciə sayan biz azərbaycanlılar bu gün özünü təsdiq etməyin yolunu rusca, ingiliscə və daha başqa dillərdə oxumaqda görürük. Bu millətin ən dərin, ən ağır faciəsi də elə budur. Dünən təəccübünü “Bah!” “Vay!” kimi nidalarla bildirən xalqın balaları bu gün eyni duyğularını “Wow!” “Aaa!!!” “Neujeli?!”; “Baş üstə!” kimi alicənab ifadəni “O.K.,” “davay,” “poka,” və b. kimi yad nidalarla dəyişirsə, eyni ilə Nizami Gəncəvinin az qala 900 il öncə acıq qarışıq “Yüksək olmalıdır bizim dilimiz,/Yüksək yaranmışdır bizim nəslimiz” ironiyası ilə üz-üzə gəliriksə, o zaman dəsmal çıxarıb ağlamaqdan başqa yol qalmır.
– Yəni demək istəyirsiniz ki, bu dövlət siyasətindən daha çox xalqımızın özgələşmə sevdasından irəli gəlir. Bu anlayışla biz hara gedirik?
– Bu ağıl, bu məntiq, bu düşüncə ilə biz canımız-ciyərimiz balamızı bizim olan dəyərlərdən qoparıb başqa, yad dəyərlərin qucağına atırıq. Tanıdığım çox sayda ailələr var ki, uşağını yedirərkən telefonunu açıb “Maşa və ayı” və bunun kimi cizgi filmlərini izlədirlər. Uşaqlar buna o qədər öyrəşirlər ki, illər sonra da bu vərdişdən əl çəkə bilmirlər. Sonra bu uşaq bağçaya gedir və bağçada da bu kimi “təlim” yolu davam etdirilir. Sonra məktəb illəri başlayır. Yenə eyni metod işlədilir. Bədbəxt uşaq ana laylası eşitməyib, nənə, baba nağıllarına qulaq asmayıb, ana dilində, milli kimliyə bağlı şeirlər, mahnılar öyrənməyib, əksinə, gözünü açandan anasının-atasının onun yadlığına heyran olduğunu, onun bu məziyyətləri ilə öyündüklərini görür və özünü hələ körpəlikdən fərqli, başqalarından üstün, adi olmayan görməyə başlayır. Bundan sonrasını özünüz düşünün. Bir də Qarabağı özümüzə qaytarmaqdan danışırıq. Nə edəcəksən Qarabağı? Rus məktəbləri açıb qarabağlıları da kökündən qoparıb yox edəcəksən? Əlbəttə, bu sözlərim acığın ifadəsidir, yoxsa Qarabağsız Azərbaycan ağ ciyərindən, səs telləri olmayan xəstə insan kimidir.
Biz qəribə millətik. Allaha yalvarıb bala istəyirik, balamız olanda sevinir, qonaqlıqlar veririk, sonra bu balamızı öz əlimizlə özümüzə yadlaşdırırıq və bu yadlaşmadan da məmnun oluruq. Sizcə, bu normaldırmı? Bir dəfə də bununla bağlı yazmışam, indi yeri gəlib, yenə edirəm.
Tibb mərkəzlərinin birində oturub sıramı gözləyirdim. Mənimlə üz-üzə sarısaçlı, biri yaşlı, biri də gənc xanım (ana-qız idilər), yanlarında oğlan uşağı sıra gözləyirdilər. Öz aralarında da rusca danşırdılar və mən onları rus düşünürdüm. Uşaq isə dəcəllik edir, sözə baxmırdı. Sürətlə qaçıb bayıra çıxdı. Bu zaman nənə uşağın ardınca səsləndi: “Anar, ostorojno, upaydyoş!”
Daha dözə bilmədim, az qala qalxıb həmin xanımlara üz tutacaq, “Xanım, bağışlayın,” – deyəcəkdim, – ”İndi ki bu uşağı ana dilində danışdırmayacaqdınız, adını Anar niyə qoymusunuz? Aleksey, Anton, filan qoysaydınız!..”
Ana dili milli təəssüb məsələsidir və bizdə bu təəssüb duyğusu aşılanıb getmişdir. Bir misal çəkəcəyəm, acığı gələn olsa, bir stəkan sərin su içsin, ya da bu yazımı daha oxumasın, ancaq bu bir həqiqətdir. Siz heç öz aralarında rusca danışan bir gürcü, erməni tanıyırsınızmı? Yaşlı nəsil bilir, gürcülər, ermənilər sovet çağlarında, “Sovetin qılıncının dalının da, qabağının da kəsdiyi” o illərdə nə Gürcüstanda, nə Ermənistanda heç vaxt rusca verdiyin suala könül xoşluğu ilə cavab ala bilməzdin. Gərək onların dilində müraciət edəydin. Bu onların rusca bilməməsi ilə bağlı deyildi, öz dillərini uca tutmalarından irəli gəlirdi. O çağlarda bu xalqlar bədii, sənədli filmləri öz dillərində çəkirdilər, rusca alt yazılar yazırdılar. İnanmayanlar “YouTube” girib o filmlərə bu gün də baxa bilərlər. Bizimkilər nə edirdi? Bütün filmləri rusca çəkir, sonra onu Azərbaycan dilinə dublyaj edirdilər. Mağazada satıcıdan Azərbaycan dilində bir şey istəyirdin, o isə sənin ana dilində soruşduğuna cavab verməyi özünə sığışdırmır, üzünü səndən çevirirdi.
– Bəs, bu özümüzü bəyənməməyimizin səbəbi nədir? Biz niyə özümüzə kəm baxırıq?
– İndi gələk bütün bunların səbəblərinə. Rus dilinin bu qədər “sevilən” olmasının bir sıra səbəbləri vardır. Bunun birincisi Azərbaycanın öncə Çar, bir yüzillik sonra isə Bolşevik Rusiyasının ard-arda işğal edilməsi olmuşdur. Mən beş ildir Azərbaycanın XIX-XX yüzilliklər tarixinin bir parçasından danışan bir yazı üzərində işləyirəm. İşlədikcə də o illərə qayıtmalı, o çağları anlamağa çalışmalı olursan. O qədər qəribə, ağlasığmaz, iblisanə siyasətlə qarşılaşırıq ki, bunlardan yaxa qurtarmağın yalnız iki yüzillik sonra qismən mümkün olduğuna təəccüblənməmək olmur.
Rusiya Şimali Azərbaycanda güclənə bilmək üçün iki yoldan yararlandı: 1) yerli xalqın ana dilini, 2) dini inancını zəiflətmək, yerinə öz dilini və dəyərlərini yerləşdirmək. Bunların hər ikisi sağlam bədəni darmadağın edən xərçəng virusları kimidir və bizə uğurla (imperiya baxımından) yoluxduruldu. Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycan xanlıqlara, daha doğrusu kiçik tayfa dövlətciklərinə bölündü və tam ruslaşdırılana qədər bu belə də davam etdi. Xanlar bir-bir Rusiyanın buyuruq quluna çevritdirildi və bir həmlədə Rusiyanın minillik arzusu gerçək oldu – Şimali Azərbaycan Rusiyanın “əbədi torpaqlarına” (Gülüstan Müqaviləsinə görə), Cənubi Azərbaycan isə Rusiyanın vassalına çevrildi. Bu, Konstantinopolun (İstanbulun) Rusiyanın baş şəhərinə çevrilməsi üçün atılmış ən önəmli addım idi.
Rusiyanın bölgədə güclənməsinin birinci şərti rus dilinin burada hakim duruma yüksəltmək idi. Bunu həyata keçirmək üçün hər tərəfdə rus-tatar məktəbləri açıldı (Diqqət edin, “rus-türk” demirdilər ha, “rus-tatar” deyirdilər. Çünki onlar əsarət altında saxlamış tatarlara nifrət edirdilər və bu nifrətlərini bizə də “tatar” deməklə dilə gətirirdilər). Sovet dövrü tarix kitablarında bu olay tamamilə yanlış və yaltaqca təqdim edilirdi. “Azərbaycan başdan-başa savadsızlar ölkəsi idi” kimi təhqiramiz deyimlər şüuraltına yerləşdirilirdi. Başqa yandan, rus dilini xalqa qəbul etdirmək ikinci faktorla – dini dəyərləri aradan qaldırmaq üçün virusdan yararlanılırdı. Bunun üçün rusmeyilli ziyalı təbəqələr yetişdirilməyə başladı. Çernyayevski və onun kimi bir neçə başqaları bütün Azərbaycanı qarış-qarış gəzib ağıllı uşaqları tapırdılar və onları götürüb özlərinə görə yetişdirdilər.
Bilirəm, bu cümləmə etiraz edən, “Çernyayevski, Qori müəllimlər seminariyası olmasaydı, Azərbaycan batıb gedəcəkdi,” deyənlər çox olacaq, ancaq mən də sual verirəm: Azərbaycanda güclənmək istəyən yadellilər niyə yeni-yeni iş yerləri açmaq, iqtisadi inkişafa yerli əhalini çağırmaq yerinə tələm-tələsik rusca bilən müəllimlər yetişdirməyə üstünlük verirdilər? Çünki “Gülüstan” Müqaviləsində də vurğuladıqları kimi, bu coğrafiyanı əbədi olaraq öz mülklərinə çevirmək istəyirdilər və bu istəkləri də yalnız dil yolu ilə ola bilərdi.
– Qori seminariyasında ruslaşdırma ilə bağlı konkret hansı siyasətlər yürüdülürdü?
– İmperiya “rus-tatar” adı verdiyi məktəblərində çox sərt qaydalar qoymuşdu. Bunlardan biri və bəlkə birincisi ana dilində danışmağa qoyulan qadağa idi. Nəinki dərsdə, hətta tənəffüsdə, dərsdənkənar məşğələlərdə və saatlarda belə ana dilidə danışanlar ən ağır cəzalarla üzləşirdilər. İş o qədər ciddi idi ki, 1905-ci ildə çağırılan müəllimlər qurultayının müzakirəsinə çıxarılan məsələlərin başında məhz məktəblərdə ana dilində danışmaq hüququ dayanırdı. Bir də göz önünə alsaq ki, bu məktəblərin çoxu yataqxanalı idi, o zaman qəbul etməliyik ki, şagirdlər günün 24 saatını yad dildə danışmaq, yavaş-yavaş yad dildə düşünməyə məhkum idilər və bu ortamdan çıxan heç kəs bir daha ana yoluna – öz mənliyinə gedən yola qayıda bilməzdi. Düzdür, onların arasında öz milləti, xalqı üçün çalışanlar da var idi, çox idi, ancaq onların millətə baxış bucağı başqa yerdən idi – imperiyanın təbliğ etdiyi yerdən. Onlar daha çox tənqid etməyə, xalqa yuxarıdan aşağı baxıb onu lağa qoymağa üstünlük verirdilər.
Sözlərim quru sözlərdən qurulmasın deyə, sizə maraqlı bir olay danışım. 1974-cü ildə ordu sıralarından tərxis olunub təyinatla Nehrəm kəndinə müəllim işləməyə getmişdim. O illərdə Mirzə Cəlilin işlədiyi məktəbdə işləyirdim və onun qızı Münəvər xanım da hələ sağ idi. Ona Naxçıvan şəhərində birotaqlı ev vermişdilər, ancaq o, bundan imtina etmiş, Nehrəm kəndində qalmışdı.
Mən onu görməyə çox can atırdım, necə olsa, məktəb və universitet illərində haqqında ən çox oxuduğum və eşitiyim Cəlil Məmmədquluzadənin qızı idi. Yoldaşlıq etdiyim Əsəd müəllimin dediyinə görə isə, Münəvər xanım rusca danışmağa daha çox üstünlük verir, bu dildə danışanda bambaşqa adam olurdu. Təbii ki, mən bunun səbəbi ilə maraqlandım. “Sizi deyib gəlmişəm,” “Bizim obrozovannılar” kimi felyeton və məqalələrin, “Anamın kitabı” kimi pyesin müəllifi, “Molla Nəsrəddin” kimi bir jurnalın redaktoru olmuş Mirzə Cəlilin qızının rusca danışması sizə də təəccüblü gəlmirmi?
Əsəd müəllim sualıma gülüşlə cavab verdi və bunu dedi: “Münəvər xanıma mən də bu sualı verdim. Bilirsən nə dedi? Dedi ki, Əsəd, biz Tiflisdə yaşayanda mənim 7-8 yaşım var idi. Bir gün evə qaçıb atamdan uşaqlarla oynamaq üçün icazə istədim. Atam Əbdürrəhim bəy Haqverdiyevlə danışırdı. Mənim xahişimə çox acıqlandı. Rus dilində mənə belə dedi: “Sənə min dəfə deməmişəmmi ki, türkcə danışma? İndi get, cəza olaraq küncdə dayan.”
Mən ağladım, ancaq atamın sözündən də çıxa bilmədim. Gözlərimdən yaş axa-axa gedib otağın küncünə döndüm, dayandım. Əbdürrəhim bəy mənim halımı görüb mənim əlimdən tutdu, özünə doğru çəkdi. “Ay Mirzə, uşaqdır, yadından çıxdı, bir də danışmaz!…”-deyib məni cəzadan qurtardı.”
Bax, bu Mirzə Cəlilin qızına olan münasibəti idi. Durum bu qədər ağır və acımasız idi. Görün, nə qədər ağır idi ki, bunu rusca oxuyan ziyalılar belə duymuş, təlaş içində çıxış axtarmağa başlamışdılar.
Bunları niyə deyirəm? İstəyirəm ki, oxucu rus dilinin şüuraltımıza necə yerləşdirildiyini bilsin, bilgisi olsun. O ki qaldı sovet çağlarına, nə Müsavat dövründə, nə də sovet dövründə durum heç dəyişmədi. Bir faktı yada salım ki, Müsavat hökumətinin bütün sənədləri rus dilində idi.
Eyni durum bu gün də qismən davam edir. Hakimiyyəti təmsil edənlərin bir parçası rusca danışmağa üstünlük verir, rusca danışa bilməyənlər isə özünün “əskikliyini” uşaqlarını rusca oxutmaqla aradan qaldırmağa çalışırlar.
– Bəs, indi niyə rusçaya bu qədər üz tuturuq? Nə öncəki Çar Rusiyası var, nə də SSRİ. Ancaq biz hələ də rusqafalılıqdan çıxa bilməmişik…
– Bunda Rusiyanın təsiri də danılmazdır. Rusca təhsil alınmasını dəstəkləyir, başqa-başqa yollarla təşviq edirlər. Əhalisi ana dilindən qopmuş bir ölkənin top-tüfəngsiz ilhaq edildiyini inkar edən varmı? Rusiyanın nə işi var Azərbaycana qoşun yeritsin, ölsün, öldürsün? Onun kimi düşünən və onun kimi danışan biri onsuz da işğal və ilhaq edilmişdir.
Tarixdən gördüyümüz kimi, istər Çar Rusiyası dövründə, istər sovet dövründə ziyalılar, hamısı olmasa da bir parçası dilimizin yaşaması üçün özlərini irəli vermişlər, həbsdən, zülm görməkdən qorxmamışlar. Məsələn, yaxın tariximizdə Rəsul Rza, Mirzə İbrahimov, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi mübariz ziyalılar dilimizi qoruyurdular, dilimizin yaşaması üçün mübarizə aparırdılar. İndi onların, daha doğrusu, ziyalılığın yeri boş qalıb. Ona görə də rus dili meyillilər çəkinmədən, utanmadan meydanda at oynadırlar.
Bir də dili silib yox etmək üçün dini inancı, bağlılığı zəiflətmək gərəkdir ki, bunu da istədikləri kimi “çözmüşlər.” Keçmişimizdə, ədəbiyyatımızda bir yaxşı molla, axund, məşədi, kərbəlayı, hacı obrazı ilə qarşılaşmırsan. Bir nəfər ədalətli, sözün həqiqi mənasında xalqını ədalətlə, insafla yönəltən xan, bəy, padşah qarşımıza çıxmır. Bunun nəticəsində biz keçmişimizə, əcdadımıza, başqa sözlə, özümüzə nifrət edən bir xalq halına düşmüşük.
Bir də bu günkü görüntüyə baxın. Bu günümüz dünənkindən daha acınacaqlıdır. Bu gün güya milli təəssübü önə çıxarıb Allaha qarşı ən böyük ədəbsizliklər edilir. Bizim intiligentləri, həm də dindar və millətçi intiligentləri dindirməyinə peşiman olursan. İlk hədəfləri ərəblərdir. Ağzı olan ərəbləri söyür, təhqir edir. Bu müsəlman intiligentlər unudur ki, Quran Ərəb dilində yazılmışdır və ərəb olan peyğəmbərə endirilmişdir. Bu seçimi edən isə sən, mən deyil, Uca Allahdır. İslamı ilk qəbul edənlər, yayanlar, Əhl-i Beyt, səhabələr hamısı ərəbdir. Bu gün hər hansı bir ərəbin, ya da ərəblərdən qurulmuş dövlətlərin bəzisində İslami həyat yaşanmaya bilər. Bu o fərdlərin, qrupların, toplumların xətasıdır, İslamla bağlılığı yoxdur. Bir də ərəbi təhqir edərkən bir də dönüb özünə də baxmalısan. Sən özün nə qədər İslamı yaşayırsan? İslamı bir tərəfə qoyaq, sən özün türklüyü, azərbaycanlılığı nə qədər yaşayırsan? Bir qırağa çəkil, yaşadığın həyata bax: nə toyun milli dəyərləri var, nə yasın; nə məişətində millilik qalıb, nə gündəlik yaşamında.
– Yeri gəlmişkən, biz çox ziyalılarımız İslamı indiki dövrə uyğunlaşdırmağı təklif edirlər. Bu düşüncəyə münasibətinizi bilmək maraqlı olardı.
– Allahın buyuruqlarına düzəliş etməyin adı KAFİRLİKDİR. Mən belələrini Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin təqdim etdiyi obrazların çağdaş versiyası kimi qəbul edirəm. Savadlı olmaq başqadır, ziyalı olmaq başqadır. Bizim insanların bir qismi savadlıdır, ancaq ziyalılıqdan çox uzaqdır. Faciə isə belələrinin özlərini ziyalı sayması və insanlara yol göstərmək iddiasına düşməsidir. Millətin əsil faciəsi də elə budur. Bu gün qırağa çəkilib bizim ziyalı iddiası ilə yaşayan savadlılara baxanda Mirzə Cəlilin “Dəli yığıncağı”ndan baqa heç nə görmürsən. Faciənin obrazlarından biri Həmzad Qurban kimi “Niyә mәnim xoruzum yoxdu? Niyә hamının xoruzu var, mәnim xoruzum yoxdu?” deyib xalqımıza ağla gələn-gəlməyən hər şeyi istinad edirlər, Allaha düzəliş etməkdən belə qorxmurlar. Allaha dərs vermək istəyən, Allaha redaktorluq etmək istəyən insanlardan dil kimi bir dəyəri qoruyacaqlarını gözləmək ilğımda su aramaq kimi anlamsız bir işdir.
– Sizcə, öz milli kimliyindən, dilindən imtina etməklə müstəqil, demokratik dövlət qurmaq olarmı?
– Mən hələ tarixdə öz dilindən imtina edən bir xalqın öz varlığını davam etdirməsini görməmişəm. Öz dilini xor görən, öz ana dilində oxumağı xor görən, özünü tanımayan, özündən uzaqlaşıb özünü yadların qucağına atan bir xalq necə dövlət qura, dövləti yaşada bilər? Bu ola bilərmi?
Bunu xalqın sıradan nümayəndələri anlamaya bilər, ya da vaxtında anlamaya bilər, ancaq bu xalqı yönətənlərin belə bir dərdi yoxdursa, o zaman dəsmal götürüb ağlamaqdan başqa yolumuz yoxdur.
Çoxmu qatı oldu cümlələrim, sözlərim? Bilirsiz niyə bu sualı verdim? Çünki dildən danışanda çox sərt olduğumu deyirlər və düz deyirlər. Söhbət dilimizdən, başqa sözlə, varlığımızdan gedirsə, burada nə qədər tünd rəng vursan, yaranın özündən tünd olmayacaqdır. Dilimiz varlığımızdır. Dinimiz varlığımızdır. Bu iki ünsürdən hər hansı birinə təcavüz et, çək, çıxart, yerində varlıq deyə bir şey qalmayacaqdır.
Tünd olan varsa, o da bizim adamların ikiüzlülüyü, riyakarlığı, mənsub olduqları xalqa, millətə, dəyərlərə xəyanətlərini ziyalılıqla ört-basdır etmək çalışmalarıdır. Sual verirsən ki, biz müstəqil dövlətik, dövlət sənədləri Azərbaycan dilində aparılır. Niyə uşaqlarını rusca oxudursan?
Cavab şablon cümlələrdir: İstəyirəm ki, uşaq dil öyrənsin.
Yalan deyirlər. Uşağını öz kökündən qoparmaq, öz keçmişinə, ədəbiyyatlna yadlaşdırmaq bahasına dil öyrədəcəksənsə, batsın o dil də, o ziyalılıq da. Bu uşaqların uşaqları, yəni ikinci nəsil özləri kimi rusdillilərlə, ingilisdililərlə ailə quracaqlar və üçüncü nəsil artıq bizdən olmayacaq. Əgər valideynlər düşünürlərsə ki, bununla uşaqlarının gələcəyini maddi baxımdan təmin edəcəklər, onları yüksək vəzifələrə yerləşdirib özləri də keyf edəcəklər, bunu zənn etmirəm. Allah öz yaratdığı qullarının ona üsyan bayrağı açmasını ağır cəzalandırır. İnanmırsınız, ətrafa baxın, tanışlarınızı yada salın. Zahirdə nə cür görünürlər, bilmirəm, ancaq bir az içəriyə getdikdə onların heç birinin xoşbəxt olduğunu görə bilməyəcəksiniz. Çünki yaradılış qanununa qarşı olan heç bir şeydə yaxşılıq yoxdur, olmayıb, olmayacaq.
– Bəs, çıxış yolunu nədə görürsünüz?
– Çarə nədir? Bu qədər danışdıqdan sonra başlıca suala cavab verməliyik. Milli məsələ sənin, mənim özəl məsələm deyildir. Bu, ümummilli məsələdir. Bu dövlət məsələsidir. Biz bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirəcəyik. Çox istərdim ki, Prezident dilimizin, bu gün can verməkdə olan dilimizin yenidən ayağa qalxa bilməsi üçün qəti addım atsın, idarə, müəssisə və qurumlarda ruscanın, ingilizcənin, bir sözlə, xarici dillərin işlədilməsini cinayət kateqoriyasına salsın. Mən bu gün tarix muzeyindən nəyisə götürüb mənimsəsəm, haqlı olaraq cinayət məsuliyyətinə cəlb edilərəm. Məgər dilimiz, varlığımızın əsası olan dilimizin yox edilməsi o bir əşyadan qat-qat ucuzdurmu ki, ona qarşı bu qədər laqeydik?
Yarızarafat, yarıciddi bir söz deyim, bununla da sözlərimə sonlaşdırım. Bizim adamların bir qismi Darvinin nəzəriyyəsindəki kimidirlər. Yuxarıya baxır, onları təqlid edərək yaşayırlar. Həm də çox yaxşı yaşayırlar. Yuxarıda dilimizə qarşı ciddi münasibət görsələr, bir anasının oğlu ağzını açıb yad dildə danışmaz. Uzun sözün qısası, bu dərdin çarəsi Prezidentə qalıb. Ya bu xalqı bir xalq olaraq yaşadacaq, ya da adı azərbaycanlı, özü vineqret bir xalqa çevrilməsinə göz yumacaqdır.
Mən alternativin birinci tərəfinə ümid bəsləyirəm.