Dövlət Komissiyası: Ermənilər Qaradağlıda 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb

“Ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində 57 nəfəri qətlə yetirib, 39 nəfər itkin düşüb”.

Azərbaycan Müjdələri redaksiyası bildirir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, 17 fevral 1992-ci il tarixdə milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın başçılığı ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib.

İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilmişdir. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər. Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalmış, onlara qarşı aşkar soyqırım həyata keçirilmiş, etnik təmizləmə aparılıb.

Soyqırım zamanı qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməmişdir. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilmişdir.

İndi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Xocavənd rayonu, Qaradağlı kəndi işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır. Onlardan 33 nəfər kişi, 5 nəfər uşaq (oğlan), 1 nəfər isə qadındır. Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə sonradan azad olunub.

Qaradağlı Soyqırımı

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. Növbəti hədəf Qaradağlı idi. Kənddə durum getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.

1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, özəlliklə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak oldu. Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürüldülər və onların növbəti məşəqqətləri başlandı.

Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər bilinmir.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Əsir götürülənlərdən toplam 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub.

Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.

İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və başqa obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir…” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. Kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il keçir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir