Ərdoğan: ABŞ-ın Suriyaya Yığdığı Silahlar Rusiya və İrana Qarşı İstifadə Ediləcək

“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Respublikasının prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Təyyub Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırdırlar: “Ancaq hazır məhsul almaq sahəsində əsla əməkdaşlıq etməyəcəyik”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin torpaqlarının bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərə cavab vermək hər bir vətəndaşın borcudur: “Ölkəmizdən xaricdə heç bir güc bizi hədələyə bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir milləti olduğumuzu sübut etmişik. İndi kimin tayfa, kimin millət olduğunu hamı görür. Biz səbirli bir millət və dövlətik. Son iki yüzilliyi fədakarlıqla keçirdik. 5 milyon kvadrat km. sahəlik vətənimizdən diplomatik danışıqlarla cəmi 780 min kvadrat km. qalıb. İndi bəziləri onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Bizə o qədər çox basqı göstərdilər ki, sonunda yatan divi oyatdılar. Hər kəs bilsin ki, yatmış div oyaqdır”.

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatına toxunan dövlət başçısı bildirib ki, əməliyyatlar Afrin, İdlib, Minbicdə davam edəcək: “Bizdən soruşurlar ki, əməliyyatları nə zaman başa çatdıracaqsınız? Onlara cavabımız belədir: Siz İraqda, Əfqanıstanda əməliyyatları nə vaxt bitirəcəksiniz? Siz həmin ölkələrin heç biri ilə qonşu deyilsiniz. Belə olan halda, oralarda nə işiniz var? Bizim yüzə yaxın şəhidimiz var. Sayğıdəyər Barak Obama bizimlə doğru danışmadı, sayğılı Donald Tramp da onun yolu ilə gedir. Siz ora terrorçu PKK-nı gətirdiniz. Biz isə oralara həmin torpaqların əsl sahiblərini gətirəcəyik. Ora 5 min TIR-la dolu silah-sursat göndərmisiniz. Axı İŞİD-ə qarşı mübarizə bitdi deyirsiniz. O zaman bölgədə nə işiniz var? Deməli, siz Türkiyə, İran və Rusiya ilə haqq-hesab çəkmək istəyirsiniz. Biz öz yerimizdə dimdik durmuşuq. Bu silahlardan İran və Rusiyaya qarşı istifadə ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir