AMEA: Orfoqrafiya Qaydalarının Sayı Artırıla Bilər

“Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsindəki qaydaların sayı artırıla bilər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq bölməsinin aparıcı elmi işçisi, İnstitutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsinin müzakirəsi ilə bağlı keçirdiyi toplantıda deyib.

O bildirib ki, “Azərbaycan dilinin Orfoqrafiya qaydaları” layihəsi ictimaiyyətə təqdim ediləndən sonra geniş danışıqlara gətirib çıxarıb: “İşçi Qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq, bütün təkliflərə obyektiv yanaşırlar. Bütün təkliflər pasportlaşdırılacaq. Təkliflərin içində çox dəyərliləri var. Onların üzərində işlənilir, ola bilsin ki, layihədəki təkliflərin sayı artsın. Həmin təkliflər seçilərək danışıqlara təqdim olunacaq. Bəlkə də qaydaların sayı 80-ə qaldırıldı. İşçi Qrupu layihə üzərində çox ciddi işləyir. Bütün yazılara ayrı-ayrı baxılır”.

İşçi Qrupunun üzvü vurğulayıb ki, orfoqrafiya yalnız bir şəkilçi, bir işarədən ibarət deyil, çox ciddi məsələdir: “Orfoqrafiya dilin yox, dilçiliyin problemidir. Dilin müzakirəsi ilə qaydaların müzakirəsi fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyinə ehtiyac var. Bizim üçün dil məsələsi hər şeydən önəmlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir