“Ermənilər uşaq, qadın və qoca arasında fərq qoymadan işgəncə verirdilər. Əvvəl məni döyüb yerə yıxdılar, sonra əlimin üzərinə çıxıb barmaqlarımı qırdılar. Daha sonra isə kəlbətinlə dırnaqlarımı çıxarıb, dişlərimi qırdılar”.
Azərbaycan Müjdələri redaksiyası bildirir ki, bu sözləri “Report” informasiya agentliyinə açıqlamasında Xocalı Soyqırımı zamanı iyirmi yeddi gün erməni əsirliyində olan Valeh Hüseynov deyib.
O, böyüyüb boya-başa çatdığı Xocalı rayonu ilə bağlı xatirələrini bölüşüb. Rayonun təbiətinin əsrarəngizliyindən söz açan müsahibim bildirib ki, bu ərazi onun xatirələrində uşaqlıq və gənclik illəri kimi qalıb:
“Təbiətini və orada keçən gözəl günlərimi heç vaxt unuda bilmərəm. Xocalının iki tərəfindən çay axırdı. Təbii bulaqları, dağları, gözəl bağları var idi. Burada insanlar kənd təsərrüfatı və maldarlıqla məşğul olurdu. Xocalıda bitən kartof, pomidor, kələm kimi kənd təsərrüfatı məhsulları Xankəndi, Ağdam, Şuşa, hətta Laçında bazarlara çıxarılırdı. Həmin məhsullar həmişə öz dadı və keyfiyyəti ilə seçilirdi”.
V.Hüseynov açıqlamasında 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı Soyqırımının yaşandığı anlardan da danışıb: “Xocalı 1988-ci ildən 1992-ci ilədək düz dörd il mühasirədə qaldı. Bura bir qədər yaxın Cəmilli, Kosalar, Kərkicahan, Quşçular, Malıbəyli kimi kəndlər yandırıldıqca növbənin Xocalıya çatdığını hiss edirdik. O zamankı ölkə rəhbərliyinə təhlükə barədə nə qədər xəbər etsək, kömək istəsək də, onlardan səs-soraq çıxmadı. Ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücuma keçdilər. Onlar bu zaman ağır hərbi texnika ilə silahlanaraq əliyalın xalqın üzərinə yeridilər. Ermənilər Xocalıya hər bir cığırdan hücuma keçmişdilər. Bu zaman küçə döyüşləri başladı. Xocalı camaatı kiçik dəstələr yaradıb ov tüfəngi və digər yüngül silahlarla silahlanaraq erməni yaraqlılarına qarşı qəhrəmancasına döyüşürdü. Qadınlar da kişilərə köməklik göstərirdi. Təsəvvür edin ki, biz bu kiçik silahlarla tank, BMP, zirehli texnikalar və minamyotlara qarşı vuruşurduq”.
V.Hüseynov vurğulayıb ki, qeyri-bərabər döyüşdə Xocalıdan çıxmaqdan başqa çarələri qalmayıb. Ona görə də Kətik meşəsinə sarı üz tutublar və Tərtər çayı ilə Qarqar çayının kəsişdiyi yerdən keçməli olublar: “Biz cavanlar oradan qadınları, uşaqları, yaşlıları keçirmək məcburiyyətində idik. 23 yaşım vardı və 4 ay idi ki, ailə həyatı qurmuşdum. Həyat yoldaşım Səadətlə birlikdə o qarlı, şaxtalı havada Kətik meşəsinə çatdıq. Meşənin yolları o qədər çətin, o qədər enişli-yoxuşlu idi ki, qar yağması bu çətinliyi daha da artırmışdı. Burada bir çox insan donaraq, digərləri isə erməni gülləsinə tuş gələrək həlak oldu. Ermənilər qaçarkən Kətik meşəsindən keçəcəyimizi bildikləri üçün buranı mütəmadi atəş altında saxlayırdılar. Səhərə qədər dayanmadan yeridik, Əskərana çatanda ermənilər bizi zirehli maşınlarla qarşıladılar və bizi atəşə tutdular. Qadın, qoca, uşaq demədən hər kəsi güllələdilər. Xocalı aeroportunun komandiri Əlif Hacıyev də orada vurulmuşdu”.
Əsir düşdüyü anlardan söz açan müsahibim bildirib ki, həmin vaxt həyatının ən çətin anlarını yaşayıb: “Qaçarkən yerdə az sayda sağ qalanlar da pərən-pərən düşdülər. Həmin vaxt biz atəş nöqtələrini öyrənmək üçün ayrıldıq ki, qadınlar və uşaqların sağ qurtulması üçün ermənilərin qarşısını kəsək. Həyat yoldaşım Səadəti də digər qadın və uşaqlarla birgə Əskərandan yola saldım. Ağdamın Şelli kəndinə çatmağımıza az qalmışdı ki, Səadəti xəbər aldım. Dedilər ki, Səadət orada qalıb gələ bilməyib. Onu gətirmək üçün yenidən geri qayıtmalı oldum. Səadət 12 nəfər qadın və uşaqla bir yerdə bir dərədə gizlənmişdi. Qayıdarkən yerimək üçün heç birində taqət qalmamışdı. Qaraqaya kəndinə çatmağa az qalmışdı ki, 4 tərəfdən mühasirə altına alındıq. Səadət erməni gülləsinin qurbanı oldu. Onu qoyub getmək istəmədim, elə orada da əsir düşdüm”.
V.Hüseynov həmçinin erməni əsirliyində məruz qaldığı işgəncələrə də toxunub. O, həmin vaxt yaşadığı ağrı-acılı günlərlə bağlı xatirələrini bölüşüb. 27 gün əsirlikdə qaldığını xatırladan müsahibim söyləyib ki, həmin günlərin hər anı əzab-əziyyətlə və olmazın işgəncələri ilə keçib:
“Uşaq, qadın, qoca ayırd etmədən işgəncə verirdilər. İlk əvvəl məni döyüb yerə yıxdılar. Daha sonra əlimin üzərinə çıxıb barmaqlarımı qırdılar. Kəlbətinlə dırnaqlarımı çıxarıb, dişlərimi qırdılar. Daha sonra yenidən məni döyəndə odun sobasının üstünə yıxıldım. Yerə aşan qaynar sonbanı qırılmış əllərimlə yenidən düzəltməyə məcbur etdilər. Əlim yanmasın deyə əynimdən çıxarmağa çalışdığım cırılmış köynəkdən istifadə etmək istədiyimi görəndə imkan vermədilər və əlimi sobaya yapışdırdılar. Əllərim o qədər pis yanmışdı ki, sərinləməsi üçün divardakı soyuq dəmirdən tutdum.Buan əllərim dəmirə yapışdı. Bunu görən ermənilər ayaqlarımdan özlərinə sarı dartanda əllərimin dərisi buz tutmuş dəmir boruya yapışıb qaldı. Məni avtomatın qundağı ilə o qədər döymüşdülər ki, qan qusurdum. Soyuqdan qan donaraq ağzımı bağlamışdı. Ermənilər mənə dedilər ki, “it ölür, sən ölmürsən” sən necə adamsan?! Həmin dəhşətli ağrıları sanki bu gün də yaşayıram. Sonuncu işgəncələri isə gözlərimə sıxdıqları maye idi. Onun nəticəsidir ki, sol gözüm görmə qabiliyyətini itirib”.
Müsahibim həmçinin erməni əsirliyindən necə xilas olması ilə bağlı suallarımızı da cavablandırıb: “Bir gecə mənə dedilər ki, sabah sənin ətini, qulağını kəsib, özünə yedirdəcəyik, gözlərini çıxardacağıq, burnunu kəsəcəyik. Hərdən bir bizi yoxlamaq üçün həkim gəlirdi. Bunu sadəcə gözdən pərdə asmaq, guya humanist olmaları ilə bağlı görüntü yaratmaq üçün edirdilər. Bu zaman bizim üçün gətirilən dərmanlardan bir ovuc içərək bu əzablara özüm son vermək istədim. Lakin o qədər qan qusmuşdum ki, dərmanları uda bilmədim. Qorxudan səhərə qədər saçlarım ağarmışdı.
Günorta saatları idi, saxlanıldığımız otağın qapısı açıldı. Vitali Balasanyan və yanında bir neçə erməni əsgəri içəri daxil oldu. Şəklimi mənə göstərdilər ki, bu sənsənmi? Dedim mənəm. Mənlə əlaqəli bir neçə dənə də sual verib getdilər. Axşamçağı geri gəlib mənim üz-gözümün qanını təmizləyib, əynimə əsgər paltarı geyindirdilər. Aparıb bir maşına mindirdilər. Maşında arxandan biri səsləndi ki, sən Valehsən? Danışığından azərbaycanlı olduğunu anladım. Həmin adam Milli Qəhrəman Allahverdi Bağırovun döyüş yoldaşı Zahid Qarayev idi. Məni əsirlikdə olan 3 erməni ilə dəyişmişdilər. Beləcə 27 gün cəhənnəm əzabı gördüyüm əsirlikdən azad oldum”.
Qeyd edək ki, Hüseynov Valeh Sahib oğlu 1968-ci ildə Xocalıda anadan olub. O, orta məktəbi burada oxuyub və burada da boya-başa çatıb.