Xəyal Məmmədov: Poeziya və musiqiyə bağlılıq ixtisasıma maneə yaratmır

Azərbaycan Müjdələri ixtisasca hüquqşünas olan və eyni zamanda yazıçı, şair, bəstəkar-müğənni kimi bir neçə sahədə öz sözünü demiş Xəyal Məmmədov ilə müsahibəni yayımlayır.

İnsanın ruhu onun “vizit kartı”dır desəm yanılmaram. Ruhsal insan fərqlidi. Onun öz dünyası, öz aləmi var.

Əbu Turxanın gözəl bir kəlamı var. Deyir ki,” Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər.”

Mənim müsahibim də bütün bu özəllikləri ruhuna cəmləyib. O ruhun işığında yola çıxıb. Elə bir yola ki, o yolda əbədiyyətə kimi mizanı qaydada saxlamaq çox önəmlidir. O da bunu gözə alaraq, yola çıxıb…

O çox fərqlidir. Onun dünyasında kin yox, yalan yox, iftira yox…Onun dünyası pakdır…Onun dünyası başqa bir aləmdir.

– Xoş gördük, Xəyal bəy. Müsahiblərimizə verdiyimiz ənənəvi sualı sizə də verək: Hamının bəstəkar-şair kimi tanıdığı Xəyal Məmmədov kimdir?

– Mən Naxçıvan Muxtar Respublikasında ziyallı ailəsində anadan olmuşam.

Bakıda boya başa çatmışam. Orta məktəbi Bakıda oxumuşam. Onu da qeyd edim ki, rus bölməsində oxumuşam. Ali təhsilimi Volqoqrad Dövlət Universitetininin hüquq fakültəsində almışam.

Həyat fəaliyyətim çoxşaxəli olduğu üçün sadəcə şairliklə sabit deyil, fərqli məşğul olduğum sahələrdən də tanıyırlar məni.

Sadəcə burada uzun-uzadı təfərrüata varmaq istəmirəm.

– Oxucularının, dinləyicilərinin, pərəstişkarlarının tanımadığı Xəyalı təqdim edək?

Əlbəttə, buyurun edək… (Gülümsəyir)

-Sizi ilk dəfə “Bir fincan qəhvə” şeirinizlə tanımışam. Bu şeiri təkrar-təkrar dinləmişəm…
Hər misrasında həm sual, həm şikayət sezilən şeir necə doğdu? Niyə məhz “bir fincan qəhvə”?

Xəyal Məmmədov və Çimnaz Sultanova – Bir fincan qəhvə (A cup of coffee)

– “Bir fincan qəhvə” şeirim məni tanımağınıza vəsilə olduğu üçün nə xoş mənə.

Təkrar-təkrar şeirimi dinlədiyiniz üçün ayrıca minnətdaram.

Şeirimin misralarını çox gözəl təhlil etmisiniz. Bəli, həmin şeirimdə duyğu dolu mesajlar var.

Adının “Bir fincan qəhvə” olmasına gəldikdə isə, araşdırmalarıma əsasən Azərbaycanda elə adda bir poetik layihə olmadığını gördüm və yeniliyə imza atmağa qərar verdim.

Qəhvə məna yüklü bir içkidir. Həyatda onu iç-içə tərəflərini qələmə aldım.

– Şeirlərinizdə qəribə bir hüzn olur. Bədbinlik daha çoxdu desəm yanılmaram. Sizcə elədir, yoxsa mənə elə gəlir...

– Əgər 10 il bundan qabaq yaradıcılığımla tanış olub, bu sualı versəydiniz, o zaman sizə haqq verərdim. Artıq neçə ildir ki, yaradıcılığımla bağlı üslubumu dəyişmişəm.

Musiqilərimdə və şeirlərimdəki hüznü mümkün qədər xəfiflətmişəm. Yaradıcılığımı daha beynəlxalq səviyyəyə qaldırmağa çalışıram. Əgər diqqət etsəniz yaradıcılığımda beynəlxalq duet layihələrim çoxluq təşkil edir.

O ki, qaldı bədinliyə, o abı-hava mənim altı albomumda vardı, məhz ona görə də internetdə həmin albomlarımın yayımını dayandırdım.

Baxmayaraq ki, həmin şeirlərimlə sevilib tanınmışam. Artıq istəyirəm məni dinləyən insan, əsərin dərin anlamına köklənsin, qəmə-kədərə deyil…

– İxtisasca hüquqşünas Xəyal bəy nədən bu qədər poeziyaya, musiqiyə bağlıdı? Bunun genetik yönü ola bilərmi? Yoxsa…

– Poeziya və musiqiyə bağlılıq mənim məktəb illərimə təsadüf edir. İxtisasıma da heç bir maneələr yaratmır. Zatən ixtisasımla bağlı bir xeyli vaxt yaradıcılığıma ara vermişdim. Sadəcə asudə vaxtlarımda yaradıcılığımla məşğul oluram.

O ki qaldı, genetikaya, mənim dəyərli anam İncəsənət Universitetinin Mədəni Maarif fakultəsini bitirib. Babam isə nəfəs alətləri ifaçısı olub.

Qardaşım Kamal (Forever) özüdə ixtisasca hüquqşünasdır. Peşəsiylə yanaşı asudə vaxtlarında o da yaradıcılıqla məşğul olur. Elə mənim yaradıcılığıma başladığım ilk gündən bu günə kimi aranjiman və klip çəkilişlərində qardaşım öz müstəsna köməyini məndən əsigərmir.

– Həyatınızda heç vaxt unudulması mümkün olmayan bir sevgi yaşamısınızmı?

– Bu sualınıza cavabım lakonik olacaq. Çünki, hələ elə bir unudulması mümkün olmayan bir sevgi yaşamamışam.

– Dünya və milli ədəbiyyatımızda ən çox sevdiyiniz şair və yazarlar kimlərdir?

– Milli ədəbiyyatımızın banilərinin ruhlarını sayğı ilə anıram. Mən məsələyə bu “ən çox” prizmasından yanaşmıram. Çünki, heç birini bir-birindən ayırmıram. Dünya ədəbiyyatına gəldikdə isə, hal-hazırda Orxan Pamukun-“Məsumiyyət muzeyi “əsərini böyük şövqlə oxuyub bitirmək üzrəyəm.

– Fransada yaşayan soydaşımız, vokal ifaçısı Təranə xanım Allahverdiyeva- Monbarbü ilə tanışlığınız necə oldu?

– Təranə xanımla ilk dəfə qiyabi olaraq virtuallda tanış olduq. Daha sonra Azərbaycana bir neçə günlük səfəri zamanı əyani görüşdük.

Məni onun sənəti ilə yanaşı, xanım əfəndiliyi diqqətimi çəkdi. Çünki, mən mənəviyyata mühim dərəcədə önəm verirəm. Əgər elə olmasaydı, indi çoxdan Azərbaycanın dırnaqarası şou-biznesin qadın ifaçıları ilə silsilə duetlərim olardı.

– Necə oldu “Ümid işığı” layihənizi ortaq işləməyə qərar verdiniz? Bu layihəylə bağlı geniş danışardınız. 

– Təvazökarlıqdan uzaqda olsa vurğulayım ki, mənim ölkə xaricində müğənni və musiqiçilərlə əlaqəm genişdir. Məhz Türkiyədən onlardan biri də “Terminal Yapım” musiqi qrupudur.

Xüsusi bəyəndiyim ifa etdikləri bir musiqi parçası oldu. Bu haqda həmin heyətdən Caner bəylə danışdıq. Sağ olsun ideyamı bəyəndi və dəstəklədi.

Göndərmiş olduğu musiqinin üzərinə öncəliklə nəqarətin sözlərini yazmağa başladım. Şeir hissəsini də tamamladım və “Ümid işığı” adlandırdım.

Daha sonra tərəf müqabilim olan Təranə xanıma təqdim etdim. O da sağ olsun, çox gözəl oxudu. Beləcə, “Ümid işığı” layihəmizin ərsəyə gəlməsi bir neçə ay çəkdi. Ancaq əziyyətimiz getmədi, gözəl bir əsər ortaya qoya bildik.

Xəyal Məmmədov və Təranə Allahverdiyeva – Ümid İşığı (Light of Hope)

– “Bir ümid işığı qoy gedərkən”-deyirsiniz “Ümid işığı” şeirinizdə. Bu əsər kiməsə ithaf olunub, yoxsa sadəcə xəyallara müraciətdir?

– Sırf tək kiməsə ithaf etməmişəm. Buna görə də, ünvanlı saymaq olmaz. Amma keçmişdən müəyyən zərrələr heç şübhəsizki, var…

– Elə bir qadın varmı ki, sizi tərk etsə, gedişi sizi acıdar və ona pıçıltıyla bu sözləri deyərsiniz:
“Nə qədər gec deyil, qayıt gəl!”

– Bəlkə də nə zamansa o sözü mənə dedirdəcək biri olacaq. Ancaq xasiyyətimə əsaslanaraq bunu deyə bilərəm ki, mən gedəni nə saxlayanam, nə də gözləyənəm…

Qaynaq: Xalidə Xalid (İnform.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir