“Azərbaycanlı jurnalist Fuad Abbasovun sabah – mayın 31-də guya Rusiya ərazisindən deportasiya olunacağı barədə xəbərin heç bir əsası yoxdur”.
Bunu Mujde.az -a jurnalistin vəkili Teyub Şərifov müvəkkilinin deportasiyasına dair dərc olunan xəbəri şərh edərkən bildirib.
Vəkil müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə bunun mümkün olmadığına dair aidiyyəti qurumlara müvafiq qaydada sənədləri təqdim etdiyini deyib: “Bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Korolyov şəhəri üzrə idarəsinin Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə baş çəkərkən Fuad Abbasovun deportasiya olunmasına dair Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin müvafiq qərarının qanuni qüvvəyə minnməsi, artıq Azərbaycana təyyarə biletinin də alınması əsas gətirməklə mayın 31-də onu, həqiqətən də, göndərməyə hazırlaşdıqlarına şahid oldum. Lakin biletlərin kim tərəfindən alındığı barədə verdiyim sual Mərkəz rəhbərliyi tərəfindən cavabsız qaldı. Həmçinin Ximki Şəhər Məhkəməsinin 16 may tarixli sözügedən qərarına verdiyimiz şikayətin Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyası tərəfindən iyun ayının 6-da baxılacaq”.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.Mujde.az