“Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş kommissiya uşaq tibb müəssisələrində, doğum evlərində, uşaq xəstəxanalarında, poliklinikalarda monitorinqlər keçirir. Əsas məqsəd uşaqların düzgün qidalanmasının yoxlanılmasıdır”.
Mujde.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında K.Y.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya Institunun direktoru Nəsib Quliyev deyib.
Baş pediatr bildirib ki, 2003-cü ildə Azərbaycanda körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanun qəbul edilib: “Yoxlamalar qanunun xidmət sahəsində nə dərəcədə yerinə yetirilməsini və insanların buna nə dərəcədə riayət etməsini öyrənmək, eyni zamanda ana südü ilə qidalanan uşaqlarının sayının artırılması məqsədini daşıyır. Əsas məqsədimiz odur ki, dünyaya gələn uşaqların ən azı 95-98 faizi ana südü ilə qidalanması təmin edilsin”.
N.Quliyev deyib ki, uşaqlara süni qidanın verilməsi üçün tibbi göstəriş olmalıdır: “Elm və təcrübə ilə sübut olunub ki, 98 faiz ana övladını öz südü ilə qidalandırmağa qadirdir. Yalnız iki faiz analar tibbi göstəriş olan zaman övladlarına süni qida verə bilər. Amma təəssüf ki, bəzi hallarda əsas olmadan süni qida verilməsinin şahidi oluruq. Uşaq həkimi olaraq bu faktla üz- üzə qalırıq. Uşaq ana südündən məhrum edilir, üstündən uzun müddət keçəndən sonra məlum olur və biz məcbur oluruq ki, uşağa sənaye südü ilə hazırlanmış süni qida təyin edək. Yaxşı uşaq həkimi heç vaxt əsassız halda süni qida təyin etməz. Təəssüf ki, anaların, bəzən isə həkimlərin belə nöqsanları ilə qarşılaşırıq. Ona görə də, monitorinq keçiririk ki, çatışmazlığı aşkarlayıb aradan qaldıraq”.