Ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.
Mujde.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.
Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ölkə Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.
Tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, çəkişmə prinsipinə dönmədən əməl olunması, ədalətli qərarların qəbul edilməsi, həbsin yalnız müstəsna hallarda seçilməsinə diqqətin artırılması, təqsirsizlik prezumpsiyasının daim təmin olunması üzrə əlavə tədbirlər müzakirə edilib.