Şagirdlərin Həyatında İdman

İdman uşaq və yeniyetmələrin tərbiyəsində gözəl bir məktəbdir.İdman insana qarışıq maraqların dar çərçivəsindən çıxmağa kömək edir.O, uşaqların daxili aləmini də zənginləşdirir-nəinki, fiziki inkişafa, həmçinin mənəvi inkişafa da yol açır, onlara ətraf mühitlə normal münasibətlər yaratmağa kömək edir.İdmanla mütəmadi məşğul olma yeniyetmə və gənclərdə  sağlam tələbatın formalaşması üçün vacibdir.

İdman şagirdlərin həyatında hansı rola malikdir? Uşaqları idman bölmələrinə yazdırarkən, onların hansı keyfiyyət və cəhətləri nəzərə alınmalıdır, uşaqlar üçün idman bölmələrini necə seçməli, bu kimi suala Gəncə şəhər Futbol Təmayüllü İnternat Tipli Gimnaziyanın direktoru, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Respublikanın Fəxri Bədən Tərbiyəsi və Fəxri İdman işçisi Mehman Allahverdiyev cavab verir.

        R.Z.-Mehman müəllim,uşaqların həyatında idman nədir?

        M.A.-İdman hərəkət, uşaqların fəal həyat tərzi,iradənin möhkəmləndirilməsidir.İdmanın yeniyetmələrin həyatında rolu böyükdür.Bu barədə kitablar yazılır,filmlər çəkilir.Bununla belə, insanların çoxu idmanın onların uşaqlarının həyatında oynadığı rolu qiymətləndirmir, çox vaxt heç idmanın uşaqların həyatında rolunun məhz  nədən ibarət olduğunu belə bilmirlər. İdmanla məşğul olan uşaqlar tez inkişaf edir, sağlam olur, az xəstələnir, iradəcə möhkəm olurlar.İdman onları yaxşı tərəfə dəyişdirir.Bu isə müasir həyatda çox vacibdir.

İdmanla məşğul olmaq –intizamlı olmaq deməkdir.İdmanda qarşılaşdığı çətinliklər, qazanılan uğurlar uşaqlara həyatda məqsədli olmağı və bu məqsədlərə çatmaq üçün mübarizə aparmağı öyrədir. Gənc idmançıların yaxşı dostları da çoxdur.Yaxşı-sağlam mühit isə yeniyetmə və gəncləri gözəl keyfiyyətlərə malik insanlar kimi yetişdirir.Bu isə onlara həyatda və təhsildə uğur qazanmaq üçün stimul verir.

R.Z.-Sizcə, idmanın hansısa növü ilə məşğul olmaq üçün kimin seçimi daha önəmlidir, valideynin, yoxsa uşaqların?

      M.A.-İdmanda ən başlıcası inkişafda olan orqanizmə verilən xeyir  və alınan sevincdir.Bu barədə müxtəlif fikirlər mövcuddur. Ən əsası uşağın idmana və ya hansısa idman növünə olan marağıdır.Burada uşaqların da, valideynlərin də fikirləri müxtəlif, ya da ki, fikirlər, istəklər uyğun ola bilər. Eyni zamanda uşaqların sağlamlığının vəziyyəti , fiziologiyası, psixoloji durumu, idman növünə olan fərdi yanaşması da bu işdə böyük rol oynayır.Böyüklər öz uşaqlarını yaxşı tanıyır, məhz nə ilə maraqlandığını, nəyə həvəsləri olduğunu gözəl bilirlər.Onların bədən quruluşu, qəddi-qaməti nəyə imkan verirsə, ondan da başlamaq lazımdır.Məsələn, sakit uşaqlara şahmat, yoqa, gimnastika ilə, yaxud uzunboylu uşaqlara basketbol ilə  məşğul  olmaq daha yararlı olardı.Lakin, bu heç də o demək deyildir ki, o güləş, boks, karate və s. idman növü ilə də məşğul ola bilməz. Məsələn, bizim Gimnaziyanın futbol komandalarının üzvlərinin böyük əksəriyyəti məhz xasiyyətcə çox dəcəl uşaqlardır, amma  futbola necə maraq göstərirlər, hansı uğurlar qazanırlar.Digər xasiyyətli, yaxud müxtəlif bədən quruluşuna malik yeniyetmələr haqqında da eyni cür fikirlər yürütmək olar. Bununla belə, uşaqların fərdi keyfiyyətlərini və əksər hallarda idmanın digər növlərinə olan həvəsini də nəzərə almaq çox vacibdir.

     R.Z.-Məsələn hansıları?

     M.A.-Məsələn, bir çox uşaqlar komanda şəklində olan oyunlara, məsələn, futbola, həvəs göstərmirlər. Onlar üçün bu oyuna  uyğunlaşmaq çox çətindir. Bir çox uşaqlar isə ,onlar adətən çoxluq təşkil edirlər, fəal və təşəbbüskar olduqları üçün bu oyunlara çox həvəslə qatılırlar.Bu oyunlarda uşaqlar onlar üçün lazım olan vərdiş, bacarıq və keyfiyyətlərə yiyələnirlər.

    R.Z.-Müasir uşaqların hamısı idmanla məşğul olmalıdırmı?

    M.A.- Əvvəl də bildirdiyim kimi, bəli.Müasir uşaqlar mütləq hansısa idman növü ilə mütləq məşğul olmalıdırlar.Əgər valideynlər öz uşaqlarını müasir texnikanın-komputerin, televizorun əsarətindən qurtarmaq , onları pis vərdişlərdən uzaqlaşdırmaq istəyirlərsə, onlarda idmana  həvəs oyatmalı, onlara idman növünü seçməkdə belə yardımçı və məsləhətçi olmalıdırlar. Yararlı idman növü isə onlarda sağlam həyat tərzini formalaşdırar.

    R.Z-Bəs futbol uşaqların həyatında hansı rola malikdir?

    M.A.-Futbol uşaqlar üçün  ən əlçatan və ən sevilən idman növüdür.Bu həm də  onunla  bağlıdır ki, bu idman növü ilə hər yerdə- stadionda, məhlədə, meydançalarda, plyajda, meşədə, asfalt küçədə və ya ot bitmiş sahələrdə belə məşğul olmaq olar.Futbol uşaqlar üçün yaxşı fiziki forma və gözəl keçirilmiş –yaşanmış vaxt, əhval-ruhiyyədir. Lakin bu növ ilə də məhz məşqçilərin nəzarəti altında məşğul olmaq daha yararlıdır.Xüsusən də peşəkar futbolçular kimi yetişmək istəyirlərsə. İdman uşaq orqanizmini həddən artıq gücdən salmamalıdır, əksinə onun həyat tərzinə çevrilməli, ona xeyir verməli və onu yaxşı tərəfdən tərbiyə etməlidir.Bizim Gimnaziya Futbol Təmayüllü, İnternat Tipli tədris müəssisəsidir və sadaladığımız bütün bu keyfiyyətlərin uşaqlara  aşılanmasının həyata keçirilməsi  yolunda çalışır.

      R.Z.-İstənilən fənnlər üzrə təmayüllü məktəb və gimnaziyalarda özünəməxsus tədris standartları mövcuddur.Bu standartlar çərçivəsində Futbol Təmayüllü Gimnaziya hansı işləri görür və hansı uğurlara istiqamətlənir?

      M.A.-Bizim gimnaziyanın qarşısında duran məqsəd və vəzifələr adından da göründüyü kimi təyinatlıdır. Bu məqsədlərə çatmaq üçün əsas tədris proqramları, həmçinin lazımi nəticələrin əldə edilməsinin üsul və yolları planlaşdırılmışdır və gimnaziya bu əsas məqsədlərə çatmaq uğrunda səylə çalışır.Bununla yanaşı şagirdlərin əxlaqi-mənəvi inkişafını, onların idmanın futbol növü üzrə peşəkar qabiliyyətinin artırrılmasını, onlarda ekoloji mədəniyyəti, sağlam həyat tərzini formalaşdırmağı nəzərdə tutan təlim-tərbiyə prosesini özündə əks etdirən proqramlar da mövcuddur.Bütün bunlar əsas tədris proqramlarının həyata keçirilməsi mexanizminin tərkib hissələridir.Dövlət standartlarına uyğun olaraq şagirdlərin keyfiyyətli təhsil alması, onların ictimai-fəal, yaradıcı, bacarıqlı, savadlı şəxsiyyətlər kimi inkişafı üçün hər cür şərait yaradılmışdır.Həmçinin, şagirdlərin futbola olan marağının təmin edilməsi və bu sahədə bacarıqlarının inkişaf etdirilməsi də ön plandadır və gimnaziyada bununla bağlı məqsədyönlü işlər görülür. İdmançı şagirdlərlə istedadlı  məşqçi və müəllim heyəti məşğuldur.Onlara məşqlər üçün günün müəyyən saatları ayrılmışdır, gimnaziyanın futbol meydançası və idman zalı onların istifadəsindədir.Bizim oğlan və qızlardan ibarət futbol komandaları istər məktəbdaxili, istərsə də məktəbdənkənar yarışlarda fəal iştirak edirlər və uğurlu nəticələrə imzalar atırlar.Bu, əlbəttə ki, sevindiricidir, tədris üçün nəzərdə tutulan standartlar şagirdlərdə yuxarıda sadalanan keyfiyyətlərin formalaşdırılmasına istiqamətləndirilmişdir.Gimnaziyanın komandaların şəhər və zona  yarışlarında aparıcı yerləri tutması da bizim məqsədyönlü fəaliyyətimizin uğurlu nəticəsidir.Hal-hazırda bizim gimnaziyanın bir neçə məzunu Respublikamızın tanınmış futbol komandalarının oyunçularıdır.Biz yaşadığı şəhəri və öz Vətənini, öz xalqını və dövlətini sevən, onun mədəniyyəti və adət-ənənələrinə hörmətlə yanaşan bacarıqlı, savadlı, sağlam ruhlu şəxsiyyətlərin yetişdirilməsinə istiqamətlənirik.Şagirdlərimiz müxtəlif fənnlər üzrə keçirilən müsabiqə və olimpiadalarda, futbol üzrə yarışlarda fəal iştirak edir, qalib yerlər tuturlar. Bundan əlavə, tədris ili boyunca əlamətdar günlər, bayramlarla bağlı, vətənpərvərlik və hərbi-vətənpərvərlik hisslərinin tərbiyə edilməsində böyük rol oynayan silsilə tədbirlər hazırlanır, bu tədbirlərə gimnaziyanın bütün müəllim və şagird kollektivi cəlb olunur.

  R.Z.-Gimnaziyada müəllim və şagirdlər üçün hansı şəraitlər yaradılmışdır? Tədris maddi baza müasir tələblərə cavab verirmi?

    M.A.- Gimnaziyanın güclü maddi-texniki bazası vardır, təlim-tərbiyə və tədris prosesi yüksək səviyyədə təşkil olunmuşdur. Fənn kabinetləri zövqlə hazırlanmış, lazımi avadanlıqlarla, stendlər və vəsaitlərlə təchiz olunmuşdur.Gimnaziyanın idman zalı, futbol meydançası vardır.Texniki informasiya təhcizatı  güclüdür.Gimnaziyada tədris məqsədilə – komputer vardır, onların hamısı internetə qoşulmuşdur. Müəllimlərimiz komputerdə sərbəst işləyir, tədris prosesində İKT-nı tətbiq edirlər.

Gimnaziyanın müasir standartlara cavab verən yeməkxanası vardır. Burada gündə 3 dəfə  yemək verilir.Yeməklər kalorili, milli mətbəximizə uyğun çeşidlərdən ibarətdir,  yeməkxana müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və müasir üslubda təmir olunmuşdur.

Gimnaziyanın hər cür şəraitə malik yataqxanası vardır.Uzaq rayonlardan gimnaziyaya təhsil almağa gəlmiş oğlan və qızlar yataqxanada yerlə təmin olunublar.Burada şagirdlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.Bizdə həmçinin tibb kabineti də fəaliyyət göstərir.Göründüyü kimi şagirdlərin təlim-tərbiyəsi, sağlamlığı, rahat təhsili üçün burada mühüm sayılan bütün şəraitlər vardır.

     R.Z.- İnsanların çoxunda belə bir fikir formalaşıb ki, Futbol Təmayüllü Gimnaziya yalnız futbol və onunla bağlı işlərin tədrisi ilə məşğuldur. Bu, doğrudan da belədirmi?

     M.A.- Bu təhsil ocağında ibtidai siniflərdən başlayaraq uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin aşkara çıxarılması və məqsədyönlü inkişafının təmin edilməsi yolunda əməli addımlar atılır. Təbiət, cəmiyyət, insan və onun əməyi haqqında ibtidai təsəvvürlərin təməli qoyulur. Uşaqlar burda nəinki təhsil alır, həmçinin nəzəri təfəkkürə, nitq mədəniyyətinə, şəxsi gigiyena və sağlam həyat tərzinə yiyələnirlər. Gördüyümüz bütün işlər şagird şəxsiyyətinin inkişafına, onun mənəvi və əxlaq şüurunun, hüquqi düşüncəsinin, milli-mənəvi keyfiyyətlərinin, maraq meylinin, qabiliyyət və isdedadının, özünün sosial müqəddaratını təyin etmək bacarığının, elmlərin əsaslarının öyrənilməsi və dünyagörüşünün formalaşdırılmasının təmin edilməsinə yönəldilmişdir.Məqsəd Azərbaycanın inkişafı naminə fədakarcasına çalışan sağlam və gümrah vətəndaşlar tərbiyə etməkdir. Bu yolda Dövlətimiz tərəfindən Gimnaziyanın əsas vəzifələri, fəaliyyəti, hüquqi statusu, təlim-tərbiyə işinin təşkili istiqamətində görüləcək işlər, eləcə də pedaqoji kollektivin vəzifələri müəyyən edilmişdir və biz də mövcud nizamnamə əsasında tədris, təlim-tərbiyə prosesini düzgün və effektli qurmağa çalışırıq, şagirdlərimizdə bacarıq və qabiliyyətin, onların istedadının düzgün formalaşdırılması üçün maksimum şərait yaratmışıq.

   R.Z.- Gimnaziyanın bütün uşaqları istedadlıdırmı? Müəyyən dövr ötdükdən sonra hansısa uşaqda futbola və ya ümumiyyətlə idmana olan həvəs ölə bilər. Yaxud da idmanın digər növlərinə marağı və bacarığı aşkara çıxa bilər. Gimnaziyada bu sahədə hansı vacib addımlar atılır?

     M.A.- Zəif idman göstəricilərinə malik olan və təmayül üzrə perspektivli hesab edilməyən şagirdlər fənn müəllimlərinin təqdimatına əsasən, pedaqoji şuranın qərarı ilə gimnaziyadan xaric edilməli və onlar təhsillərini davam etdirmək üçün ümumtəhsil məktəblərinə göndərilməlidirlər.Lakin biz bu sahədə müəyyən addımlar atır, onların arasında idmanın digər növlərinə daha çox marağı və bu sahədə müəyyən bacarığa malik uşaqları  lazımi sahələrə yönəldirik. Hər axşam bu uşaqlar dərsdən sonrakı vaxtlarda digər təhsil idman məktəblərində fəaliyyət göstərən idman bölmələrində məşqlərini davam etdirirlər. Bu yolla həmçinin təlim-tərbiyə prosesinin yaradıcı və differensial xarakter daşıması təmin olunur, qabaqcıl pedaqoji təcrübədən məqsədyönlü istifadə edilir, şagirdlərin müstəqilliyinə və təşəbbüskarlığına lazımi şərait yaradılır. Bu işlər fiziki cəhətdən sağlam, bədii-estetik duyumda gənclərin yetişdirilməsi və dərsdənkənar vaxtlarda aparılan tədbirlərin bir-birini tamamlaması istiqamətində qurulur. Şagirdlər il boyu fəaliyyət göstərən cəmiyyətlərdə, dərnək, idman bölmələrində məşğul ola bilərlər. Bütün bunlar müəllimlərimizin nəzarəti altında həyata keçirilir.

     Gimnaziyada uşaqlarda idmana böyük həvəs yaratmaq üçün fəal maraq yaradılır. Onlarda olan bu maraq düzgün səmtə yönəldilmişdir və bu həvəs günü-gündən daha da inkişaf etdirilir.Gimnaziyanın müəllim və məşqçi heyətinin vəzifəsi idmanın gözəl dünyasına qoşulmaqda və nəyin həqiqətən də yaxşı və gözəl olmasını, necə bir həyatı yaşamağı öyrənmək və başa düşməkdə uşaqlara köməkçi olmaqdır. Onlar bu işin öhdəsindən layiqincə gəlirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.