“Yaxın vaxtlarda gecə səhərədək işləyən xüsusi marşrut xətləri istifadəyə veriləcək”.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində belə bir layihə üzərində iş aparılır ki, 24 saat rejimində işləyən marşrut xətləri açılsın.
“Bu marşrutlar təkcə şəhər mərkəzində yox, müxtəlif istiqamətlərdə buraxılacaq. Xüsusən dairəvi yollarda hərəkətdə olan marşrut xətləri olacaq. Belə “Ekspress marşrut” xətləri gecə səhərədək işləyəcək”, – deyə qurum rəsmisi bildirib.
M.Ağayev deyib ki, bu marşrutlar müəyyən intervalla yola çıxacaqlar. “Məsələn, yola çıxmışıq, taksi də yoxdur. Amma biləcəyik ki, artıq şəhərdə hər yarım saatdan bir dayanacaqdan “Ekspress avtobus” keçəcək. Bütün inkişaf etmiş şəhərlərin təcrübəsində belə marşrutlar var. Ümumiyyətlə, inkişaf etmiş şəhərlərdə marşrut şəbəkəsində olan elementlər, insanların rahatlığı üçün edilən yeniliklərin hamısı Bakıda da olacaq. Bunun üçün sadəcə zaman lazımdır”.
Həmsöhbətimiz qeyd edib ki, şəhərdə ictimai nəqliyyata tələbat günü-gündən artır: “Eyni zamanda, şəhərə turist axını da çoxdur. Turistlərə əyləncə və ticarət mərkəzlərinə getmək üçün gecə saatları da işləyən avtobuslar lazım olur”. Mujde.az