Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində keçirilən FIDE İddiaçılar Turniri 2018-də II yer tutduğuna görə ən azı 81500 avro qazanıb. Ancaq yarışın reytinq birincisi olan qrossmeysterimiz Dünya Çempionu tituluna yiyələnmək üçün Maqnus Karlsenlə oynamaq imkanını əlindən qaçırıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, turnirin çempionu İtaliya millisinin keçmiş üzvü, indi isə doğulduğu ABŞ-ı təmsil edən Fabiano Karuana olub. Ondan bir xal az toplayan Şəhriyar II, şahmatçımızla eyni xalı olan, yalnız tay-breyk xallarında geri qalan rusiyalı Sergey Karyakin isə III yeri tutub.
FIDE İddiaçılar Turniri 2018 | Son Turnir Cədvəli
Yer | Ad, Soyad | Reytinq | Perfor. | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | Xal | SB | |
1 | Fabiana Karuana | 2784 | 2887 | ½½ | ½0 | ½½ | ½1 | 1½ | 1½ | 11 | 9.0/14 | |||
2 | Şəhriyar Məmmədyarov | 2809 | 2832 | ½½ | 1½ | ½0 | ½1 | 1½ | ½½ | ½½ | 8.0/14 | 54.75 | ||
3 | Sergey Karyakin | 2763 | 2838 | ½1 | 0½ | ½½ | ½½ | ½1 | 1½ | 01 | 8.0/14 | 54.75 | ||
4 | Dinq Liren | 2769 | 2812 | ½½ | ½1 | ½½ | ½½ | ½½ | ½½ | ½½ | 7.5/14 | |||
5 | Aleksanr Qrişuk | 2767 | 2764 | ½0 | ½0 | ½½ | ½½ | 01 | 1½ | ½½ | 6.5/14 | 44 | ||
6 | Vladimir Kramnik | 2800 | 2759 | 0½ | 0½ | ½0 | ½½ | 10 | ½½ | 11 | 6.5/14 | 41.5 | ||
7 | Vesli So | 2799 | 2734 | 0½ | ½½ | 0½ | ½½ | 0½ | ½½ | 1½ | 6.0/14 | |||
8 | Levon Aronyan | 2794 | 2655 | 00 | ½½ | 10 | ½½ | ½½ | 00 | 0½ | 4.5/14 |
Toplam mükafat fondu 420 min avro olan turnirin qalibi Fabiano Karuana 95 min avro əldə edib. Turnirin reqlamentinə görə, mükafat fondunun bölünməsidə əlavə göstəricilər nəzərə alınmır. Məbləğ, sadəcə, ikiyə bölünür. Reqlamentə görə, turnirdə II yeri tutan şəxsə 88 min avro, III yerə isə 75 min avro mükafat nəzərdə tutulub. Bununla da Məmmədyarov və Karyakin öz aralarında 163 min avronu bölüblər, yəni hər iki idmançı 81500 avro (171 916 manat) qazanıb. Bu məbləğə vergi tətbiq olunmur. Bundan başqa, turnirə qoşulmuş şahmatçılar toplantının yayımından əldə olunan gəlirin 10%-ni də alacaqlar.
Fabiano Karuananın Sevinci
Karuana qələbəyə görə çox sevindiyini bildirib: “Həyəcanlı idim. Son günədək nə baş verəcəyini bilmirdim. Olaylar bundan daha yaxşı ola bilməzdi. Bir neçə gün öncə turnirin artıq əllərimin arasından çıxdığını düşünürdüm. Ancaq nələrsə sonda tamamilə mənim xeyrimə işlədi. Doğurdan da, bundan daha xoşbəxt ola bilməzdim”.
25 yaşlı idmançı çempionluq yolunda başlıca rəqibi olan Şəhriyar Məmmədyarovun oyununa baxmasından danışıb:
“Nəzarət vaxtına qədər Şəhriyarın oyununa ciddi göz ata bilmədim. Baxanda isə gördüm ki, artıq tam heç-heçəlik oyundur. Onda düşündüm ki, öz oyunumu sakitcə sona çatdırım. Əgər qalib mən olmasam, nə etmək olardı?
Bu, böyük bəxtsizlik sayılardı. İdmanda belə hallar da baş verir. Oyunun sonunda heç-heçə etməməyimin səbəbi isə taxtadakı durumla bağlı idi. Durum uduşa bu qədər yaxın olmasaydı, mən heç-heçə təklif edərdim.
Qrişukun heç bir əks-gedişi yox idi. Belə bir durumda mübarizəni dayandırmaq ayıb olardı. Şəhriyarın oyunu getdiyi müddətdə mən qələbəmə o qədər əmin deyildim. Ancaq Məmmədyarovla Kramnikin partiyası qurtardıqda artıq uğuruma tam şəkildə inanırdım”.
Fabiano Karuana Böyük Britaniyanın paytaxtı Londonda 9-28 noyabrda Maqnus Karlsenlə 12 oyun keçirəcək. Qalib dünya çempionu tituluna yiyələnəcək. Karuana hələ həmin görüşlərlə bağlı düşünmədiyini bildirib:
“Karlsenlə oyuna hələ çox var. Buna çox ciddi hazırlaşacağam. Ora yaxşı hazırlaşıb gedəcəyəm. Gərgin mübarizə olacaq, ancaq indi bu haqda heç düşünmürəm”.
Şəhriyar Məmmədyarov Onu Sevənlərdən Üzr İstədi
33 yaşlı qrossmeysterimiz Şəhriyar Məmmədyarov sosial media hesabında turnirin qalibi ola bilmədiyi üçün onu sevənlərdən üzr istəyib:
“Sizdən şikayətim yoxdur. Sadəcə, məni dinləyin, zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana və erməniyə olan dəstəyinizi də gördüm. Demək istədiyim budur ki, yaxşı ki, varsınız.
Sizlərə birinciliyi yaşatmadığım üçün üzr istəyirəm, ancaq sonunculuq nədir, bu duyğunu yaxın belə buraxmadım. Çox sağ olun ki, mənə sonadək inandınız. Bütün mesajlarınızı aldım, cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Biz geri qayıdacağıq, uğurlar və yüz dəfə çox sağ olun”.
Sergey Karyakin Məmmədyarovu Evinə Çağırdı
Rusiyalı şahmatçı Sergey Karyakin Şəhriyarı Moskvaya çağırıb. Məmmədyarov bir gün Moskvada onun evində olacaq, Karyakinlə birlikdə şəhər gəzintisinə çıxacaq.