Qurtuluşun 25 ili

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDIŞI İLƏ BAŞLAYAN BU GÜN – 15 İYUN AZƏRBAYCAN TARİXİNDƏ YENİ SƏHİFƏLƏR AÇDI”

Bu gün Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur.

Düz 25 il öncə, 1993-cü ilin iyun ayının 4-də Gəncə şəhərində polkovnik Surət Hüseynovun dövlətə və o zamankı hakimiyyətə qarşı qaldırdığı dövlət qiyamının qarşısının alınması məqsədi ilə Azərbaycan xalqının təkidli tələblərindən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət edildi. Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də keçmiş Ali Sovetin (o zamankı Milli Şuranın) sədri seçildi. 9 gün sonra, 1993-cü ilin iyunun 24-də o zamankı prezident Əbülfəz Elçibəyin Bakını tərk etməsi ilə əlaqədar onun səlahiyyətlərinin icrası Ali Sovetin sədri kimi Heydər Əliyevə həvalə olundu. Heydər Əliyevin yenidən Bakıya, hakimiyyətə qayıdışı ilə də Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas edildi. Ölkədə vətəndaş qarşıdurmasına, separatçılıq meyillərinə son qoyuldu. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Beləliklə, bu mühüm tarixi gün – 15 iyun o zamandan xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən də parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov bununla bağlı mətbuata açıqlamasında bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan bu gün – 15 iyun Azərbaycan tarixində yeni səhifələr açdı və Azərbaycanda təlatümlü günlərə son qoyuldu. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etmişdi, ancaq ölkəmiz çox təlatümlü, gələcək üçün təhlükə yaradan proseslərlə üz-üzə qalmışdı. “O zamankı hakimiyyət ölkədə sabitliyi, əmin-amanlığı təmin edə bilməmişdi, ölkədə qeyri-sabitlik hökm sürürdü, iqtisadiyyat tənəzzül dövrünü yaşayırdı, xarici siyasətdə uğursuzluqların nəticəsində Azərbaycanın izolyasiyaya düşməsi təhlükəsi yaranırdı, erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərini itirirdi. Bütün sahələrdə ciddi böhran yaşanırdı. Təbii ki, Azərbaycan əhalisi ölkənin gələcəyini görür və bu proseslərdən narahatlığını ifadə edirdi. Xalq anlayırdı ki, ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev qurtara bilər və ona görə də Heydər Əliyevi Bakıya dəvət etdilər. Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Bakıya gəldi, iyunun 15-də parlamentin sədri seçildi. Bununla Azərbaycanda sabitliyin təmin olunması istiqamətində addımlar atıldı, ilk növbədə sabitlik bərpa edildi, ölkənin ərazilərinin itirilməsi qarşısına sədd çəkildi, iqtisadi sahədə isə tənəzzülün qarşısı alındı, 1600 faizə qədər qalxan hiperinflyasiya cilovlandı və beləliklə, insanların Heydər Əliyevin qayıdışından gözlədikləri həyata keçdi. Azərbaycan normal həyata qayıtdı və bütün sahələrdə ciddi islahatlar həyata keçirilməyə başlandı…” – deyə o, sözlərinə əlavə edib.

Məşhur “91-lər”dən və YAP-ın yaradıcılarından olan millət vəkili Eldar İbrahimov isə “525”ə açıqlamasında qeyd edib ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. E. İbrahimovun bildirdiyinə görə, Azərbaycanın bugünkü uğurları da məhz 15 iyunla, qurtuluş məfkurəsi ilə əlaqədardır: “1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Həmin gün xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanın varlığının parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir”. Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.