Futbol üzrə Azərbaycan Milli Komandasının və Qarabağ FK-nun baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov müsahibə verib. Azərbaycan Müjdələri saytı həmin müsahibəni oxucularının diqqətinə çatdırır:
– AFFA İcraiyyə Komitəsindəki işinizi davam etdirəcəksiniz?
– Keçən dəfə də bu məsələ müzakirə olundu. Bu işdən uzaqlaşmaq istəyirdim. Tövsiyyə olundu ki, qalım. Ona görə də hələ işimə davam edirəm. Bu gün AFFA İcraiyyə Komitəsinin toplantısında bununla bağlı danışıqlar olmadı.
– Üfiq Budağın oyununu izləmək üçün yardımçınız Elçin Rəhmanovu Türkiyəyə göndərmişdiniz. Futbolçu meydana çıxmadı. Rəhmanov Türkiyədə qalıb, Üfiqin oyununu izləyəcək, yoxsa geri qayıdacaq?
– Şərt o deyil ki, biz Üfiqin oyununa canlı baxaq. Elçin Rəhmanov ora həm Üfiqin oyununa baxmağa, həm də onunla görüşüb, danışıqlar aparmağa getmişdi. Onsuz da futbolçuların oyununu hər an televiziya ilə izləyirik.
– Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Gizli deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?
– O, milli komandanın üzvüdür. Bir neçə oyun çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd “səni mütləq çağıracağıq” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiniz. Başlıca məqsəd Üfiqlə yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, ancaq meydana çıxmaması da problem deyildi.
– Almaniyada da legionerlərimiz var. Onları da izləyirsiniz?
– Artıq başlamışıq. Almaniyadan hələlik Dmitri Nəzərovu çağıracağıq.
– Rüfət Dadaşovu necə, milliyə çağıracaqsınız? Aşağı liqada oynasa da, qollarını sıralayır.
– Hə, son vaxtlar performansı yaxşıdır. Oyunlarını izləyirəm. Son bir ilə baxıb qərar vermək düzgün olmaz. Millimizdə kimlər olubsa, hamısı ilə maraqlanırıq.
– Dəniz Yılmazın oyunu ilə maraqlanırsınız? Robert Prosineçkinin vaxtında bu futbolçunun millimizlə problemi olmuşdu…
– Hər bir futbolçu ilə maraqlanırıq. Çalışırıq ki, hər biri ilə yaxından tanış olaq. Biri var nəyisə eşidəsən, biri də var ki, futbolçu ilə üz-üzə danışasan. Onda oyunçunun xarakterinə daha yaxından tanış olursan. Son vaxtlar Dəniz Yılmaz oynamır. Bu sarıdan bir qədər sıxıntı var.
– Çempionatda yaranacaq fasiləyə görə klublar narazılıq etməyib?
– Yox. Heç bir klub narazılıq etmədi. Hər biri sağolsun. Bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, bizdə 3-5 gün daha çox olur. Bu, illər boyu təkrarlanır. Hər bir klub başçısı milli komanda üçün üzərinə düşən işi yerinə yetirmək istəyir.
– Millətlər Liqasında rəqibimiz olan Kosovo millisi mart ayında Fransada iki yoxlama oyunu keçirəcək. Həmin oyunları izləmək üçün yardımçılarınızı göndərəcəksiniz?
– Hə.
– Millinin heyətini açıqlamaq üçün çempionatın bitməsini gözləyəcəksiniz, yoxsa daha tez olacaq?
– Çempionat bitdikdən sonra. Son turun axşamı açıqlanacaq.
– “Qəbələ” – “Neftçi” oyununu stadiondan izlədiniz. Diqqətinizi çəkən futbolçular oldu?
– Diqqətimi çəkən də oldu. Ancaq məni rahatsız edən anlar da var. Bir sıra futbolçulardan razı qalmadım.
– Sizcə, Ramil Şeydayevin millimizə daha yaxşı yardım etməsi üçün “Qarabağ”da ehtiyatda qalmağındansa, sabit oynayacağı bir kluba keçməsi daha yaxşı olmazmı?
– Hər bir futbolçunun formasını yaxşılaşdırması üçün onun daim oynaması gərəkdir. Təəssüf ki, biz 11 nəfərdən artıq futbolçu meydana buraxa bilmirik. Belə olan halda hansısa futbolçu qıraqda qalmalıdır. Ancaq hər bir oyunçunun, əsas da millimizin üzvünün daha yaxşı çempionatlarda çıxış etməsini istərdim. Ən azından bizdə əsas heyət üzvlərindən biri olsun. Ramilə gəldikdə, tək o yox, bir neçə futbolçu var ki, onların oyun təcrübəsinin çox olmağını istərdim. Heyif olsun ki, onlar qıraqda qalıb. Ancaq Ramil qıraqda qalmayıb. Üç tur əvəzedici heyətdə çıxış edib. Ən azından formasını qoruyub saxlayıb. Belə problemlər daim olub, yenə olacaq.
– Rəşad Sadıqovun karyerasını bitirməsi məsələsi son vaxtlar çox danışılır. Belə sözlər eşidilir ki, Rəşad U-21 millisində baş məşqçisi olduğu futbolçulara qarşı oynayır. Sizcə, Rəşad karyerasını bitirməlidir?
– Bu məsələ niyə bu qədər müzakirə olunur, bilmirəm. Əgər futbolçunun gücü varsa, ən yaxşılardandırsa, niyə də oynamasın?! Bizim bu futbolçuya klub olaraq ehtiyacımız varsa, niyə onu komandadan uzaqlaşdırmalıyıq ki? Bizim Rəşaddan da yaşlı futbolçumuz var – Ansi Aqolli. Bu iki futbolçunu bütün gənc oyunçulara örnək göstərərdim. Belə oyunçuları tez futboldan göndərməli deyilik. Özünüz də görmüsünüz ki, bir sıra futbolçular 38 yaşına qədər oynayıb. Xavyer Zanettini vurğulayardım. O yaşında da ən yaxşılardan idi. Öz futbolçuna qarşı oynamağın nə problemi var? Əksinə, futbolçular daha məsuliyyətli olur. İdman elə bir oyundur ki, burda dəyişikliklər həmişə olacaq. Biz yaxşını həmişə qoruyub saxlamalıyıq. Onun yaşına önəm verməli deyilik.
– Xama Biliat məsələsi artıq qapanıb. yoxsa danışıqlar gedir?
– Danışıqlar dayanıb. Transfer pəncərəsi bağlanıb. İndi fikrimizdə bir neçə futbolunun soyadı varsa, Biliat da onların sırasındadır. Ancaq hələ “gələcək” deyə bilmərəm.
– Onun oyununu canlı izləmək fikriniz var?
– Yox, buna gərək yoxdur. Onu yaxından tanıyırıq.
Yazar: Səbuhi Tofiqoğlu