Dünya Bankının hazırladığı “Doing Business 2019” hesabatı ilə bağlı mətbuat konfransda çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev vurğulayıb ki, 2015-ci ilin sonlarından başlayaraq neftin qiymətinin düşməsinə baxmayaraq, prezident İlham Əliyevin elan etdiyi kimi islahatlar daha da dərinləşib.
“Azərbaycan bu il ümumi reytinqdə yeni rekorda imza atıb. 2019-ci ildə Azərbaycan 10 ən islahatçı dövlətin siyahısına əlavə edilib. Yəni 32 pillə irəliləyərək 190 ölkə arasında 21-ci pillədə qərar tutub. Ölkəmiz tikinti indikatoru üzrə 100 pillə irəliləyib. Biznesə başlama indikatoru üzrə isə ilk 10-luğa düşüb, 10 indikator üzrə 8-ində irəliləyiş qeydə alınıb”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə çıxışında qeyd edib ki, bu nəticələr ölkəmizdə aparılan islahatların göstəricisidir:
“Azərbaycan dünyada ən çox islahat aparan ölkədir. Azərbaycandan sonra ikinci yerdə Türkiyə, üçüncü yerdə Çin durur. Ən əsası odur ki, Azərbaycan əldə etdiyi naliyyəti biznes həyatında hiss edir.
Azərbaycan “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada ikinci yerə yüksəlib. Biznesə başlama indikatoru üzrə ilk onluğa düşməyə nail olub. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya bankının ekspertləri tərəfindən qəbul edilib”.
V.Qasımlı bildirib ki, apardığı islahatlara görə Azərbaycan post-sovet məkanında ikinci yerdədir: “Belə ki, Azərbaycan MDB məkanında ən sürətlə irəliləyən ölkədir. Hazırda ölkəmiz 32 pillə irəliləyib”.
Qaynaq: Günel Türksoy (Qafqazinfo)