Orta Məktəblərdə Təlim-Tərbiyənin Məqsədi, Məzmunu və Mahiyyəti Barədə

Vətənpərvər vətəndaş tərbiyəsi – bu, orta təhsil müəssisələrində öz aktuallığı ilə diqqəti çəkən ən vacib məsələlərdəndir. İdeoloji, milli-mənəvi, mənəvi-əxlaqi tərbiyə əsas dəyərlərin aşılanmasına yönəldilən və daim diqqət mərkəzində olan fəaliyyət növü kimi orta məktəblərin əsas iş istiqamətlərindən biridir.

Şagirdlərə bu dəyərlərin aşılanması ilə bağlı aparılan ideoloji və təlim-tərbiyə işində hansı  məqsədlər istiqamət kimi irəli sürülür? Bu işlərin məzmun və mahiyyəti nədən ibarətdir? Bu vəzifələrin tam həyata keçirilməsi üçün məhz hansı addımların atılması vacib hesab olunur?  Suallarımıza Vüqar Veysəlov adına Gəncə şəhər 30 nömrəli tam orta məktəbin direktoru, tanınmış pedaqoq, ictimaiətçi, şair, “Qızıl qələm” mükafatı laureatı İlham Həsənov cavab verir.

R.Z. – İlham müəllim, təlim-tərbiyədə milli hisslərin formalaşdırılması dedikdə məhz nə başa düşülməlidir? Bu işlərin həyata keçirilməsində əsas rollar kimlərə məxsusdur? Orta təhsil müəssisələrində bu tərbiyəninin məqsədi, məzmun və mahiyyətini məhz nədə görürsünüz?

İ.H. – Milli hisslər – bu, Vətənə olan məhəbbət,inam, ona sidi-ürəklə xidmət etmək həvəsi, onu digər xalqlar arasında ən ali xalq kimi görmək istəyi və başqa bu kimi hissləri özündə birləşdirən davranış sistemidir. Millətinə olan bu sevgi ümumbəşər hisslərin inkar edilməsi deyildir. Bununla belə bəşəriyyətə xidmət də xalqına bəslədiyi hisslərdən keçib gedir. Yəni öz xalqını sevmədən bəşəriyyəti də sevmək mümkün deyildir.

Vətənpərvərlik dedikdə, ilk növbədə Vətənə könüllü xidmət nəzərdə tutulur. Müasir gənclərə bu hissləri aşılamaq biz pedaqoqların ən ali borcudur. Bütün orta təhsil ocaqlarında şagirdləri bu ruhda tərbiyə etməyə can atılır. Bu istək bütün təlim-tərbiyə sisteminin məzmun və formalarını özündə birləşdirir. Təlim-tərbiyədə ideologiya işi cəmiyyətin və ayrı-ayrılıqda fərdin aktual problemi kimi ortaya qoyulmalı, böyüməkdə olan gənc nəsli aktiv fəaliyyətə səsləyən vasitəyə çevrilməlidir. Orta məktəblərdə təlim-tərbiyənin məqsədi də elə budur. Pedaqoqikada bu məqsəd və istəklər insanın yaşadığı, fəaliyyət göstərdiyi cəmiyyətdə mənəvi-əxlaqi, siyasi, hüquqi və estetik anlayışa sahib olmasına xidmət edir. Yəni orta məktəblərdə şagirdlərə ilk dövrdən verilən biliklər onlarda bu anlayışların formalaşmasına xidmət edir. Ümummilli maraqlarımız təlim-tərbiyə prosesinin məhz bu bu istiqamətdə aparılmasını üstün tutur. Bu səbəbdən dövlətimiz bu prosesi daim öz nəzarəti altında saxlayır.Ora təhsil ocaqları da tədris işi ilə bərabər təlim-tərbiyə prosesinin günün aktuallığı və tələbləri çərçivəsində qurulmasına çalışır.

R.Z. – İdeal vətəndaş obrazı  şagird dünyagörüşündə necə formalaşdırılır?

İ.H. Bu da təlim-tərbiyə prosesinin vacib tərkib hissəsi olmaqla əsas məqsədlərə xidmət edir. Ideal vətəndaş kimdir? O, Vətənini və Dövlətini sevir, onun xoşbəxt gələcəyinə inanır, hər zaman onun müdafiəsinə qalxmağa, onun uğrunda yaşayıb- yaratmağa hazırdır. Məktəbli dərslərini yaxşı oxumalı, məktəbin ictimai işlərində fəal, tərbiyəli, əxlaqlı, savadlı və bacarıqlı olmalıdır. Əgər onda bu keyfiyyətlər formalaşdırılmışsa, demək, həmin təhsil ocağında təlim-tərbiyə prosesi düzgün qurulmuşdur. Şagird bu prosesdə uğura istiqamətlənmişsə, demək təhsilimizin qarşıya qoyduğu vəzifələr yerinə yetirilmişdir.

Biz təlim-tərbiyədə ideal vətəndaş obrazını həmişə nümunə götürürük. Hazırladığımız tədbirlərdə də bu ideyanı önə çəkirik. İdeal vətənpərvər öz Dövlətini əbədi görən, onun ucalığı üçün yaşayan, bayrağını, xalqını, onun adət-ənənələrini, onunla bağlı yaxşı nə varsa sevən insandır. Təlim-tərbiyə prosesində nümunə obyekti kimi təqdim etdiyimiz qəhrəmanlarımız, şəhidlərimiz… hamısı ideal vətənpərvərlərdir. Bu tərbiyədən irəli gələn vəzifələr şagirdlərdə milli şüuru formalaşdırır, vətənpərvər vətəndaş hisslərini gücləndirir, qanunlara və qanunçuluğa hörmət hissləri yaradır. Bu tərbiyədən irəli gələn vəzifələr milli ideologiyanın əsas məsələləri olmaqla, təlim-tərbiyənin bütün fəaliyyət sistemini, şagirdlərin milli-mənəvi, siyasi, estetik tərbiyəsini əhatə edir, onlarda cəmiyyətin irəli sürdüyü tələbləri özündə birləşdirən keyfiyyətləri tərbiyə edir. Bu keyfiyyətlər onlara layiqli vətəndaş olmaq, cəmiyyətimizə və milli maraqlarımıza yad olan ünsürlərdən seçilmək imkanı verir. Aparılan işlər cəmiyyətimizin və dövlətimizin nəzarət etdiyi bir təlim-tərbiyə sistemidir. Bu tərbiyə yeniyetmə və gənclərə ideal vətəndaş haqqında təsəvvür yaradır, onun həyatda məqsədlərinin və həyati mövqeyinin formalaşmasına şərait yaradır. Vətəninə, Dövlətinə xidmət, humanizm ideyalarına sədaqət, şəxsi həyatda uğur və nailiyyətlər qazanmaq istəyi onun həyati məqsədlərinə çevrilir.

R.Z. – İdeal vətəndaş yetişdirilməsi yolunda atılan addımlar orta məktəblərdə hansı formalarda həyata keçirilir və hansı real nəticələrə çatılır? Aydındır ki, məqsəd tək oxutmaq deyil, həm də öyrətməkdir. Formal olaraq görülən işlər təlim-tərbiyədə hansı boşluqlara səbəb ola bilər?

İ.H. – Bu tərbiyə zamanı cəmiyyətin həyatında və qurulmasında fəal iştirak edən, möhkəm iradəli şəxsiyyət formalaşdırılır. Tərbiyənin məqsədləri gələcəyin perspektivlərinə istiqamətlənib. Bu səbəbdən cəmiyyətə və şəxsən özünə münasibətdə həyat qabiliyyəti olan, humanizm ideyaları ilə yaşayıb-yaradan insanların formalaşması əsas məqsəd kimi qarşıya qoyulur. Həyatımızın irəli sürdüyü şərait fərdə münasibətdə yeni tələblər qoyur, əsl şəxsiyyət, cəmiyyətin inkişafının tələblərinə nümunəvi davranışı və fəaliyyəti ilə cavab verən şəxsiyyətin yetişdirilməsi təlim-tərbiyənin əsas məqsədləri kimi irəli sürülür.

R.Z. – Təlim-tərbiyənin vəzifələri dedikdə məhz nələr nəzərdə tutulur?

İ.H. – Təlim-tərbiyənin ümumi məqsədləri var və onların həyata keçirilməsində günün aktuallığı da nəzərə alınmaqla konkret işlərin həllinə yönəldilən vəzifələr mövcuddur. Bunlar, gənclərimizi ümumbəşəri, milli, mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlara estetik dəyərləri aşılamaq, onlarda əməyə, təhsilə, ictimai fəallığa həvəs yaratmaq, bütün bunların həyatda uğurlar qazanmaq yolunda ən vacib üsullar və ali həyati dəyərlər olduğunu başa salmaq kimi, bir çox vəzifələri özündə birləşdirir. Milli-mənəvi dəyərləri aşılamaq, onları öz Vətənini və Dövlətini sevməyi öyrətmək biz pedaqoqların qarşısında duran ən vacib məsələlər kimi qalmaqdadır.

Biz şagirdlərimizi tək oxumağa həvəsləndirmirik, həm də öyrədirik. Bu, həyat qabiliyyəti olan gənclərin təlim-tərbiyəsinə yönəldilmiş məqsəd və vəzifələrin prinsiplərinə dəqiq riayət edilməsini tələb edir. Bu prinsiplər də özündə humanizm, vətənpərvərlik, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və məhəbbət, fərdilik, tolerantlıq və s. kimi yüksək keyfiyyətlərin aşılanmasına, onların qabiliyyətli, savadlı, bacarıqlı və hərtərəfli inkişaf etmiş vətəndaş kimi formalaşmasına xidmət edir.

R.Z. – Təlim-tərbiyənin mahiyyətinə müxtəlif nəzər nöqtəsindən qiymət vermək olar. İstənilən halda tərbiyə obyekti şagirddir və ona, müəyyən təsir göstərilən fərd kimi yanaşılır.

İ.H. – Təlim-tərbiyənin mahiyyəti dedikdə, məktəbin bu tərbiyədə rolunu tam başa düşmək lazımdır. Bu işin mahiyyəti ondan ibarətdir ki, tərbiyə olunan şagirdlərin əsl insan kimi formalaşdırılması yolunda atılan addımlar, görülən işlər bir sistem şəklində həyata keçirilir. Yəni bu, bir fərdin, yaxud bir qrup insanın maarifləndirilməsi üzrə işləri özündə birləşdirən bir fəaliyyət növüdür. Bu işin mahiyyəti istər-istəməz, tərbiyəçinin mövqeyi və məqsədlərinin həyata keşirilməsi zamanı özünü tam dolğunluqla biruzə verir. Eynilə, şagirdlər də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olan insanlara onların həyata keçirtdikləri işlərə görə qiymət verir. Burada müəllim və pedaqoqların həyat təcrübəsi, bilik və savadı, qabiliyyəti, ideya-siyasi və pedaqoji hazırlığı da önəmli rol oynayır. Bununla yanaşı, pedaqoq şagirdlərin yaş dövrünü, həyat şəraitini, onun psixoloji və sosioloji durumunu da nəzərə almalıdır. Tərbiyə və təsir anlayışları  təcrübədə uzlaşdırılmalı, ən çətin uşaqlar belə bu tərbiyənin verdiyi imkanlardan yararlanmalıdır. Təcrübədə tərbiyənin düzgün aşılanması zamanı ən çətin uşaqların belə məqsədyönlü, sözəbaxan, fəal, savadlı və bacarıqlı şagirdlərə çevrilə bildiyinin şahidi oluruq. Bu da, pedaqoqların öz təcrübələrindən necə yararlana bilməsindən çox asılıdır.

Təlim-tərbiyənin məqsədləri- insanda, yaxud bir qrup insanlarda, xüsusi hazırlanmış və ya həyata keçirilmiş tərbiyəvi işlər və fəaliyyət zamanı gözlənilən dəyişikliklərdir. Bu fəaliyyət tərbiyəçinin və ya cəmiyyətin tərbiyə olunan şagirdlərə humanist münasibətlərinə istiqamətlənir. Bu əlamətlər üzrə də əqli, mənəvi-əxlaqi, fiziki və estetik, ekoloji və s. tərbiyə üzrə işlər hazırlanıb həyata keçirilir. Təlim-tərbiyənin istiqaməti onun məqsədi və məzmununun birliyi ilə müəyyən edilir. Nəticədə şagirdlərin intellektual bacarığının, savad, bilik və bacarığının inkişafına, ətraf mühiti və özünü dərk etməyə marağın artırılmasına, bu da onlarda təhsil və intellekt əməyə, şəxsi keyfiyyətlərinin formalaşdirilmasına, yaradıcılığa, müstəqilliyə, dünyagörüşün artırılmasına həvəs yaradır. Əqli tərbiyənin qarşıya qoyduğu vəzifələr də tədris vasitələri və təhsillə, maarifləndirmə ilə, xüsusi hazırlanmış tədbirlərlə, viktorina və olimpiadalar ilə, yaradıcı axtarışlar, təhqiqatlar və c. İlə həyata keçirilir. Bütün bu tərbiyə üsulları və metodları şagirdlərdə paralel olaraq bir çox müsbət keyfiyyətlərin formalaşmasına xidmət edir. Onlarda öz ailəsinə, oxuduğu məktəbə, onları əhatə edən başqa insanlara, öz xalqına, vətəninə, dövlətinə məhəbbət və hörmət hislərini formalaşdırır. Şagird artıq bilir – əsl vətəndaş nəinki, konstitutsiyanın irəli sürdüyü qanunlara, həmçinin onun qarşısına qoyulan digər vəzifə və öhdəliklərə vicdanla riayət etməlidir, öz vətəninin inkişafı üçün yaşamalı və fəaliyyət göstərməlidir. Bu proses şagirdlərdə müəyyən keyfiyyətlərin formalaşmasında, eyni zamanda biliklərin qazanılmasında həvəsin yaradılmasına xidmət edir. Onlar təhsilə və oxuduğu məktəbə münasibətdə daha fəal olmağa can atırlar.

R.Z. – Vətənpərvər vətəndaş tərbiyəsi məsələləri nə vaxt uğursuzluğa düçar olur? Bunun baş verməməsi üçün nə etmək tələb olunur?

İ.H. Bu suala cavab pedaqoqun fəaliyyətinin əsasında durur. Bu fəaliyyətdə yuxarıda sadalanan vəzifələr tam yerinə yetirilməyibsə, onda bütün təlim-tərbiyə sistemi pedaqoji uğursuzluğa düçardır. Şəxsiyyətin formalaşdırılması tək hansısa tədbirdə və söhbətdə qoyulmur. Hərçənd, ayrı-ayrılıqda bunlar təlim-tərbiyə sisteminin tərkib və ayrılmaz hissələridir. Görülən bütün işlər bir-birini tamamlayır və hansısa dərəcədə bir-birinə təsir edir. Vaxt ötdükcə, şagird gündəlik həyatda öz idealını tapır, ona oxşamağa çalışır və onda dəyərlər haqqında müəyyən təsəvvürlər formalaşır. Bütün bu dünyagörüşün formalaşmasında təhsil aldığı məktəb böyük rol oynayır. Və uğurla təşkil olunan tərbiyəvi işlər şagirdə tərbiyə aldığı mühiti hədiyyə edir. Biz pedaqoqlar bu işdə peşəkar bacarıq göstərməklə onlara obyektiv təsir göstərməkdəyik.

Ruhulla Zahidov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.