MÜBARİZ AGAKƏRİM OGLU İBRAHİMOV

07 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş ailədə anadan olmuş, 1994-2005-ci illərdə şəhid M.Piriyev adınа kənd orta məktəbində təhsil almışdır.

Orta məktəbi bitirdiyi ili hərbi xidmətə çağrılaraq Daxili Qoşunların Xüsusi Təyinatlı bölüyündə xidmət çəkmiş və 2007-ci ildə çavuş rütbəsində hərbidən tərxis olunmuşdur.

Bir müddət mülki işdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında könüllü olaraq yenidən ordu sıralarına qayıdaraq Silahlı Qüvvələrin Təlim-Tədris Мərkəzinin gizir hazırlıq kursunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra ehtiyat hərbi hissəyə xidmətə göndərilmiş gizir M. İbrahimov böyük təkidlə ön xətdə yerləşən hərbi bölməyə göndərilmişdir.

İdmanın boks növü ilə məşğul olmuş M. İbrahimov əsgərlərini də idman etməyə sövq edir, siyasi dərs deyərkən mərdliyi, ölümdən qorxmayaraq ölümsüzlüyə qovuşmağı onlara aşılayır, sərhədlərimizin toxunulmazlığı, ölkəmizin bütövlüyü, düşmən tapdağından azad olunması yolunda canlarından belə keçməyi öyrədir, – «Vətəni ürəyi Allah eşqi ilə döyünənlərə etibar etmək olar» deyərdi.

Mənfur ermənilər tez-tez atəşkəsi pozurdular. Həmin günü, 18 iyun 2010-cu ildə Tərtər rayonunun Çaylı kəndi istiqamətində, Şiştəpə ərazisində ermənilər dəfələrlə atəşkəsi pozsa da öz yerlərinə oturdulurdular. Nifrət etdiyi xalqa intiqam vaxtı çatmışdı. Ermənilərin bu azğınlığına dözməyən M.İbrahimovu intiqam hissi alovlandırırdı. O bilərəkdən şəhidlik yolunu seçdi. Axşaм namazını qıldı, əvvəlcədən ailəsinə məktub yazaraq bu yolu seçdiyini göstərdi və cənnətdə görüşəcəklərini vurğuladı. Məktubu paltarının döş cibində saxladı.

Gecə 23:30 radələrində silahlanaraq təkbaşına iki ordu arasındakı minalanmış sahəni keçərək birinci həmlədə düşmənin 50-dən artıq əsgər və zabitini məhv etmiş, sonra düşmənin öz silahlarından özlərinə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşərək böyük itkiyə məruz qoymuşdur.

Qeyri-bərabər döyüşdə düşməni ağır itkilərə məruz qoymuş hər kəsin fəxr edib, qürur duyacağı qeyrətli Vətənpərvər oğlu Mübariz İbrahimov səhər saatlarında, 22 yaşında ən uca zirvəyə şəhidlik, ölməzlik ucalığına yüksələrək ailəsinə, xalqımıza, dövlətimizə qürur gətirdi, başımızı uca etdi. Hərb tariximizə yeni bir nəfəs gətirdi, qəhrəmanlıq salnaməsi yazdı.

Düşmənin «Rembo» adlandırdığı M. İbrahimov öz qəhrəmanlığı ilə düşməni şok vəziyyətinə salaraq anlatdı ki, səbrimiz tükənməz deyil, məni kimi oğullarımız çoxdur. Və istənilən vaxt Vətən torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar.

Az vaxtda xidmət etdiyi hərbi hissə heyətinin böyük rəğbətini qazanmış M.İbrahimov artıq xalqımızın mərdlik-kişilik simvoluna çevrilmişdir.

18 iyun 2010-cu ildə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhrəmancasına həlak olmuş Mübariz İbrahimovun xidmətləri yüksək qiymətləndirilərək 22 iyul 2010-cu il tarixində 1040 saylı sərəncamla ölkə prezidenti tərəfindən ən yüksək ada – «Azərbaycanın Milli Qəhrəmanı» аdına layiq görülmüşdür.

Şəhid-qəhrəmanın nəşi dörd ay yarımdan sonra 07 noyabr 2010-cu il tarixində Vətənə gətirilərək 07 noyabr 2010-cu il tarixində 2-ci Fəxri Хiyabanda dəfn olunmuşdur.

Biləsuvar rayonunda küçələrdən birinə qəhrəmanın adı verilmiş, doğma kəndində, oxuduğu məktəbin qarşısında büstü ucaldılmış və lisey-məktəb kompleksi qeyrət simvolu, hər birimizə nümunə olan Mübariz İbrahimovun adını daşıyır.

Milli Qəhrəman Çingiz Mustafayev Fоndu və «ANS» Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu «2010-cu ilin adamı» elan etmişdir.

«Palmalı» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov 2010-cu il oktyabr ayının 15-də Türkiyədə «Beşiktaş» Gəmiqayırma zavodundan Türkiyədə suya endirilmiş gəmi-tankerə Azərbaycanın  Milli Qəhrəmanı Mübariz İbrahimovun adını vermişdir ki, hazırda bu gəmi dünya sularında qəhrəmanın adını yaşadır.

Xalqımızın qorxmaz, ölməz, igid oğlu, Azərbaycanın  Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsi daim yaşayacaqdır.Müəllif: Qorxmaz Səmədov

                                                                                                                   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir