İranla Sərhəd Qapıları Açıldıqdan Bir Gün Sonra 20 Yanvar Qırğını Oldu

19 yanvar 1990-cı il saat 11:20-də SSRİ ilə İran arasında olan Astara çayı üzərindəki qapını açdılar. Bu qapı iki ölkə arasında sərhəd sayılırdı. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra ilk dəfə idi ki, sərhəd qapısı açılırdı.

Şahidlərin dediyinə görə, qapı 3 gün açıq qalıb 

Həm iranlılar, həm də azərbaycanlılar sərbəst şəkildə sərhədi keçə biliblər. O vaxt Moskva televiziyası sındırılmış sərhəd qapısını gösrərək bu hadisəni törədənləri «narkoman», «sərxoş» adlandırmışdı. İran isə əhalinin bu istəyini onlara birləşmək kimi açıqlayırdı. Ancaq bu hadisəylə bağlı başlıca sual İranın sərhədi niyə açması idi. Rus sərhədçiləri qapıları təzyiq altında açmışdılar. Sərhəddə 4 rayonun 5 minə yaxın sakinləri yığılmışdı. Bəs sərhəddə böyük hərbi güc toplayan İran tərəfi nə üçün qapılarını açdı?

«BİZƏ DEMİŞDİLƏR Kİ, SİZİ GÜLLƏLƏYƏCƏKLƏR»

Hadisələrin iştirakçısı Hacı Faiq Cəfərov: «Səhər saat 9-da «Azadlıq» meydanında toplaşdıq. Oradan da sərhədə yürüş etdik. Bizə demişdilər ki, sərhəddə 300 nəfərdən çox xüsusi təyinatlı dəstə yerləşdirilib. İranla Azərbaycan arasında olan körpünü tanklar və başqa zirehli maşınlar qoruyurdu. Bizə demişdilər ki, sizi güllələyəcəklər. Ancaq belə olmadı. Birinci qapını keçdik, körpünün üstündə olan ikinci qapını açmaq istəmirdilər. Bir saata qədər körpünün üstündə qaldıq. İran tərəfində bir sərhəd zabiti gəlib qapının kilidini açdı».

F.Cəfərov deyir ki, məqsəd xalqlar həbsxanasına çevrilmiş SSRİ-nin sərhədini keçmək idi. O vaxt belə düşüncə var idi ki, SSRİ-nin sərhədi toxunulmazdır. Digər tərəfdən Azərbaycana müstəqillik, özümüzə azadlıq istəyirdik. Onun sözlərinə görə, İrana birləşmək istəyi ümumiyyətlə olmayıb:

«3 gün qapılar açıq qaldı. Gedib doğmalarımızı axtardıq. 20 yanvarda İran Astarasında olanda eşitdim ki, Bakıda qırğın olub. Sərhəd qapılarının açılması 20 yanvara hazırlıq idi».

ASTARA ŞƏHƏRİNİN ƏTRAFI TANKLARLA DOLU İDİ

Hadisələrin digər iştirakçısı Elçin İbrahimli belə hesab edir ki, qapılar açılmasaydı, qırğın olardı. O deyir ki, Astara şəhərinin ətrafı tanklarla dolu idi. «Qoşun sərhədin qapısını mühasirəyə almışdı. Son anda fikirlərini dəyişdilər, qapıları açdılar».

«XALQ İRANI YOX, MÜSTƏQİLLİK İSTƏYİRDİ» 

O vaxt Astara rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri işləmiş Həbib Rəsulov deyir ki, rayonda ictimai asayişi qorumaq üçün komissiya yaradılıbmış:

«Komissiyanın sədri mən idim. Rayon partiya komitəsinin birinci katibi Sultan Məmmədov xəstə yatırdı. Qalanları işə çıxmırdı. Meydanda tək qalmışdım. Yuxarıdan demişdilər ki, əhali sərhədi keçsə, bu Azərbaycanın müstəqil olmasına şərait yaradacaq. Xalq İranı yox, müstəqillik istəyirdi. Yanvarın 19-na kimi rus sərhədçiləri möhkəm durmuşdular. Xəbərimiz var idi ki, sərhəd qapılarına yaxınlaşanları vuracaqlar. Boris Brakov adlı zabitin başçılığı altında dəniz kənarı vasitəsi ilə Astara keçid məntəqəsinə yaxınlaşırdı. Onları qarşıladıq və başa saldıq ki, bu məsələni qırğın törətməklə həll etmək olmaz. Qoşun geri qayıtdı. Çox qəribədir ki, həmin günü sərhədçilər də fikirlərini dəyişdilər. Geriyə çəkildilər. Sonra bildik ki, Moskvanın göstərişi belə olub».

Astarada sərhəd qapıları açıldıqdan bir gün sonra 20 Yanvar qırğını oldu, 5 gündən sonra isə Lənkəran hadisələri baş verdi, rus qoşunları 5 nəfər dinc sakini öldürdü.

Qaynaq: Azadlıq Radiosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir