“Azərbaycanda fəaliyyət göstərən xarici diplomatları buraya – Füzuli rayonuna ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər”.
Azərbaycan Müjdələri Redaksiyası bildirir ki, bununla bağlı jurnalistlərə açıqlamasında xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, bu səfər əvvəllər mümkün deyildi:
“Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burada hər şeyi darmadağın ediblər. Diplomatları buraya ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik.
İndi isə diplomatları gətirdik. Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”.
“Ermənistan tərəfindən Füzuli şəhərinin dağılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk. “Ruh şəhər” Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq”, – deyə Prezidentin köməkçisi öz “Twitter” hesabında paylaşım edib.