General POLAD HƏŞİMOV.

02 yanvar 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəl 28 saylı və sonra 34 saylı şəhər orta məktəblərində təhsil almışdır. Məktəb  illərindən şahmatla məşğul olmuş, riyaziyyat fənni üzrə məktəblərarası keçirilən fənn olimpiadasında 2-ci yerə layiq bilinmişdir.  Uşaqlıq arzularını gerçəkləşdirmək məqsədi ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş və müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi məktəbdə əldə etdiyi bilikləri zabit kimi xidmətə başlayaraq tətbiq etmiş və daha çox təcrübə qazanmışdır. Nümunəvi xidmət göstərərək rütbəsi, vəzifəsi artmış, 2003-cü ildə Mayor Polad Həşimov Heydər Əliyevin sərəncamı ilə “Hərbi Xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Öz fiziki, taktiki, texniki hazırlığı, bilik və səriştəsi ilə daim öndə olan Polad Həşimov 6 il sonra – 2009-cu ildə polkovnik-leytenant rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuş səriştəli hərbiçi 2016-cı ilin 4 günlük aprel döyüşlərində mənfur ermənilərin növbəti dəfə torpaqlarımıza təcavüzünün qarşısını alarkən göstərdiyi şücaətə görə II dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə mükafatlandırılmışdır. Həmin vaxtı, cəbhə boyu baş verən döyüşlər zamanı Polad Həşimov Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olmuş və döyüş zamanı yaralanmışdır. Düşməndən geri alınmış strateji əhəmiyyətli yüksəklik-postlardan biri cəsur komandirin şərəfinə “Polad Postu” adlandırılmışdır.

2019-cu il iyunun 25-də Polad Həşimovun Vətən yolunda xidmətləri yüksək qiymətləndirilərək general-mayor ali hərbi rütbəsi verilmişdir. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin edilmişdir. Daim səngərlərdə əsgər və zabitlərimizlə bir arada olan General-Mayor Polad Həşimovu “Səngər Generalı” da adlandırırdılar. Polad iradəli, cəsur, ürəkli general döyüş bölgələrində, strateji yüksəkliklərdə düşməni nəzarət altında səksəkədə saxlayırdı. O, özü də erməni quldurlarının hədəfinə çevrildiyini yaxşı bilsə də erməni ədalətsizliyinə qarşı nifrət hissi ilə vuruşurdu.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində düşmənin daha bir təxribatının qarşısını alarkən qorxmaz döyüşçü, General-Mayor Polad Həşimov həlak oldu. Böyük Vətən Müharibəsində bir generalımızı, – Həzi Aslanovu, mənfur, yağı düşmən ermənilərin başladığı müharibədə İsmət Qayıbovu, Məhəmməd Əsədovu və 3-cü daha bir General-Mayorumuz Polad Həşimovu itirdik, qəhrəmancasına həlak oldular.   

14 iyul 2020-ci ildə General-Mayor Polad Həşimovun nəşi ata yurdu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. İyul ayının 15-də II Fəxri Xiyabanda, onunla birlikdə şəhid olan artileriya polkovniki İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. Vida mərasimində müdafiə naziri Zakir Həsənov, nazir müavini Ramiz Tahirov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov ,Prezident Adminstarasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak etdilər.

Vətən qarşısında sınaqdan alnıaçıq çıxmış general öz insani keyfiyyətləri, nurlu çöhrəsi, ünsiyyətçilliyi, xoş rəftarı ilə onu tanıyan hər kəsin qəlbində dərin iz buraxmışdır. Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşdə qazandığı uğur və nailiyyətlərə görə təqdim olunmuş mənzili şəhid ailəsinə hədiyyə edərək özünün kirayəşin yaşamasını insanlığın zirvəsi hesab etmək olar.

Ölkə prezidenti İlham Əliyev belə bir igid-qəhrəmanı dünyaya gətirmiş Səmayə anaya və ailəsinə səbr, baş sağlığı diləmiş və yenidən mənzil hədiyyə etmişdir. Qəhrəmanın 2 oğlu və Aybəniz adında 16 yaşlı qızı var.

Generalın şəhid olmasından bir neçə gün sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı Polad Həşimovun büstünü hazırlamışdır.

Şəhidlər hər biri Allah-Təala tərəfindən seçilmiş, xüsusi fərdi keyfiyyətlərə malik,-qəhrəman, cəsur, qorxmaz, igid, Vətəni canından, qanından, ailəsindən əziz, uca tutan, Vətən təəssübkeşliyini ən yüksəkdə saxlayan, Vətənpərvər, ölümün gözünə dik baxaraq düşmən üzərinə mətin addımlayan, ən yüksək ada, ən yüksək pilləyə, ən yüksək ehtirama layiq oğullarımızdır.

Mənfur düşmən bilsin ki, nə generalımız, nə də əsgərimiz heç nədən çəkinmir. Təkcə bir əmr və bir həmlə kifayətdir ki, düşmən pərən-pərən olub qaçsın, torpaqlarımızı və hətta tarixi torpaqlarımızı boşaltsın və İnşallah həmin gün uzaqda deyil, – bu mütləq baş verəcək!

Qələbə bizimlədir!                          

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir