Azərbaycan Müjdələri Saytı bildirir ki, silinən səhifə və profilləri “İnternet Research Agency”, yəni “İnternet Araşdırmalar Agentliyi” yönəldirdi.
“Bu gün biz dünyada keçirilən seçkiləri qorumaq üçün önəmli addım atdıq. Rusiyanın “İnternet Research Agency” qurumunun əlində olan 270-dən çox səhifə və profili sildik”, – deyə Mark öz Facebook profilində yazıb.
Onu da yada salaq ki, indi Facebookda şəxsi məlumat güvənliliyinin təmin olunması üzərində 14 minə yaxın insan çalışır.
Bir az öncə Zukerberq Facebook-dan məlumatların sızmasına görə, Britaniya qəzetləri ilə sosial şəbəkə istifadəçilərindən üzr istəmişdi.
İki həftə öncə sosial şəbəkə fəalları və blogerlər Facebook hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.
Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin 50 milyondan çox Facebook istifadəçisinin özəl bilgilərindən öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.
İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini yaradıb.