Dünya liderləri Rusiyanın qondarma qurumları tanımasını qınayıb

Rusiya prezidenti Vladimir Putin Rusiyanın qondarma “Donetsk və Luqansk xalq respublikalarının” müstəqilliyini rəsmən tanıdığını açıqlayıb.

Azərbaycan Müjdələri Redaksiyası YALAN.info saytına istinadən bildirir ki, artıq bir çox dünya liderləri Rusiyanın bu qərarını qınayıb.

Belə ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, AB diplomatiyasının rəhbəri Josep Borrell və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan ediblər ki, “DXR” və “LXR”in tanınması Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

Böyük Britaniyanın Baş nazir Boris Conson deyib ki, qondarma qurumların tanınması beynəlxalq hüququ pozur. O, mətbuat konfransını yarımçıq kəsərək Zelenski ilə danışmağa gedib: “Mən gedib Ukrayna prezidenti Zelenski ilə danışacam və ona Böyük Britaniyanın dəstəyini təklif edəcəyəm” –  deyib.

Baş nazir Boris Conson: Ukrayna prezidenti Zelenskiyə Böyük Britaniyadan dəstək təklif edəcəyəm

Litvanın xarici işlər naziri Qabrielius Landbergis Rusiyanın “LXR” və “DXR”i tanımaq qərarının sanksiyalarla qarşılanmalı olduğunu vurğulayıb.

Həməçinin, Estoniya Xarici İşlər Nazirliyi “psevdorespublikaları” tanıdığına görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

İsveçin xarici işlər naziri Ann Linde də Rusiyanın sözügedən qərarını pisləyib. “Bu, Beynəlxalq hüququn və Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır”, – deyə o, qeyd edib.

“Norveç Rusiyanın qondarma “Xalq Respublikaları” olan Donetsk və Luqanskı tanımaq qərarını pisləyir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulması, Minsk razılaşmalarının ruhuna və məzmununa birbaşa ziddir”, – deyə Norveç XİN-in bəyanatında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir