Gəncədəki Cavad xan küçəsinin uzunluğu 435 metr olsa da, burada tariximizin ən gözəl məqamları mövcuddur və tarix, müasir memarlıq elementləri vəhdət təşkil edir. Bərpa edilən binalar əsasən XIX əsrin II yarısında tikilmişdir.
Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanlılar nəslinin yaşadığı ev də burada yerləşir. Bundan başqa Azərbaycan Xalq Cümhuriyyəti dövründə «Azərbaycan» qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəə, AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir.
Aparılan abadlıq-quruculuq işləri Cavad xan küçəsini açıq səma altında muzeyə çevirmişdir. Burada genişmiqyaslı quruculuq işləri Gəncə memarlığına uyğun aparılmışdır. Binaların dam örtükləri yenidən qurulmuş, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanmışdır. Küçəyə kanalizasiya xətləri çəkilmiş, qaz və su boruları yerin altına salınmışdır. Küçə boyu 9 min kvadratmetr sahədə qranit pilitələr döşənmiş, müxtəlif yerlərdə 7 fəvvarə quraşdırılmışdır. Binaların hamısı gecə işıqlandırılması ilə daha da cəlbedici olmuşdur. Bu isə küçənin özünəməxsus simasına xüsusi gözəllik bəxş edir.Mujde.az