Bəxtiyar Vahabzadənin Zaman Adlı Qarabağ Atına Yazdığı Şeir

1956-cı ilə Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Xruşov Böyük Britaniyanın kraliçası Yelizavettaya qızılı rəngli Zaman adlı Qarabağ atını hədiyyə göndərmişdi.

Hədiyyəni Ağdam Atçılıq Zavodundan Bakıya tanınmış jokey Əli Tağıyev gətirir. Sonra Biləcəridən qatarla Rusiyaya, oradan isə gəmi ilə Böyük Britaniyaya aparır.

Amma Britaniyada at xəstələnir. Atın xəstəliyi ilə bağlı olaraq baytarlar deyirlər ki, at vətənin həsrətini çəkir və onun başqa heç bir xəstəliyi yoxdur. Bir müddət sonra isə Zaman adlı at, Qarabağ – vətən həsrəti çəkərək ölür.

Bəxtiyar Vahabzadə 1976-cı ilə Şəkidə bu hadisəyə “Qarabağ atı” şeirini yazır.

Cıdır düzü…
Sinəsində at oynaqlar,
Cıdır düzü –
İgidliyin arayışı –
Üstündə də nal ləpiri möhür bağlar.
Qarabağın cins atları –
hünərimin kişnərtisi,
Toppuzların gurultusu,
Qılıncların parıltısı,
Neştər səsi!
Qarabağın kürən atı –
Döyüşlərdə arxasıdır
Koroğlunun,
Bayandurun.
Cilovunu gəmirdimi,
hünəriniz varsa əgər o qızmamış,
Qamçıların hədəsinə dayandırın!
Kişnədimi o uçacaq.
Kişnərtisi – qanadları!
Qamçı vurma!
Qamçı yola gətirənni cins atları?
Zaman keçdi,
Zəmanəmdə “Qırat”, “Dürat”, “Zaman” oldu
İgidliyi kitablara köçürüldü.
Yaddaşlarda unuduldu.
“Zaman” atım, aman atım!
Keçmişimdən bu günümə amanatım!
Avtomobil zamanında
Niyə, axı, sənin adın “Zaman” oldu?
Geriyəmi döndü zaman,
Məgər raket-kaman oldu?

“Qırat”, “Dürat”
İndi nədir?
Ekzotika, eksponat!
Dövrümüzdə nə deməkdir
Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta
Yelləndikcə
Arasında göyün, yerin,
Nəfəs alır havasıyla
Ötüb keçən təmtəraqlı əsrlərin.
O bəyənmir
Asfalt üstə quş tək süzən maşınları,
Göydə gəzən maşınları.
İstəyir ki,
Əsrin dəli sürətini unuda o,
Keçən əsrin duyğulara sığal çəkən
Ahənginə dəm tuta o.
Karetada seyrə çıxır,
At saxlayır.
O, dünənin ölüsünü
kəfənləmək əvəzinə
Sabahının körpəsi tək qundaqlayır.
Öz kökünə qayıtmaqla
güman edir
Öz əsrini qabaqlayır.
Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
“Zaman” yatmır ipə, sapa,
Dirək olub kişnərtisi yerə, göyə.

Nə qamçıya boyun əyir, nə hədəyə.
O gəmirir cilovunu,
Kraliça seyr eləyir gendən onu,
Ayaqları eşir yeri,
Yaxm qoymur həndəvərə mehtərləri.
Nə etməli?
Gəlir bir-bir
Cıdırlarda ad qazanan,
Rekord vuran minicilər.
Nə faydası,
O ram olmur.
Kraliça aram olmur,
Qəzəblənir:
-Britaniyada yoxmu məgər
bircə kişi, –
Ram eyləyə bu qızmışı?
Kraliça yana-yana
baxır ona –
Ceyran kimi duruşuna,
Hirslə yeri eşməsinə,
Heyran qalır
Kişnəyəndə gur səsinə.
At duyur ki,
Gözəlliyi heyran qoyub
Maddım-maddım baxanlan,
Neçə-neçə yarışlardan
Qələbəylə çıxanları.
Belə heyran baxışlardan
O iyrənir,
İstəyir ki,
belindəki
Onun ceyran hüsnünə yox,
Qaçışına,
Yürüşünə heyran qala.
İstəyir ki,
ayağının altındakı
Böyüdüyü torpaq olsun –

İstəyir ki,
belindəki
Yarışlarda nəmər alan jokey deyil,
Vuruşlarda zəfər çalan
igid olsun!
İstəyir ki,
yüyənini gəmirəndə
Cilovunu çəkib yığan
igid olsun.
İstəyir ki,
sahibi də
Atılmaya beldən-belə.
Kişnəyəndə
sahibi də
Kişnərtiyə cavab verə
Koroğlunun nərəsilə.
O, belində kraliça qəbzəsi yox,
Vuruş istər, hünər istər.
O, belində
aynalılı Həcər istər.
Günlər keçdi, aylar ötdü,
Qarabağın köhləninə
Qışda kişmiş,
Yazda yaşıl ot verdilər.
Səhər-səhər
Çəmənlərdə gəzdirdilər,
O yemədi, o içmədi.
Qızıl yüyən laqqıldadı çənəsində,
Dolandıqca yad torpağm sinəsində
Arıqladı o günbəgün.
Xiffətini çəkirdi at Şahbulağın,
Cıdır düzün.
Ürəyində
Sarı dağdan enən daşın
səsi dindi,

Gözlərində Daşaltının ağ sulan gilələndi.
O dözmədi,
yox, dözmədi,
Bu xiffətdə çox hikmət var.
Yad iqlimə dözə bilməz
Öz-özünü tanıyanlar!

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Qarabağ atı” animasiya filmi Bəxtiyar Vahabzadənin eyni adlı şeiri əsasında çəkilib.

“Qarabağ atı” animasiya filmi

 

Bəxtiyar Vahabzadənin Zaman Adlı Qarabağ Atına Yazdığı Şeir” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir