Azərbaycan Təhsilinin İnkişaf Zirvəsi

Bu gün Azərbaycanda cəmiyyətin bütün sahələrində böyük dəyişikliklər baş verməkdədir. İctimai şüur transformasiya olunur, dəyərlər sistemi yeniləşir.

Belə bir şəraitdə milli təhsilimiz bu hadisələrin mərkəzində durur. Azərbaycanın əhalisinin müəyyən bir hissəsinin təhsillə və təhsil sistemi ilə bağlı olduğunu nəzərə alsaq, təhsilin bu günkü əhəmiyyətini göz önündə canlandırmaq çətin deyildir. Təhsildə gedən islahatlar, onun məqsədləri, təhsilin məzmunu, təhsilin bu prosesinin bütün iştirakçılarına təsir dərəcəsi cəmiyyətin bu gününü və gələcəyini müəyyən edir.
Azərbaycanın müasir təhsil siyasətinin əsas ideyası inkişafdır. Bu ideya özündə şəxsiyyətin inkişafı üçün lazım olan şəraitin yaradılması, təhsil sisteminin inkişaf etdirilməsi, təhsilin cəmiyyətin inkişafının əsas faktorlarına çevrilməsi, təhsilin ardıcıllığı kimi məqsədləri birləşdirir. Bu məqsədlərin tam həyata keçirilməsi bütövlükdə cəmiyyətin hər bir üzvündən asılıdır. Müasir təhsilin inkişafı siyasəti həm cəmiyyətə, eyni zamanda da təhsil sisteminin özünə ünvanlanmışdır. Təhsil sisteminin inkişafı prinsipləri bir-biri ilə əlaqəlidir, bir-birini tamamlayır və təhsil sisteminin normal inkişafının təmin olunmasına yönəldilib.

Hal-hazırda Azərbaycanda təhsil sistemi yuxarıda sadalanan mərhələləri adlamış, təhsil sistemimiz uzun bir yol keçərək, bu günkü inkişaf səviyyəsinə çatmışdır. Müstəqilliyimizin ilk illərində böyük çətinliklərlə qarşılaşan milli təhsil sistemimiz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeni bir mərhələyə – inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmiz müstəqillik əldə etdiyi dövrdən Azərbaycanda təhsil sahəsində tənəzzül, təhlükəli dağıdıcılıq halları müşahidə olunmağa başladı. 1992-ci ildə respublikamızda təhsilin inkişafını müəyyənləşdirən təhsil konsepsiyası olmadan tələsikliklə qəbul olunmuş Təhsil Qanunu bu prosesin qarşısını almağa qadir olmadı və əksinə, bir sıra yeni problemlər yaratdı və respublikada təhsil prosesinin inkişafına kifayət qədər şərait yarada bilmədi. Təhsilin inkişafına 1993-cü ildən sonra xüsusi qayğının göstərilməsi Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev cənablarının daha çox diqqət mərkəzində olmuş, vətəndaşların təhsil hüquqları məhz möhtərəm Prezidentin rəhbərliyi ilə işlənilmiş və qəbul edilmiş konstitusiyada dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılmış, Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində islahatların aparılması üçün tapşırıqlar vermişdir.

Ulu Öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Cənab Prezidentin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini daha da təsdiqləyir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusilə vurğulamışdır: “Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intellektual potensialın formalaşmasında, milli – mənəvi dəyərlərin qorunub saxlanılmasında, şəxsin, vətəndaşın fərdi inkişafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır. Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” müddəasını əsaslandıran dövlət başçısının dediyi kimi, ”təhsil əsri elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir”.
Ölkəmizdə milli təhsilimizin inkişafı sahəsində son illər mühüm nailiyyətlər əldə edilmişdir. Respublikamızın Prezidenti İlham Əliyev cənablarının dayanıqlı təhsil sisteminin yaradılması məqsədi ilə 24 oktyabr 2013-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin inkişafında daha yüksək müsbət irəliləyişlərin əldə edilməsinə şərait yaratmışdır. Bu inkişaf məqsədilə 5 istiqamət müəyyənləşdirilmişdir. Bunlara, şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması və s. aiddir. Bu, çox əhatəli, strateji bir sənəd olmaqla qarşımıza yeni və çox mühüm vəzifələr qoyur. Təhsilimiz tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri də yerinə yetirir.

Orta təhsil müəssisələrində pedaqoji prosesin “müəllim-şagird” əməkdaşlığına çevrilməsi, təhsilin, tədrisin səviyyəsinin yüksəldilməsi, qabaqcıl təcrübə nümunələrinin təşviqi, orta təhsil ocaqlarında tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq, təhsilin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi, pedaqoq və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bu günkü şagirdlərin gələcək həyata hərtərəfli hazırlıqlı, savadlı, bacarıqlı vətəndaşlar kimi yetişdirilməsi orta təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdir.
Bu sahədə dövlətimiz islahatyönümlü tədbirlər həyata keçirir, milli təhsilimizin dünya standartlarına cavab verəcək bir sistemə çevrilməsi üçün çox mühüm addımlar atılır.

Digər orta təhsil ocaqları kimi Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb də təhsillə bağlı dövlət proqramlarından, normativ sənədlərdən irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətini artırır, məktəbin müəllim-pedaqoq heyəti təhsilin keyfiyyətinin artırılması yolunda əzmlə çalışır. Bu məqsədlə, təhsil alan şagirdlərin günümüzün tələblərinə cavab verən, hərtərəfli inkişaf etmiş vətəndaşlar kimi yetişməsi ilə bağlı tədbirlərin təşkili və gücləndirilməsi, onların savadlı insanlar kimi hərtərəfli inkişafını təmin edən tədris işinin təşkili həmişə diqqət mərkəzində saxlanılır. Görülən işlər məktəbdə tədris və təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində önəmli rol oynamışdır.
Gənclərimizə diqqət və qayğı, harmonik inkişafa malik insan yetişdirmək istəyi Azərbaycan xalqına xas olan milli xarakterik cəhətlərdən biridir. Ona görə də təlim-tərbiyə və mənəvi-maarifçilik ilə bağlı işlər məktəbimizin fəaliyyətinin əsas vacib istiqamətlərindən biridir.
Bu işlər savadlı, hərtərəfli inkişaf etmiş, Vətənə məhəbbət, xalqımızın adət-ənənələrinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş, mənəviyyatlı, əxlaqca kamil, Milli İstiqlal ideyalarına, Dövlətimizə və Dövlətçiliyimizə sadiq gənclərin tərbiyəsinə istiqamətləndirilmişdir. Bu, mənəvi-əxlaqi, vətənpərvərlik, hüquqi, bədii-estetik, fiziki, ekoloji, zəhmətsevərlik və digər tərbiyəvi işləri özündə birləşdirir.
Məktəbimizdə tərbiyə və mənəvi-maarifçilik işi məktəbin direktoru tərəfindən tərtib və təsdiq edilən plan əsasında aparılır. Mənəvi-maarifçilik sahəsində ortaya çıxa biləcək problemlərin aşkar edilməsi, təlim-tərbiyə işində şagirdlərin və müəllim heyətinin tələbatının öyrənilməsi üzrə sosioloji tədqiqatların aparılması, mənəvi-maarifçilik fəaliyyətdə aktual məsələlərin həllində təcrübə mübadiləsi ilə bağlı toplantılar, məktəbdə mənəvi-maarifçilik fəaliyyətin prioritet istiqamətlərinin müəyyən edilməsi, bu işdə tələb olunan normativ-metodiki sənədlər və tövsiyələrin işlənilib hazırlanması və yayılması məktəbdə əsas fəaliyyət istiqamətlərindən biridir. Bu işdə bütün müəllim heyəti iştirak edir. Vətənpərvərlik, humanizm, öz dövlətinə və xalqına bağlılıq və sədaqət – biz şagirdlərimizə bu hissləri aşılamağa çalışır, onları yüksək əxlaqlı, Ulu Öndər ideyalarına sadiq vətəndaşlar kimi görməyə can atırıq. Milli Müstəqillik ideologiyasının əsas ideyalarını şagirdlərə aşılamaq məqsədilə onlarla daim söhbətlər aparılır, Vətənimizin günü-gündən çiçəklənməsi, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşaması, xalqımızın firavan həyatını, bu əmin-amanlığın qorunub saxlanılması, Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən nəhəng ölçülü işlər bu söhbətlərin əsas mövzularından biridir. Şagirdlərin dünya görüşünün, bilik səviyyəsinin artırılması, təfəkkürünün genişləndirilməsi məqsədilə onlarla mütəmadi olaraq görüşlər keçirilir və söhbətlər aparılır. Bu söhbətlərin əsas mövzusu və qayəsi dövlətçiliyimizə və dövlətimizə sədaqət hisslərinin və ruhunun aşılanmasıdır. Məktəbimizdə vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə təşkil olunmuşdur. Bu sahədə aparılan işlər öz müsbət nəticələrini verir. Hər il məktəbimizin məzunları arasından heç olmasa bir nəfər hərbi lisey və ya ali hərbi məktəbə qəbul olunur. Ümumiyyətlə, məktəbimizin ali təhsil ocaqlarına qəbulu səviyyəsi göstəriciləri də hər il öz artım tempi ilə diqqəti çəkir. Bu, əlbəttə ki, bizi sevindirir.

Məktəbdə əlamətdar günlərə və tarixi hadisələrə həsr edilən toplantı və yığıncaqlar artıq ənənə halını alıb. Müstəqillik Günü, Konstitusiya Günü, Müəllimlər Günü və sair günlərlə bağlı tədbirlər təntənəli şəkildə qeyd olunur. Bu tədbirlər həmişə tərbiyəvi xarakter daşıyır. Məktəbin müəllim və şagird kollektivi məktəbdaxili, həmçinin şəhər səviyyəli tədbirlərdə həmişə fəal iştirak edir.

Yuris XƏLİLOV,
Cəncə şəhər 34 nömrəli tam
orta məktəbin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir