“Amaryllis 125” adlı romanin müəllifi, gənc yazıçı Musayeva Şahanə Cümşüd qızı (M.C.Royal) 26 iyun 1994-cü ildə Yevlax şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə Dövlət Universitetinin Filologiya fakultəsinin Filologiya ixtisasını bitirmişdir. İndi Bakıda yaşayır. Yazarın ilk romanı “Amaryllis 125” psixoloji, fantastik, erotik mövzuda yazılmışdır.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı gənc yazıçıdan müsahibə almışdır. Azərbaycan Müjdələri Redaksiyasının saytı Mujde.az bəmin müsahibəni öz oxucularının diqqətinə çatdırır:
Salam. Özünüzü təqdim edə bilərsinizmi?
Salam. M.C.Royal, yazıçı.
Bəs nə üçün M.C.Royal? Öz adınız-soyadınızla tanınmaq istəmirsiniz?
Mən ümumiyyətlə tanınmaq istəmirəm. Romanlarımı məşhur olmaq üçün yox, bu işi sevdiyim üçün yazıram. Öz ad-soyadıma gəldikdə isə bu bir az da yazdığım kitabların mövzusu ilə əlaqəlidir. Azərbaycanda erotik mövzuda yazarların çox gözəl qarşılandığını düşünmürəm.
Bəs onda nə üçün bu mövzuda yazırsınız?
Dediyim kimi, romanlarımı kiminçünsə yazmıram, ya da kimlərinsə necə qarşılayacağını dərindən düşünmürəm. Yazmağı çox sevirəm və erotikaya da canlıların instikti kimi yox, bir sənət kimi baxıram.
Hər halda sadəcə özünüz oxumayacaqsınız. Sizcə Azərbaycanda erotik mövzuda yazılmış kitablara tələbat varmı?
Azərbaycan Ədəbiyyatında erotik kitab axtarışı edəndə qarşıma yalnızca bir kitab çıxdı və bu məni çox məyus etdi. Ədəbiyyatımızda bu mövzuda yazılacaq kitabların bir qrup tərəfindən tənqid ediləcəyinə də əminəm, ancaq ölkəmizdə xarici ədəbiyyatın erotik mövzuda yazılmış kitablarına üstünlük verənlər də var.
Yəni pis qarşılanacağınızı, insanların sizi anlamayacağını düşünürsünüz?
Kitabmın mövzusu erotik olduğunu söyləyən zaman bunu qeyri-adi qarşılayanlar da olur və o zaman günah işləmiş kimi hiss etdirirlər. Ancaq bunun heç də belə olmadiğını düşünürəm.
İlk kitabınız haqqında məlumat verə bilərsinizmi?
“Amaryllis 125” mənim ilk romanımdir. Romanın qarışıq olduğu və anlaşılmayan, qısaca desək sirli qalmış səhnələri olduğunu deyənlər olub, ancaq 2-ci və ardınca davam edəcək olan 3-cü, 4-cü kitablarda hamısı tamamilə açıqlığa qovuşacaq. Erotik və işgəncə səhnələri bəzilərini ürküdə bilər, ancaq bu tamamilə xəyal məhsuludur və normal qarşılanmalıdır deyə düşünürəm.
Çox gəncsiniz. Bu mövzuda yaza bilmək üçün yetərincə təcrübəniz varmı? Yəni insan özününün qarşılaşmadığı, yaşamadığı mövzuları qələmə ala bilərmi?
Erotik səhnələrin yaşadığım təcrübələr əsasında yazılıb-yazılmaması ən çox eşitdiyim sualdır desəm yanılmaram. Mənim cavabımı gözləyib eşitmədən bu suala əlbəttə ki, cavab tapır və özlərini inandirirlar. Sanki bütün mövzuları yaşadığımdan əmindirlər. “Ancaq xəyal məhsuludur” dediyim zaman çox ciddiyəm. Ədəbiyyat da elə məhz bundan qaynaqlanır.
Hansı sualı bizdən gözləyirdiniz, ya da verməyimizi istəyərdiniz?
Bilirdim ki, nə üçün erotika mövzusunu seçdiyimi soruşacaqsınız və belə də oldu. Çünki kitabım haqqında ən çox eşitdiyim sual niyə sırf erotik mövzuda olmasıdır? Əvvəlcə onu demək isdəyirəm ki, kitab sırf erotik mövzuda deyil. Sadəcə olaraq hər səhnəni tam və açıq şəkildə yazmaq isdədim və yazdım.