ABŞ-ın Azərbaycandakı səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb

İyunun 5-də ABŞ-ın Azərbaycandakı səfirliyi Masallı şəhərində qadın sahibkarlar üçün iftar süfrəsi açıb.
Mujde.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini, Proqramın layihə rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri, rayonun sahibkar qadınları, Milli Qəhrəmanların və Aprel döyüşçülərinin anaları iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova mərasim iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək bildirib ki, BMT-nin İnkişaf Proqramının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Qadın Rezurs Mərkəzi”nin 250 üzvü var. Onlardan 28 nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ötən il Mərkəzdə keçirilən əmək yarmarkasında 21 qadın işlə təmin olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uiliam Qil bildirib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan, qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir.
Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsinin və bu irsin qadınların nailiyyətləri və onların cəmiyyətdə mühüm rolları vasitəsilə yaşadığını vurğulayan Uiliam Qil bu il iftar süfrəsinin ilk dəfə bölgələrdə təşkil edildiyini, iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın İnkişaf Agentliyinin (USAID) və BMT-nin İnkişaf Proqramının dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmaqla özləri və ailələri üçün yeni imkanlar yaratmasından məmnun olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarına ən xoş arzularını çatdırıblar.
Sonda dualar oxunub və iftar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir