Həkimlərin 6 ay ömür qoyduğu qadının ÜRƏKDAĞLAYAN HƏYATI: Uşaqlara deyirmiş ki… – REPORTAJ-Mujde.az

Bir gün oyanırsan ki, paytaxtın kənar qəsəbələrindən birində, yerdən beş mərtəbə hündürlükdə, ömrünün payız çağında, budaqlarının meyvələrinin şirin suyunu ciyərlərinə çəkməyin həyəcanını yaşayarkən səni namərd bir xəstəlik yaxalayır.

“Qaraciyərin öz fəaliyyətini dayandırıb” – həkimlər deyir.

“Qızım hələ subaydır, oğlumun evlənmək yaşı çatıb” – bunu da sən düşünürsən.

Orta statistik Azərbaycan qadınının dar gündə də, şad gündə də düşünə biləcəyi ən primitiv bəşəri arzuların təcəssümüdür bu cümlə. Məhz övlad sahibi olduğu üçün karyerasından, şəxsi zövqlərindən, hətta bəzən yemək-içməyindən vaz keçib. Göz yaşı ovcunda, deyə bilmədiyi laylaların ağrısı kürəyində, bir qarnı tox, bir gözü yuxusuz övladlarının qayğısını çəkə-çəkə yaşa dolub. Qızı boya-başa çata-çata, o, iki dəfə uşaq olub. Oğlunun velosipeddən yıxılarkən qanatdığı dizlərinin yarasını üfürə-üfürə, ömründən ömür kəsdiyi canıyananlıqla qırx doqquz yaşına çatıb. Məktəbdə bütün dərslərindən beş alan o hörüklü qızı indi ömür əllisinə iki addım qalmış bu həyat dolu qadın kimi həyat dərsindən iki qiyməti ilə kəsmək istəyir.

Qadın evlənəndə də öz ata-anası ilə birgə evlənir, işləyəndə də beyin yarımkürəsinin bir küncündə ailəsi ilə birgə işləyir. Yaşa dolanda da ailə qayğısı ilə qocalır, xəstələnəndə də ailəsindən xəstələnir. Amma o, içində hər zaman qısınmağa bir təklik axtarır. Bu qədər insanın, qayğının, dərdin içində qadın o təkliyi də tapa bilir…

Məsələn, indi “Hepatit B” adlı zəhrimarı üç uşaq böyütdüyü bətnindən üç çimdik yuxarıdakı qaraciyərində dördüncü balası kimi əzizləyən Zülfiyyə xanımı xəstəlik çox da maraqlandırmır. Boğazından kəsib böyütdüyü uşaqlarına indi də ömründən kəsib calamaq istəyən bu zəhmətkeş ananı ailə başsızlığı ehtimalı, qadın xoşbəxtsizliyi, ana qayğısızlığı kövrəldir. İndi mərdimazar, üzüqaraolmuş bir xəstəlik vaxtilə gənc qız ikən taksidən qaçırdığı Zülfiyyəni nəvə oynadacaq yaşda ömründən kəsib-qoparıb birdəfəlik oğurlaması Rövşən bəyin başına yoxluq boyda bir daş salır.

Zülfiyyə xanım bədəninin qaraciyərin zəhər dadı verən xəyanətinə uğramasından bu ilin may ayında xəbər tutub.

“Şəkər xəstəliyim var. Son vaxtlar dəhşətli dərəcədə qalxıb-enirdi. Respublika Xəstəxanasında qan analizi verdim ki, dərdini öyrənim bu şəkərin. Öyrəndim ki, ağ ciyərimə su yığılıb. Litr yarım… Maye çəkiləndən sonra yenə analizlər verdim. Bu dəfə diaqnoz “qaraciyər serrozu” qoyuldu. Müalicələr etdim. Amma heç bir xeyri yoxdur. Qaraciyərin yetmiş faizi ölüb…”

Zülfiyyə xanım son sözü tələffüz edərkən gözləri otağın divarlarını, binanın daş örtüyünü, işıq dirəklərini, buludları aşıb çoox uzaqlara getdi. Xırda kirpiklərinin arasında həyat eşqi ilə işıldayan gözlərinin parıltısı sönüb fəryada çevrildi. “Ölüb…”

“On altı-on yeddi il əvvəl güclü sarılıq keçirmişdim. Onun zədəsi qaraciyərimdə qalıbmış. Sonra da şəkər xəstəliyi üstələyib daha pis vəziyyətə gətirib. Heç bizim nəsildə şəkər xəstəliyi olmayıb. Bəlkə də bir neçə il əvvəl avtomobil qəzası keçirdiyim vaxtı yarandı. Bilmirəm…

İndi qızdırmam olur, halsızlıq yaranır. Bir neçə müddət əvvələ qədər yataq rejimində idim. İndi-indi ayağa qalxıb hərlənə bilirəm”.

Xəstəliyindən danışarkən, elə bil, axşam oynamağa başı qarışdığı üçün evə gec gələn, üstü toz-torpaq içində olan dəcəl oğlan uşağını danlayır. Əslində isə tələsdiyi, tez gəldiyi üçün…

Danışarkən qarnını, tam da qaraciyərinin olduğu yerdən sığallayır. Xəstəliklə barmaqları vasitəsilə bir canlı kimi danışır.

“Sonra Qara Qarayev xəstəxanasında getdik. Maye çəkiləndən sonra ağ ciyərin üstünə düşüb vərəm axtardılar. O da çıxmadı. Hardasa, iki ay əvvəl qaraciyərin diaqnozu dəqiqləşdi. Sumqayıtda baş həkim var. Nazim doktor. Onun müalicəsi ilə nisbətən yaxşılamışam. Amma deyir ki, əmələ gələn deyil. Qaraciyər dəyişdirilməlidir. Əməliyyatla bağlı prosesi Gömrük xəstəxanasında, Mircəlal Kazımi doktor aparır. Həftədə bir dəfə “albumin” adlı iynə vurulmalıdır. İmkan olmadığı üçün on gündən-bir vurdururam. Bahalı iynədir”.

Həyatın özü kimi bahalı…

“Bütün qohumlarım səfərbər olub. Bir tərəfdən müalicə, əməliyyat üçün pul toplamağa çalışırlar. Bir tərəfdən donor axtarılır. Donor tapılıb. Bacımın qızının qaraciyəri mənə uyğundur. Amma maddi baxımdan əskiklik olduğu üçün əməliyyat oluna bilmirəm. Sarılıq keçirdiyim ərəfədə “Hepatit” olduğunu bilirdik. Amma dedilər ki, yatıb. Oyatma. Müalicə edib oyadacaqsan. Bunu Bərdədə dedilər mənə. Bakıda da gəlib yoxlandım. Həmin faizlər çıxdı. Amma… Nəbilim… İnsan…Belə…”

Bəli. İnsan. Həm laqeyd, həm fədakar, həm də çarəsiz insan… Bax insan belədir…

“Müalicələrim ongünlükdür hələ ki. İynələr olanda lap baha tutur – dörd yüz, beş yüz manat. Tabletlər olanda nisbətən ucuz… Həkim deyir ki, əməliyyat olunsa, hər şey yaxşı olacaq. Olunmasa, bu ciyərlə uzağı altı ay. Şəkərə görə insulin də qəbul edirəm. Şəkər məni pis vəziyyətə salmışdı. Ayaqlarım şişmişdi, iştahdan kəsilmişdim. Yataqda idim. Tənginəfəsliyim də vardı”.

Adına insan dediyimiz, o anlaşılmaz varlıq arada oksigensizlikdən yox, fikirdən, gələcəyin nə gətirəcəyini düşünməyin vahiməsindən də tənginəfəs qalır.

“Əməliyyat bahalıdır. Həkimin qəbuluna getdiyimiz vaxtlarda orada olan xəstələrlə çox söhbət etdik. Əməliyyat olunanlar çox yaxşı vəziyyətdə idi. Ümid var. Amma o ümid də 60 min manatdan asılı qalıb. Təkcə əməliyyat üçün bu qədər tələb olunur. Əvvəl diş çəkdirməkdən belə qorxan adam idim. Amma indi bu əməliyyatı istəyirəm”.

Söhbət boyu Zülfiyyə xanım olduğu yerlərdən, başına gələnlərdən cəm şəkildə danışırdı. “Getdik”, “öyrəndik”, “söhbət etdik”… Əvvəl zənn etdim ki, o, xəstəliyi ilə dost olub. Əl-ələ verib xəstəxanaya gedirlər. Bəzən evdə çay içib söhbət edirlər. Söhbətin sonunda isə məlum oldu ki, bu mübarizənin cəbhəsində Zülfiyyə xanımın ən yaxın dostu, ümid dirəyi elə onun həyat yoldaşı Rövşəndir.

“Heç nəyini əsirgəmədi məndən. Əlindən nə gəldisə elədi. Ona deyirəm ki, başıma bir iş gəlsə belə, sənə heç kim bir söz deyə bilməz. Çünki mənim üçün çalışır”.

“Kiçik qızım deyir ki, Allahın altında, mənim ciyərim düşərdi sənə…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.