UEFA Çempionlar Liqası: “Qarabağ” Mustafazadənin son dəqiqə qolu ilə qələbə qazandı

“Qarabağ” FK UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.

Mujde.az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl (4, 80) edib. Qonaqların heyətində Can Uzun (11) və Çaibi (80-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+3-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

“Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxt”a qarşı oyunun ən yaxşısı seçilib. Köhlən atların futbolçusu Bəhlul Mustafazadə isə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.

Bu qələbə ilə ağdamlılar bu mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar. Onu da bildirək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – VIII turda, yanvarın 29-da səfərdə İngiltərənin “Liverpul” kollektivinin qonağı olacaq.

İlham Əliyev: “Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ”!”

Prezident İlham Əliyev “Qarabağ”ın “Ayntraxt” üzərində qələbə qazanması münasibətilə komandanı təbrik edib:

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın “Qarabağ”!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir