ABŞ Prezidenti Donald Tramp İran KİV-ində yayımlanan ABŞ-İran sazişi layihəsinin həqiqətə uyğun olmadığını iddia edib.
Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı Amerika lideri öz “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İranın media vasitəsilə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur. Onların dedikləri, o cümlədən sazişin mövcudluğu ilə bağlı zəif və aciz bəyanatlar həqiqəti əks etdirmir. Onlar çox qeyri-dürüst insanlardır. Onlar üçün xoşniyyətli qarşılıqlı fəaliyyət anlayışı mövcud deyil”, – deyə Tramp bildirib.
O həmçinin İranı bir neçə saat əvvəl Hörmüz boğazında Hindistan gəmilərinə hücuma çalışmaqda gunahlandırıb: “Onların Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirdiyi və tamamilə dəf edilən hücum qəbuledilməzdir”.
Trampın fikrincə, İran hakimiyyəti qısa zamanda daha məsuliyyətli davranmağa başlamalıdır.
Yada salaq ki, İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair 14 bənddən ibarət memorandumun mətnini “Mehr” informasiya agentliyi yayımlayıb. Sənədə aşağıdakı razılaşdırılmış müddəalar daxil edilib:
- Otuz gün ərzində dəniz blokadasının aradan qaldırılması və ABŞ hərbi birləşmələrinin İslam Respublikası ilə sərhəd ərazilərdən geri çəkilməsi;
- ABŞ və müttəfiq dövlətlərin müqavilə çərçivəsində İranın yenidən qurulması üçün minimum 300 milyard dollar dəyərində bərpa planları hazırlaması;
- İranın neft və neft məhsullarının ixracına qoyulmuş sanksiyaların icrasının dayandırılması;
- Növbəti 60 gün ərzində Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı müzakirələrin keçirilməsi və bunun yekunlarına əsasən sazişin imzalanması;
- Nüvə müzakirələrinin başlaması üçün İran tərəfinin irəli sürdüyü şərtlər: 12 milyard dollarlıq aktivlərin sərbəst buraxılması, blokadanın ləğvi və neft sanksiyalarının dondurulması.