Sonuncu Sovet İttifaqı Qəhrəmanı – Oleq Babak

1991-ci ildə keçmiş SSRİ-nin Daxili Qoşunlarında qulluq edən Ukraynalı Oleq Babak erməni terrorçuları tərəfindən xaincəsinə öldürülür. Bu il artıq 25 ildir ki, sonuncu Sovet İttifaqını Qəhrəmanı bizimlə deyil.

Oleq Babak kimdir? Nə üçün o, Qarabağda döyüşürdü

Oleq Babak (Бабак, Олег Яковлевич) 1991-ci ildə keçmiş SSRİ-nin Daxili Qoşunlarının qaynar nöqtələrə göndərilən qüvvələrinin tərkibində qulluq edirdi.

O zaman Yuxarı Cibikli kəndi Ermənistanın Qafan, Qoris rayonları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalırdı. Erməni quldurları çalışırdılar ki, qəfil hücumlar etməklə yerli sakinləri qorxudaraq onları doğma yurdlarından didərgin salsınlar.

Oleq Babakın komandanlığında olan rota Qubadlı rayonunun Yuxarı Cibikli kəndində yerləşdirilmişdi. Sovet qoşunlarının tərkibindəki rota dinc sakinləri müdafiə etdirdi. Onların vəzifəsi silahlı toqquşmanın qarşısını almaq idi.

Həmin il pravoslav xristianların Pasxa və Müqəddəs Müjdə bayramları bir günə təsadüf etmişdi. Nadir hallarda belə olur. Leytenant Babakın taleyinə də, görünür, son döyüşünə həmin gün çıxmaq yazılıbmış. Ermənilərin növbəti təxribatı nəticəsində Yuxarı Cibikli sakinlərindən iki nəfər yoxa çıxmışdı. Kənd isə atəşə tutulurdu.

Yoxa çıxan mülki şəxslərdən biri meşəbəyi idi. Sakinlər bu haqda rotaya məlumat verir. Leytenant Oleq Babak kəndə gəlir ki, vəziyyətlə tanış olsun və erməni yaraqlılarının hücumunun qarşısını alsın. Onlar kəndə çatanda bəlli olur ki, meşəbəyi öldürülüb, digər sakin isə yoxa çıxıb. Bu zaman ermənilər növbəti dəfə hücum edirlər. Terrorçular Sovet əsgərlərinə də atəş açmağa başlayır.

Oleq Babak döyüş yoldaşları ilə birlikdə kəndi qorumağa başlayır. Yerli sakinlərdən sahə müvəkkili də onlara qoşulmuşdu. Oleq Babakın tabeçiliyində iki serjant var idi: Loginov və Boçkov. Serjantlardan biri yaralanır. Yerli sakinlərdən isə sahə müvəkkili və meşəbəyinin axtarışına çıxan nişanlısı Gülnarə adlı xanım yaralanır.

Erməni yaraqlıları meşəbəyinin axtarışına çıxan azərbaycanlıları pusquya salıb atəşə tuturdular. Yerli sakinlər arasında yaralananların sayı artmağa başlayır. Erməni yaraqlılarına kömək üçün əlavə qüvvələr gətirildiyini və atışmanın daha da intensivləşdiyini görən Oleq Babak yaralıları və yerli sakinləri döyüş meydanından çıxarmaq qərarına gəlir. Serjantlara əmr verir ki, yaralıları maşınla xəstəxanaya çatdırsınlar.

O, döyüş meydanında tək qalaraq iki saata yaxın erməni terrorçularına qarşı şiddətli döyüş aparır. Geriyə göndərdiyi Cibikli kənd sakinlərinə döyüş meydanından uzaqlaşmağa imkan yaratmaq üçün Oleq Babak ermənilərə müraciət edib sovet zabiti olduğunu deyir və atəşi dayandırmağa çağırır. Onu yüzə yaxın erməni döyüşçüsü mühasirəyə alır.

Bu zaman Babak onların arasında Sovet Ordusu sıralarında birgə qulluq etdiyi keçmiş döyüşçü yoldaşını görür. Babak ondan soruşur ki, məni xilas edəcəksənmi? Erməni də cavab verir ki, sən mənim millətimin nümayəndələrini öldürmüsən, səni necə diri saxlamaq olar? Müxtəlif mənbələrə görə, Oleq Babak qeyri-bərabər döyüşdə təkbaşına 30-a yaxın erməni quldurunu zərərsizləşdirmişdi.

Ermənilərdən biri arxadan yaxınlaşaraq “obrezi” Babakın zirehli gödəkcəsinin altına yönəldərək atəş açır. Beləliklə, erməni quldurları Oleq Babakı xaincəsinə, arxadan vurub öldürürlər.

Sovet qoşunları hadisə yerinə gələndə görüblər ki, Babakın meyiti yerdədir, amma silahı və zirehli gödəkcəsi yoxdur. Baxış zamanı görüblər ki, onurğa sütunundan atəş açılıb. Bundan sonra danışıqlar nəticəsində onun şəxsi silahını ermənilərdən almaq mümkün olub.

Həmin döyüş vaxtı Oleq Babakın 24 yaşı vardi. Bir ay sonra onun xidmət vaxtı sona çatacaqdı və o, doğma yurduna dönərək nişanlısı ilə toy etməyi planlaşdırırdı.

Bu şücaətinə görə Oleq Babak həmin ilin sentyabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Ondan sonra, 1991-ci ilin dekabrında SSRİ dağılır və beləliklə Oleq Babak Sovet İttifaqının son qəhrəmanı olur.

Sovet İttifaqının sonuncu Qəhrəmanı xatirələrdə yaşayır

Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Oleq Babakın xatirəsi
Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Oleq Babakın xatirəsi

Onun anadan olduğu kənddə, Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Oleq Babakın xatirəsi əbədiləşdirilib. Bəli. Öz anadan olduğu kənddə. Viktoriyada. Maraqlıdır ki, Viktoriya ingilis dilində “qələbə” deməkdir.

Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babak

Moskvada onun xidmət etdiyi 21-ci Xüsusi Təyinatlı briqadanın yaxınlığındakı küçəyə onun adı verilib. Həmin briqadada muzey fəaliyyət göstərir. O muzeydə Oleq Babakın şəxsi əşyaları, silahı, sənədləri, onun haqqında mətbuatda yazılan sənədlər toplanılıb saxlanır.

Həyat Naminə – CBC telekanalının Oleq Babak haqqında sənədli filmi

Caspian International Broadcasting Company (CBC) telekanalında öz həyatı bahasına azərbaycanlı dinc sakinləri erməni silahlılarının təcavüzündən xilas edən, SSRİ DİN Daxili Qoşunlarının leytenantı, sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın həlak olmasının 25-ci ildönümünə həsr olunan “Həyat naminə” sənədli filmi çəkilmişdir.

Oleq Babak haqqında AzTV, Xəzər telekanalları film hazırlayıblar. Ukraynanın televiziya kanalı da Sovet İttifaqının sonuncu Qəhrəmanı haqqında film çəkib. Ancaq bu sənədli filmini digərlərindən fərqləndirən cəhət odur ki, ilk dəfə olaraq çəkiliş qrupu onun döyüş yoldaşları ilə Moskva və Kiyevdə görüşmüş, həmin döyüşdə iştirak edən Boçkovu, kənd sakinlərini, sahə müvəkkilini danışdırmışlar. Daha bir fərqləndirici məqam da odur ki, CBC ilk dəfə üzə çıxarmışdır ki, onun qətlində Babakın keçmiş silahdaşı, sovet ordusunun keçmiş zabiti, erməni döyüşçü iştirak edib.

Həyat Naminə – Sənədli film (Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babaka həsr olunur)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir