İspaniyanın ədliyyə orqanları kolumbiyalı pop-ulduz Şakiranın 2011-ci ilə aid vergi iddiaları ilə əlaqədar öncəki qərarı ləğv edib və müğənninin xeyrinə hökm çıxarılıb.
Azərbaycan Müjdələri bildirir ki, bu məlumat İspaniya Krallığının Milli Məhkəmə Kollegiyasının yaydığı rəsmi mətbuat açıqlamasında öz əksini tapıb.
Yayımlanmış sənədə görə, instansiya Vergi Agentliyi və Mərkəzi İnzibati-İqtisadi Məhkəmənin 2011-ci il üzrə əmlak və gəlir vergisinə dair kəsdiyi cərimələri ləğv edən qərarına qarşı verilən apellyasiya şikayətini təmin edib. Qəbul edilmiş yeni qərara görə, həmçinin müğənni tərəfindən öncədən ödənilən vəsaitlərin, habelə qanuni faizlərin və məhkəmə prosesinə çəkilən xərclərin geri qaytarılması nəzərdə tutulur. Qeyd olunan toplam məbləğ 55 milyon avronu üstələyir.
Qərarda vurğulanır ki, sənətçinin 2011-ci il boyunca vergi rezidenti sayılması üçün tələb olunan 183 gündən artıq İspaniyada yaşaması faktı özünü doğrultmayıb. Məhkəmənin gəldiyi qənaətə görə, Şakira həmin il krallıq ərazisində toplam 163 gün vaxt keçirib.
Qeyd edək ki, əsl adı Şakira Ripoll olan 49 yaşlı sənətçi dünya miqyasında təkcə vokalist kimi deyil, eyni zamanda, bəstəkar, rəqqasə, səs prodüseri, xoreoqraf və model kimi şöhrət qazanıb. Həm ispandilli, həm də ingilisdilli musiqi sənayesində böyük uğurlar əldə edən ifaçı ən populyar Latın Amerikası ulduzlarından biri sayılır. Sənətçinin, eyni zamanda Los-Ancelesdəki Şöhrət xiyabanında özəl ulduzu var.