Bakı. 27 may. noİspaniyanın “Real Madrid” klubu tarixində 13-cü dəfə futbol üzrə Çempionlar Liqasının qalibi olub.
Mujde.az -ın məlumatına görə, “kral klubu” Avropanın ən nüfuzlu klub turnirində ardıcıl üçüncü zəfərini finalda İngiltərə “Liverpul”u üzərində 2:1 hesablı qələbə sayəsində əldə edib.
Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda keçirilmiş qarşılaşmanın ilk yarısında qol vurulmayıb. Əvəzində tərəflər hərəyə bir itki ilə üzləşiblər. 31-ci dəqiqədə “Liverpul”un ən məhsuldar oyunçusu Məhəmməd Salah “Real Madrid”in kapitanı Serxio Ramosun müdaxiləsindən sonra çiynindən xəsarət alıb. Nəticədə o, yerini Adam Lallanaya verməli olub. 37-ci dəqiqədə isə Dani Karvaxal zədələnib və onun yerinə Naço meydana daxil olub.
İkinci hissədə isə qollar vurulmağa başlayıb. 51-ci dəqiqədə İngiltərə komandasının qapıçısı Loris Karius topu oyuna daxil etmək istərkən, əlindən yerə salıb. Bu zaman yaxınlıqda olan “kral klubu”nun hücumçusu Kərim Benzema topa dəqiq zərbə endirərək, hesabı açıb. Lakin bundan 4 dəqiqə sonra Sadio Mane bərabərlik qolunu vurmağa müvəffəq olub.
61-ci dəqiqədə Zinəddin Zidanın etdiyi əvəzləmə isə oyunda həlledici olub. İskonun əvəzinə meydana daxil olan Qaret Beyl dubl müəllifi olub. O, 64-cü dəqiqədə topu başı üzərindən fantastik zərbə ilə tora göndərib. 83-cü dəqiqədə isə Beylin uzaqdan vurduğu zərbədən sonra Karius topu əlindən buraxıb.
Beləliklə, “Real Madrid” 3:1 hesablı qələbə sayəsində Çempionlar Liqasının ən güclüsü olduğunu bir daha sübuta yetirib. Digər tərəfdən, tarixdə ilk dəfə həm Çempionlar Liqası, həm də Avropa Liqasının qalibi eyni şəhərin iki komandası olub. Daha əvvəl Madrid “Atletiko”su finalda Fransa “Marsel”ini 3:0 hesabı ilə yenərək, Avroliqanın baş mükafatına sahib çıxıb.