Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, qeydə alınan yerli təkanlar narahatlığa yol açmır:
“Bu gün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu yeraltı süxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə ölkəmizdə altı baldan yuxarı zəlzələ gözlənilmir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur”.
Onu da bildirək ki, bir neçə gün öncə Şamaxı və Biləsuvar rayonlarında da zəlzələ baş verib. 12 yanvar tarixində yerli vaxtla saat 03:07-də Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda qeydə alınan yeraltı təkanlar 9 km dərinlikdə meydana gəlib. Zəlzələ hiss olunmayıb. Bu gün yerli vaxtla saat 07:56-da Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.