“Qarabağ” FK-nın qapıçısı Mateuş Koxalski: Burda məşqlər çox olur

“Qarabağ”da daha çox məşq olur. Klubda 7-8 saat vaxt keçiririk”.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı “Qarabağ” FK-nın Polşalı qapıçısı Mateuş Koxalski keçmiş klubu “Stal”ın (Melets) Mətbuat Xidmətinə verdiyi müsahibəsində vurğulayıb.

O keçmiş klubu ilə “Qarabağ” klubundakı məşq sisteminin fərqi barədə danışıb:

“Polşada olduğum bütün klublardan çox fərqlidir. “Qarabağ”da daha çox məşq olur. Klubda 7-8 saat vaxt keçiririk. İkinəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqə qədər yüngül yuxu. Hər məşqə öncə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır”.

Koxalski “Roma” və “Borussiya Dortmund” klublarının transfer istəyi məsələsinə də aydınlıq gətirib:

“Belə xəbərləri mən də görürəm, ancaq agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, özəlliklə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, ancaq xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, ancaq heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır”.

“Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt düşünmürdüm ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Ancaq buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdirlər. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.

Fərqlər var, ancaq elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, ancaq ən sadə izahı budur – ölkə müəyyən anlamda Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, ancaq insanlar çox mehribandırlar. Burada kimisə narahat edə biləcək heç nə yoxdur”, – deyə Koxalski bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir