Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin İrəvan üçün əsas təhlükənin ukraynalaşma olması ilə bağlı sözlərinə münasibət bildirib. Nikol Paşinyan buna cavab olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öz müttəfiqlik borcunu yerinə yetirmədiyini vurğulayıb.
Azərbaycan Müjdələri Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı o, jurnalistlərə açıqlamasında bildirib:
“Bəs belə atmacalara və hədə-qorxulara nə gərək var? Eyni düşüncə tərzi ilə mən, ya da başqa biri Rusiya ərazisindəki partlayışları və başqa olayları əsas gətirərək, əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilər. Ermənistan elə Ermənistan olaraq qalır və başqa heç nəyə dönməyəcək”.
Yada salaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha öncə Ermənistanı yeni Ukraynaya çevrilməklə hədələmişdi. Onun sözlərinə görə, Ermənistan üçün ən təhlükəli ssenari ölkənin “yeni Ukrayna”ya çevrilməsi ola bilər.
“Ermənistanın indiki rəhbərliyi inkişaf vektorunu dəyişməyi düzgün sayıb. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – deyə Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radio Şirkətinə müsahibəsində bildirib.