Paşinyan Rusiya səfəri və Putinlə görüşünü uğurlu adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya etdiyi səfərini çox uğurlu adlandırıb.

Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı TASS məlumat yayıb.

“Mədəniyyətdən hərbi-texniki əməkdaşlığa qədər gündəlikdə duran bütün sahələr üzrə konkret anlaşmalar əldə etdik. Səfəri çox uğurlu sayıram”, – deyə o, jurnalistlərlə danışarkən bildirib.

Yada salaq ki, Ermənistanın baş naziri aprelin 1-də Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Putin: Ermənistan eyni vaxtda AB və AİB gömrük birliyində ola bilməyəcək

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, Rusiya Ermənistanın Avropa Birliyi (AB) ilə münasibətlərinin inkişafına sakit yanaşır, ancaq İrəvan eyni vaxtda iki gömrük birliyində ola bilməyəcək.

“Biz görürük ki, Ermənistanda Avropa Birlyi ilə münasibətlərin inkişafı ilə bağlı danışıqlar gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Ancaq bu, aydın və ədalətli olmalıdır, necə deyərlər, öncədən, hələ işin başında deyilməlidir: AB və Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük birliyində olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil. Məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır”, – Rusiya lideri deyib.

Öz növbəsində, Paşinyan qeyd edib ki, Ermənistan AİB və AB-yə üzvlüyün uzlaşmadığını başa düşür, ancaq hələ ki bu proseslər seçim etmək lazım olan nöqtəyə çatmayıb: “Biz başa düşürük ki, AB və AİB-yə üzvlük uzlaşmır. Vaxtı gələrsə, Ermənistan xalqı öz qərarını verəcək. Əlbəttə, bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir