Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirak etdiyinə görə minnətdarlığını ifadə edib.
Azərbaycan Müjdələri Ermənistan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı hökumət rəhbəri mətbuata bəyanatında bildirib.
“Fürsətdən istifadə edərək, sammitin təşkilindəki sıx əməkdaşlıq və tərəfdaşlığa görə Avropa Birliyinə, həmçinin bu formatın coğrafiyasının genişləndirilməsinə görə qitədən kənardakı tərəfdaşlarımıza səmimi təşəkkürümü bildirmək istəyirəm. Sülh prosesinin və regional əməkdaşlığın inkişafı kontekstində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakını və Türkiyənin vitse-prezidentinin tədbirdə olmasının vacibliyini xüsusi vurğulamaq istərdim”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə bugünkü müzakirələr sübut edib ki, dünyada artan çağırışlar fonunda regionlarda sülhün və sabitliyin genişləndirilməsi üçün səmimi dialoq və əməli həllər tələb olunur.
Ermənistan baş naziri Nikol Paşinyan 2028-ci ildə Azərbaycana gəlmək niyyətindədir. Hökumət rəhbəri bu ehtimal edilən səfəri Avropa Siyasi Birliyinin (ASB) gələcək sammitinə qatılmaq məqsədilə həyata keçirmək istədiyini diqqətə çatdırıb.
“Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir ki, Ermənistanda təşkil olunan tədbirdə məsafədən də olsa, iştirak edir. Bununla yanaşı, ümidvaram ki, 2028-ci ilə təsadüf edəcək 10-cu ASB sammiti çərçivəsində mənim də Azərbaycana səfər etmək şansım yaranacaq”, – deyə İrəvan şəhərində baş tutan 8-ci ASB sammitinin açılış mərasimində çıxış edən Ermənistanın baş naziri qeyd edib.