Ağdam təmsilçisi “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin Amerika Birləşmiş Ştatlarının MLS çempionatında mübarizə aparan “Kolumbus Kru” klubuna keçidi rəsmi şəkildə təsdiqlənib.
Azərbaycan Müjdələri bildirir ki, Ohayo ştatını təmsil edən klub 22 yaşlı oyunçu ilə uzunmüddətli anlaşma əldə edib və müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Cari mövsümdə Premyer Liqa çərçivəsində meydana çıxdığı 13 qarşılaşmada rəqib qapılarına 3 qol vuran hücumçunun yeni klubundakı gəliri də dəqiqləşib. Belə ki, o, ilk mövsümdə 1 milyon dollar qazanacaq və növbəti illərdə bu məbləğ artan xətlə davam edəcək. Nəriman Axundzadənin ölkə çempionunun heyətində aylıq məvacibi 12 min manat idi.
Bununla gənc forvard yerli oyunçular arasında xarici kluba ən yüksək məbləğə transfer olunan futbolçu adını qazanıb. Belə ki, MLS təmsilçisi 22 yaşlı hücumçu üçün 2.5 milyon avro vəsait ödəyib. Bu vaxta qədər heç bir azərbaycanlı futbolçu üçün belə bir transfer məbləği ödənilməmişdi.
İndiyədək Azərbaycan Premyer Liqasından xaricə ən baha qiymətə satılan yerli oyunçu Şahruddin Məhəmmədəliyev idi. O, 2023-cü ildə 900 min avro qarşılığında Ağdam klubundan Türkiyənin “Adana Dəmirspor” komandasına keçmişdi.