Muzeylər bizə nə üçün lazımdır?

 

Muzeylər öz funksiyasının öhdəsindən tam gələ bilmir.

Müasir şəraitdə cəmiyyətimizin  həyatında vacib dəyişikliklər gedir. Müstəqillik qazanmış Azərbaycan daim inkişafa can atır. Bunu həyatımızın bütün sferalarında hiss etməkdəyik. İnkişaf perspektivlərini təyin edən və onun həyata keçirilməsində böyük rola malik olan bir çox vacib amillər mövcuddur ki, onlar həyatımızın ayrılmaz-tərkib hissəsi, həyat meyarıdır. Bunların arasında yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi  həmişə cəmiyyətimizin diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri olaraq qalacaqdır.

Böyüməkdə olan gənc nəslin Vətənə olan məhəbbəti onun ailəsinə, yaşadığı yerə, doğma şəhərə, doğma torpağa olan məhəbbətdən başlayır. Onlarla aparılan bu sistemli tərbiyə özlüyündə çətin, mürəkkəb, uzun bir vaxt dönəminə hesablanmış bir təlim-tərbiyə prosesidir. Heç də təsadüfi deyil ki, bu proses öz qaynağını hələ erkən yaşlardan götürür, bütün məktəb illəri boyunca davam edir, sonralar bu hisslər insanda bütün şüurlu həyatı boyu təkmilləşdirilir və inkişaf etdirilir.

Vətənpərvərlik tərbiyəsi məzmununa görə çoxşaxəlidir. O, tədricən, biliklərin toplanması və ətraf mühit haqqında təsəvvürlərin yaradılması ilə formalaşdırılır. İstənilən diyar, hətta ən balaca kənd belə öz təbiəti, insanları, həyatı, yaşayış tərzi ilə təkrarolunmazdır.Vətənin hər qarışı insanlar üçün əzizdir, müqəddəs məkandır. Biz böyüklər uşaqlara yaşadığımız şəhərin  tarixi keçmişi, asdət-ənənələri, qonaqpərvərliyi, abidələri, gözəl insanları, ziyalıları, qəhrəmanları ilə öyünməyi və fəxr etməyi öyrətməyə borcluyuq. Hərbi-vətənpərvərlik tərbiyəsi də vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi kimi vacib tərbiyəvi üsullardan biridir. Vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinin üsul və yolları müxtəlif ola bilər. Təhsil ocaqlarında, xüsusilə də orta məktəblərdə çalışan pedaqoqlar bu sahədə gərgin iş aparmalı, vətənə məhəbbət, doğma diyara məhəbbət hisslərini formalaşdırarkən ,şagirdlərdə bu hissləri alovlandırmaq üşün bütün vacib metod və üsullardan istifadə etməyə çalışmalıdırlar.Bu məqsədlərə çatmaqla, tərbiyəvi işi onları əhatə edən sosial həyatla əlaqələndirir, təlim-tərbiyə prosesinin məzmununu , özündə əxlaqi-mənəvi, vətəndaş və vətənpərvər keyfiyyətlərini daşıyan, vətənimiz üçün  nümunəvi insanların yetişdirilməsinə yönəldirlər.

Vətənpərvər vətəndaşların yetişdirilməsində qəhrəmanlara həsr olunmuş muzeylərin də  böyük rolu vardır. Bu muzeylərin biri də Gəncə şəhərində fəaliyyət göstərən, Sovet İttifaqı Qəhrəmanı İsrafil  Məmmədovun ev muzeyidir. Muzey yarandığı gündən yeniyetmə və gənclərin, ziyalıların, şəhər əhalisinin daim ziyarət etdiyi sevimli bir məkan olmuş, böyüməkdə olan gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsində böyük rola malik olmuş və bu gün də öz əhəmiyyətini itirməmişdir. İsrafil Məmmədovun bir qəhrəman və vətənpərvər kimi  həyatı bu gün də Gəncəlilərin yaddaşından silinməmiş, insanların şüurunda dərin iz buraxmışdır. O, gənclərimizə həmişə bir nümunə, xalqımızın fəxri və qüruru olmaqda qalacaq, Vətənimiz onun adı ilə həmişə fəxr edəcəkdir.

Müasir cəmiyyətdə muzey tək elmi-maarifləndirici müəssisə deyildir, həm də şəxsiyyətin inkişafı və təlim-tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır. Buradakı hər bir ekspozisiya onlara  bilik verir, onları düşündürür, vətənpərvərlik hissini alovlandırır. Onlar qəhrəmanlara, onların keçdiyi döyüş yoluna, həyatına qiymət verməyi öyrənirlər. Bu ekskursiyalar zamanı uşaqlar qəhrəmanın göstərdiyi şücaət, qəhrəmanlıq, igidlik, Vətənə olan sonsuz məhəbbəti haqda geniş təsəvvürlərə mailk ola bilirlər. Həmçinin muzeydə şəkilləri yer almış, şəhərimizin fəxri sayılan  digər veteranlar haqqında qəzet və yazılarla, onlara həsr olunmuş reportajlarla, II Dünya Müharibəsinə aid olan eksponatlarla tanış olmaq imkanını da əldə edir, qəhrəmanın şəxsi əşyaları, həyatı və döyüş yolunu əks etdirən foto şəkillərlə tanış ola bilirlər.

İllər ərzində muzeyin bazasında müxtəlif ekskursiyalar təşkil olunmuşdur. Hal-hazırda da burada əmək və müharibə veteranları ilə görüşlər təşkil olunmaqdadır.  Muzeydə təşkil olunan bu tədbirlərin və bu görüşlərdən alınan təəssüratların gənc nəslin vətənpərvərlik tərbiyəsində rolu əvəzedilməzdir və onların təlim-tərbiyəsinə bir tövhədir. Şagirdlərin təlim-tərbiyəsi ilə bağlı bir çox vəzifələrin həllində muzeydə çoxlu imkanlar mövcuddur. Burada məşğələ və məktəbdənkənar  tədbirlərə ayrılan qısa bir müddət ərzində uşaqlar ötən dövrlərə səyahət edə bilir, bu dövr haqqında müəyyən məlumatlar almağa müvəffəq olurlar. Qəhrəmanlar, qəhrəmanlıq haqqında söhbətlər uşaqları öz vətəninin vətənpərvəri, vətəndaşı olmağa səsləyir.

Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş eksponatlar  öz əhəmiyyəti ilə hərbi-vətənpərvərlik tərbiyəsində sonsuz mövzudur. Muzeyə təşrif gətirmiş insanlar qəhramanın yaşadığı  dövrə səyahət edir, müxtəlif hadisələri tutuşdurur, təhlil edir, qəhrəmanın göstərdiyi rəşadəti və qəhrəmanlıqla dolu döyüş yolu haqqında  informasiyaya malik olur, əsl sənədlərlə əyani tanış ola bilirlər.

Vətənpərvərlik tərbiyəsi haqqında danışarkən onu da xüsusilə qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkəmizdə bu tərbiyə həmişə önə çəkilməli, gənclərimizin bu ruhda tərbiyə olunması günün vacib tələbinə çevrilməlidir. Bu gün görülən işlər sabah mütləq öz sevindirici nəticələrini verəcəkdir. Vətənpərvər, işgüzar, sağlam ruhlu və əqidəli gənclər yetişdirməklə biz stabil cəmiyyətin qurulmasına və inkişafına da tövhə vermiş oluruq.

Bununla belə, muzeydə hər şey ürəkaçandırmı?

Apardığımız araşdırmalar belə bir qənaətə gəlməməyə imkan verir. Muzeyə təşrif apardığımız neçə gündə yeganə qonaq olduğumuzu nəzərə alsaq, artıq bu müqəddəs məkana təşrif buyuranların demək olar ki, olmaması bizi məyus etdi. Kiçik bir məkanda 7 işçisi olan muzey qəhrəmanla bağlı heç bir iş görmək iqtidarında və həvəsində olmadığını ortaya qoydu. Məsələ ilə bağlı verdiyimiz suallar da muzeyin əslində elmi işçiləri sayılan, lakin həqiqətdə diletant səviyyəsində belə biliyi olmayan işçilər tərəfindən cavabsız qalıb. İsrafil Məmmədovun həqiqətdə doğum gününün hansı aya və günə təsadüf etdiyini belə aydınlaşdıra bilməyən muzey direktoru Eldəniz Babayev,elmi işç i Aida Cəfərova, əlbəttə ki, qəhrəmanın ailəsinin (əgər sağdırsa), qızlarının sonrakı taleyi barədə də heç bir məlumata malik olmayacaqdır. Aydın məsələdir ki, onlarla sıx əlaqə saxlamaq, onların həyatı və taleyi barədə hər bir məlumata malik olmaq, elmi araşdırmalar aparıb bu məlumatları muzeyə təşrif gətirənlər ilə bölüşmək muzeyin elmi işçisi və fond müdirinin birbaşa vəzifəsidir. Amma bu vəzifə borcu, deyəsən, illərlə muzeydə boş-boşuna oturub (yada günlərlə işə gəlməyərək) yalnız maaş günlərini gözləyən işçilər üçün əlçatmaz və lüzumsuz bir vaxt itkisi kimi görsənir.

Gəncə şəhərində fəaliyyət göstərən 27 saylı fizika, riyaziyyat, informatika təmayüllü məktəb-liseydə vəziyyət isə ümumiyyətlə gülünc  və həm də ağlamalıdır. Bu təhsil ocağından yazılsa, mütləq traqikomediya üslubunda, yəni həm ağlamalı, həm gülməli bir sənət əsəri alınar.

İllərlə təlim-tərbiyənin keyfiyyəti ilə fərqlənən aparıcı bir təhsil ocağı adını daşıdığı qəhrəmanın doğum gününün məhz hansı  aya və günə təsadüf etdiyini bilmir. Daha doğrusu dəqiq bilmir… Məktəbin giriş foyesində divardan asılmış plakatda İ.Məmmədovun doğum tarixi 30 may  göstərilsə də direktor Kəmalə İsgəndərovanın bizi dəvət etdiyi ibtidai sinfin uşaqları bu tarixi 16 mart kimi qeyd etdi. Əlbəttə ki, 3-cü sinif şagirdlərinin belə bir maraqla, şövqlə qəhrəman haqqında bizə verdiyi məlumatlar sinif müəllimi Nübubət Eliyeva haqqında bizdə yüksək fikir yaratdı. Əvəzində… düşdüyü vəziyyətdən çıxış yolu axtaran direktoru çətin vəziyətə  saldı. Nə olursa olsun, belə bir hal direktor üçün başucalıq gətirməyən bir durumdur. Tam əminəm, direktor bizdən aralanandan bir müddət sonra bu tarix onun yenə də yadından çıxacaqdır. Əgər bunu sonradan əzbərləməsə…

Qeyd: 16 mart İsrafil Məmmədovun doğum günü idi. İnternetdə, vikipediyada yazılanlara inansaq, qəhrəman məhz bu gündə anadan olmuşdur. Həmin gün qəhrəmanın 99 yaşı qeyd olunmalı idi. Lakin bu da mübahisəli tarix olaraq qalmaqdadır. Çünki, nə muzey işçiləri, nədə ki, adını daşıdığı məktəb onun doğum tarixi ilə bağlı dəqiq məlumata malik deyillər. Və əslində bu tarix də mübahisəli olaraq qalır. Bununla heç maraqlanan da yoxdur. Belə bir təəssürat yaranır- xalqımızın bu əfsanəvi oğlu, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı, Gəncəmizin əbədi fəxri- İsrafil Məhərrəm oğlu Məmmədov artıq yaddan çıxarılmışdır? Bəlkə, bizə artıq belə əfsanəvi qəhrəmanlar lazım deyildir?

Çoxları deyə bilər- bizim Qarabağ şəhidlərimiz vardır. Bu , bizim müharibə olmamışdır. Əlbəttə ki, bu, yalnış fikirlər olardı.  2 Dünya müharibəsi də xalqımızın tarixinin ayrılmaz hissəsi olaraq qalır. Bu müharibədə xalqımız 350 mindən çox itki vermişdir. Və minlərlə ailələrdə bu müharibədən qayıtmamış atalar, əmilər, dayılar anılır. İnsanların gözü hələ də bu qəhrəmanların getdiyi yoldadır.

Gəncə şəhərində 27 saylı fizika, riyaziyyat, informatika təmayüllü məktəb-lisey  İ.Məmmədovun adını daşıyır. Maraqlıdır, görəsən bu təhsil ocağının rəhbərliyi bu tarixi günlə bağlı hansı tədbirlərə imza atmışdır?

Tam səmimiyyətlə deyə bilərik ki, bununla bağlı heç bir tədbbirə imza atılmamışdır!

Bəs görəsən, məktəbin müəllim-şagird kollektivi sonuncu dəfə bu muzeydə nə vaxt olmuşdur? Bu suala da səmimiyyətlə cavab vermək mümkündür.

Qəhrəmanların timsalında vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi məktəbdə şagirdlərə necə aşılanır?.. Heyf ki, bu suallarla bağlı hər gəlişimizdə dəhlizdə gəzən məktəb direktorundan heç bir cavab ala bilmədik. Tam etinassızlıqla ,-Vaxtımız yoxdur,- dedi. ..

… Yəqin ki, heç vaxt olmayacaq da…

   Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir