Kənd Təsərrüfatı Nazirliyi sahibkarlara müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi bitkilərin toxumçuluğu, tingçiliyi, istehsalı və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti kənd təsərrüfatı bitkilərinin toxumçuluğu, tingçiliyi və kənd təsərrüfatı məhsuları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında yalnız patentləşmiş və dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri (bitki sortları) istehsalatda istifadə edilə bilər.

Müraciətdə bildirilib ki, sortun dövlət reyestrində olması, həmin sortun toxumunun və yaxud əkin materialının Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, uyğun regionlarda reallaşmasına (satılmasına), karantin tələblərinə riayət edilməklə daşınmasına, artırılmasına hüquq verir. Ölkəyə gətirilən bitki materialları (toxum, ting, digər əkin materialı) müvafiq qaydada standartlara uyğun sertifikatlar ilə təchiz olunmalıdır.

“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət Reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər.

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 21.1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin (GMOB) genetik materiallarının gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Göstərilənlərə əməl etməyən hüquqi və fiziki şəxslər barədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 166 (İxtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görüləcək.

Mujde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir