İrsi xəstəliklərin yaranma səbəbləri məlumdurmu? – VİDEO

Azərbaycanda daha çox hansı irsi xəstəliklərə rast gəlinir? Hansı irsi xəstəliklər orqanizmi daha çox zədələyir? Qohumlar arasında olan nikahların bu problemlərin yaranmasında rolu nə qədərdir? Gen dəyişilmələrinə başqa hansı amillər səbəb olur? İrsi xəstəliklərin əlamətləri hansılardır?  Yeni doğulanlar arasında daha çox hansı irsi xəstəliklər müşahidə olunur? İrsi xəstəliklər hansı regionlarda daha çox yayılıb?

APA TV-nin “Öncə sağlıq” layihəsinin növbəti buraxılışında qonaq olan həkim-genetik, Mircavad Müslümov deyib ki, hazırda Azərbaycanda əksər genetik xəstəliklərin diaqnozunu qoymaq mümkündür. Onun sözlərinə görə, genetik xəstəliklər həyat keyfiyyətinin azalması, ömür boyu müalicələr tələb edən xəstəliklərdir.

Xromosom, tək gen və multifaktorial genetik xəstəliklərin olduğunu deyən həkim bildirib ki, ən çox rast gəlinən xromosom xəstəliyi Daun problemidir. Hazırda hər 800-1000 doğuşdan birində Daun sindromu aşkarlanır.  Tək gen xəstəlikləri haqda danışan həkim deyib ki, cəmi bir gendə baş verən mutasiya nəticəsində yaranan problemlərdən Azərbaycanda daha çox yayılanı talassemiyadır.

Onun sözlərinə görə, bu problem daha çox ölkənin Aran rayonlarında geniş yayılıb.

Ən geniş yayılan multifaktorial xəstəliklərə gəlincə, mütəxəssis bu sırada şəkərli diabet və astma problemlərinin adını çəkib. Onların genetik meyllik və ətraf mühit amilinin təsiri altında yarandığını deyib.

Genetik xəstəliklərin yaranmasının qarşısını almaq üçün aparılan genetik müayinələr haqda danışan mütəxəssis bildirib ki, təkrari inkişafdan qalmalar, sonsuzluq diaqnozu qoyulan cütlüklər, qohum evliliyi olanlar, ailəsində, yaxın qohumlarında genetik xəstəliklər aşkarlananlar genetik müayinə olunmalıdırlar.

Bundan başqa, ağıl geriliyi, cinsi inkişaf pozğunluğu aşkar olunduğu hallarda da genetik müayinələrin aparılması zərurəti barədə danışan mütəxəssis onu da deyib ki, 35 yaşdan sonra hamiləlik planlaşdıran qadınlar, öncəki hamiləliklərində xəstə uşaq dünyaya gətirənlər, anomaliyalı abortları olanların da genetik müayinələrə cəlb olunmasına ehtiyac var.M.Müslümovun sözlərinə görə, hamilə xanımlar üçün nəzərdə tutulan 2-li, 3-lü, 4-lü genetik testlər hamiləliyin müəyyən həftələrində aparılır.

Həkim-genetik deyib ki, yeni doğulmuşlarda aparılan topuq qan testi ilə genetik xəstəlikləri zamanında aşkarlamaq mümkündür.

O, qohum evliliklərin riskli hesab edildiyini, qohum nikahlar nəticəsində dünyaya gələn uşaqlarda genetik xəstəliklərin yaranma riskinin daha artıq olduğunu bildirib.

Genetik xəstəliklərin yaranmasında dərman preparatlarının rolu haqda danışan M. Müslümov deyib ki, hamilə qadınlar ginekoloq məsləhəti olmadan dərman preparatlarından istifadə etməməlidir.

Onun sözlərinə görə, inkişafdan qalmaların 80%-i immunoloji-genetik səbəblərlə əlaqədardır.

“Öncə sağlıq” layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

https://youtu.be/5RZl7WsaJs4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir