“İran İslam Respublikası Amerika Birləşmiş Ştatları ilə aparılan təmaslar çərçivəsində öz raket proqramına dair məsələlərə toxunmayıb və bundan sonra da bu mövzunu müzakirə etməyəcək”.
Azərbaycan Müjdələri bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. Mətbuat konfransı zamanı jurnalistlərin İslamabadda ABŞ nümayəndələri ilə görüşlərdə raket proqramının gündəmə gətirilib-gətirilməməsi ilə bağlı sualını cavablandıran diplomat bildirib:
“Sizin bu sualınız çox qəribədir. Biz indiyə qədər dəfələrlə bəyan etmişik ki, dövlətimizin müdafiə sahəsi müzakirə oluna bilməz və heç bir halda danışıqların predmeti deyil”.
Bundan başqa “Reuters” agentliyinin yüksəkrütbəli İran rəsmisinə istinadən verdiyi məlumata görə də, rəsmi Tehranın müdafiə potensialı, eləcə də raket proqramı ABŞ ilə ehtimal olunan danışıqların mövzusu ola bilməz. Həmçinin qeyd edilib ki, İranın nüvə proqramı ətrafında tərəflər arasındakı ziddiyyətlər hələ də qalmaqdadır və ABŞ-nin İrana qarşı hərbi-dəniz blokadasını davam etdirməsi sülh danışıqlarına zərbə vurur.