İran uranın zənginləşdirilməsi proqramını dayandırmayacaq

ABŞ Prezidenti Donald Trampın bəyanatlarının əksinə olaraq, İran rəsmiləri uranın zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı anlaşma əldə etmədiklərini və heç vaxt belə bir addım atmayacaqlarını vurğulayıblar.

Azərbaycan Müjdələri bildirir ki, bu məlumatı CNN telekanalına Tehrandan olan mənbə təsdiqləyib.

Mənbənin sözlərinə görə, İran bu cür təkliflərlə heç vaxt razılaşmayacaq. Telekanal öz mənbələrinə istinadla yada salıb ki, bir müddət öncə ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmağı təklif edib. Buna cavab olaraq İran beşillik fasilə variantını irəli sürsə də, amerikalılar bu təşəbbüsü geri çeviriblər.

Keçən həftə “NewsNation” kanalına telefonla müsahibə verən D.Tramp isə İranın uran zənginləşdirilməsindən imtina etməyə razılaşdığını iddia edib.

Yada salaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bildirilib. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir