İlon Mask “OpenAI” və “Microsoft”dan kompensasiya tələb edir

Amerikalı sahibkar İlon Mask (Elon Musk) “OpenAI” və “Microsoft” şirkətlərinə qarşı məhkəmə iddiası qaldıraraq onlardan 79 milyard dollardan 134 milyard dollara qədər təzminat tələb edib.

Azərbaycan Mujdələri bildirir ki, bununla bağlı “Reuters” agentliyi xəbər yayıb.

Mask iddia edir ki, ilkin olaraq qeyri-kommersiya təşkilatı kimi fəaliyyətə başlayan “OpenAI” şirkəti “Microsoft” ilə tərəfdaşlıq müqaviləsi bağlamaqla bu prinsiplərdən imtina edib.

İddiaçının fikrincə, “OpenAI”nin gəlirləri onun şirkətin yaradılması və inkişafındakı həlledici töhfəsi sayəsində əldə edilib. Bu töhfə həm pul şəklində, həm də qeyri-maddi formada – əsas işçilərin cəlb edilməsi, biliklərin ötürülməsi, nüfuz və əlaqələrin təqdim olunması kimi dəyərləndirilir.

Qanunsuz gəlirlərin məbləğini hesablamaq üçün Mask ekspert rəyinə – maliyyə iqtisadçısı Pol Vazzananın rəyinə müraciət edib. Ekspert maliyyə modellərindən istifadə edərək və öz vençur investisiya təcrübəsinə əsaslanaraq hesablayıb ki, Maskın töhfəsi “OpenAI” qeyri-kommersiya fondunun hazırkı 500 milyard dollarlıq dəyərinin 50-75 %-ni təşkil edir.

Maskın bəyanatına görə, “OpenAI”nin təsisçilərindən biri olduğu 2015-ci ildən bəri şirkət ondan 65,5 milyard dollardan 109,4 milyard dollara qədər vəsait alıb. “Microsoft” isə “OpenAI”yə 13,3 milyard dollardan 25,1 milyard dollara qədər investisiya qoyub.

“OpenAI” şirkəti 2015-ci ildə təsis edilib. İlon Mask isə indiki baş direktoru Sem Altman ilə birlikdə şirkətin həmsədri olub. 2018-ci ildə Mask “OpenAI”nin direktorlar şurasını tərk edib. Beş il sonra o, süni intellektin hazırlanması üzrə özünün “xAI” şirkətini qurub. 2024-cü ildə isə Altmana qarşı məhkəmə prosesinə başlayıb. Mübahisənin predmeti Altmanın şirkəti idarə etmək üzrə kommersiya planları, o cümlədən “Microsoft” ilə əməkdaşlıq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir