Ərdoğan: Türkiyə İranla bağlı istənilən anlaşmanın icrasına dəstək verməyə hazırdır

“Türkiyə ABŞ və İran arasında əldə olunacaq hər hansı bir anlaşmanın icrasında hərtərəfli dəstək verməyə hazırdır”.

Azərbaycan Müjdələri Türkiyə mediasına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp və bir sıra müsəlman ölkələrinin rəhbərləri ilə keçirilən videokonfrans zamanı deyib.

“Türkiyə bütün regionda sülhün bərqərar olmasına çalışır və İranın nüvə dosyesi də daxil olmaqla mübahisəli məsələlər üzrə adekvat həll yollarının tapılmasının mümkünlüyünə inanır”, – deyə məlumatda qeyd edilir.

Videokonfrans zamanı İran və Yaxın Şərqdəki hadisələr müzakirə edilib. “Ərdoğan bildirib ki, Türkiyə hər zaman problemlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarı olub. O, İranla aparılan diplomatik prosesin prezident Tramp tərəfindən səsləndirilən mərhələyə çatmasından və əldə olunacaq istənilən sazişin regional sabitliyə töhfə verəcəyindən məmnundur. Hörmüz boğazından azad keçidin təmin edilməsi dünya iqtisadiyyatı üçün böyük rahatlıq olacaq. Ərdoğan vurğulayıb ki, Türkiyə region ölkələrinin bir-birinə təhdid yaratmayacağı yeni bir dövrün başlamasını arzulayır”, – deyə məlumatda bildirilir.

Daha öncə Tramp İranla gələcək sazişin layihəsinin ümumilikdə razılaşdırıldığını bəyan etmişdi. O, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh sazişi çərçivəsində anlaşma memorandumu layihəsini müzakirə etdiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir