Əbədiyaşar: Fərman Elçin oğlu Əsədli

Mənfur düşmənimiz ermənilərin xalqımıza qarşı başlatdığı müharibə çoxsaylı mərd oğullarımızın şəhidlik zirvəsinə ucalmaları ilə nəticələndi. Dişi qana batmış düşmən dəfələrlə təxribat törədərək yeni torpaqlar işğal etmək arzusunda oldu. 2016-cı il 2/4 – 4 günlük aprel döyüşlərində məkrli düşmənin növbəti dəfə torpaqlarımıza təcavüzünün qarşısını alarkən də şəhidlər verməli olduq. Onlardan biri də Əsədli Fərman Elçin oğludur.

Əsədli Fərman 10 sentyabr 1990-cı ildə Samux rayonunun Sərkar kəndində xalqımızın vətənpərvər oğlu, komissar polkovnik-leytenant Elçin Əsədovun ailəsində dünyaya gəlmişdir. Vətənpərvər ruhda böyümüş, ali təhsil almış, dinc quruculuq işlərinə başlayaraq xalqa, dövlətə öz töhfəsini verməyi özünə məqsəd qoymuşdur. Həyatın axarını isə dəyişmək mümkün deyil.

İşğalçı, qaniçən ermənilər Tərtər istiqamətində atəşkəsi pozaraq hücuma keçərkən bu ədalətsizliyə dözməyən Fərman, könüllü olaraq vətən naminə döyüşçülərimizə yardım etmək məqsədi ilə döyüş bölgəsinə gedərək əlindən gələni əsirgəməmiş, mümkün olan köməkliyi göstərmişdir. Vətənin, xalqın ağır günündə vətənə sədaqətini, yurda bağlılığını sübut edərək ailəsinin, millətinin başını uca etdi. Həmin döyüşdə ordumuz düşməni məğlub etdi, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi. Lakin cəsur oğullarımız, eləcə də Fərman Əsədli şəhid olaraq əbədiyyətə qovuşdular.

F.Əsədlinin qorxmazcasına ordumuza yardım göstərməsi nümunəsi yüksək qiymətləndirilərək alqışlanmış və təltif olunmuşdur. Belə ki, 703 saylı hərbi hissənin komandiri polkovnik Qiyas Abbasov şəhidin ailəsinə hərbi heyət və eləcə də ordumuz adından “Təşəkkürnamə” məktubu ünvanlamışdır. Fərman Əsədliyə “Şəhid” statusu verilmiş, “Şücaətə görə” və “Vətən naminə” medalları ilə təltif olunmuş, adına küçə verilmişdir. O, şərəf və ləyaqət nümunəsi göstərərək adını tarixin yaddaşına həkk etmişdir.

2020-ci ildə 44 günlük müharibədə şanlı ordumuz düşməni darmadağın edərək Zəfər çaldı. Bütün dünyaya bəyan və sübut etdik ki, biz necə mərd, qədim və zəngin xalqıq. Olanlarımızı qoruyaq heç vaxt yad əllərə buraxmarıq! İnanıram ki, başımız üzərində dolaşıb gəzən Şəhidlərimizin ruhu səmadan bu gün məmnunluqla baxırlar.

Aylar, illər yel kimi gəlib keçir. Acı xatirələri yaşanan o qanlı illərdən 10 il keçir. Qələbə Bizimlədir. Başın daim uca olsun, Vətən!

Azərbaycan dövləti əbədi var olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir