Mənfur düşmənimiz torpaqlarımıza təcavüzə başlayarkən xalqın mərd oğlu Asif Məhərrəmov haqsızlığa biganə qalmayaraq, «Vətənimizi, torpaqlarımızı qorumasaq bu torpaq ayaqlarımızın altında atəş olub bizləri yandırar, kösöv eləyər. Bu Vətən bizləri heç vaxt bağışlamaz. Vətənimizin, torpaqlarımızın müdafiəsi uğrunda hər kəsi ayağa qalxaraq bir olmağa çağırıram», – deyərək özünümüdafiə batalyonu yaratdı. Ölkənin hər yerindən ölümün gözünə dik baxmağı bacaran qorxmaz oğullar cəsur komandirin ətrafında sıx birləşərək hər qarış torpaq uğrunda qəhrəmancasına döyüşdülər. Lakin silah-sursat, ərzaq, təchizat çatışmazlığı, Azərbaycanda rəhbərlikdə xaos, orduya münasibət, daxili çəkişmələr, bir sözlə zaman ermənilərin xeyrinə işləyirdi.
Dağlıq Qarabağ və ətrafda olan yeddi rayon işğal edildi, 20 % torpaqlarımız düşmən tapdağı altında qaldı. Minlərlə mərd oğullarımız şəhid oldular.
Belə bir zamanda Fred Asif Məhərrəmov və digər cəsur oğullarımız boş əllə silaha sarılmasaydı, eləcə də 15 iyun 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi II Qarabağ Müharibəsinə ehtiyac da qalmayacaqdı. 1994-cü ildə Heydər Əliyevin qətiyyəti ilə erməniləri atəşkəs müqaviləsinə imzaatmağa məcbur etdilər.
Ötən zamanda Azərbaycan dünyada tanındı, iqtisadiyyatı inkişaf etdirildi, ordusu gücləndirilərəkən müasir silahlarla təmin edildi. II Qarabağ müharibəsində rəşadətli müzəffər ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının sərkərdəliyi ilə düşmən üzərində möhtəşəm qələbə qazandı, zəfər çalındı. Ana Vətən işğaldan azad olundu, ərazi bütövlüyü təmin edildi.
Şəhidlərimiz bu xalq, dövlət, bizlər, xoşbəxt gələcək naminə gəncliklərindən, həyatlarından keçdilər.
Düşməni daim itkilərə məruz qoymuş, təkrarolunmaz qəhrəmanlıqlar göstərmiş, 27 iyul 1952-ci ildə dünyaya göz açmış əfsanəvi komandir, «Azərbaycanın Milli Qəhrəmanı» Asif Məhərrəmov, komandiri olduğu heyətlə yanaşı öz insani keyfiyyətləri ilə xalq arasında dərin iz buraxmışdır. O, 01 iyul 1994-cü ildə ağır sürən xəstəlikdən sonra Yaltada əbədiyyətə qovuşmuşdur. Qəhrəmanın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu gün şəhidlərimizin başımız üzərində gəzən ruhları bizləri məmnunluqla seyr edirlər.
Ruhunuz şad olsun igid, qorxmaz oğullarımız!
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!
Amin!
Qorxmaz Səmədov
