ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran onun ölkəsi ilə yeni saziş imzalamağa can atır və Vaşinqtonla danışıqları davam etdirir.
Azərbaycan Müjdələri bildirir ki, bununla bağlı Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində bildirib.
“Onlar razılaşma əldə etmək üçün bizimlə müzakirələr aparırlar. Saziş bağlamağı çox istəyirlər”, – deyə Tramp qeyd edib.
Dövlət başçısı əlavə edib ki, İrana qarşı həyata keçirilən son hücum əməliyyatları zamanı ABŞ ordusu ümumi dəyəri 250 milyon dollar olan hərbi sursatlardan istifadə edib: “Ötən gecə onların üzərinə ümumi dəyəri 250 milyon dollar olan bombalar atdıq”.
Bundan başqa, ABŞ Prezidenti İrana qarşı quru hərbi əməliyyatına başlamaq niyyətində olmadığını, ancaq ölkəsinin silahlı qüvvələrinin belə bir imkana malik olduğunu bildirib:
“Biz oraya sabah da daxil ola bilərik. Əsgərlərimizi göndərə bilərdik. Mən quru əməliyyatı keçirmək istəmirəm. Ancaq istəsəydim, kiçik bir hərbi qrup yeridib hər şeyi ələ keçirərdik”.
“Hazırda mən saziş bağlamağı 3-4 həftə əvvəl istədiyimdən daha az istəyirəm”, – deyə o qeyd edib. Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ münaqişənin eskalasiyasında daha da irəli gedə bilərdi, ancaq Amerika cəmiyyətinin belə bir ssenarini dəstəkləyəcəyinə şübhə etdiyini bildirib.
Yada salaq ki, iyunun 9-da ABŞ-nin “AH-64 Apache” helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğramasından sonra Birləşmiş Ştatlar İrana zərbələr endirib. ABŞ prezidenti ölkəsinin İrana qarşı genişmiqyaslı zərbələr endirməyə hazırlaşdığını bəyan edib. Tramp əgər İslam Respublikası Vaşinqtonla saziş bağlamağa razı olmasa, ölkəni yerlə-yeksan edəcəyinə söz verib.