Bakıda avtobus sürücüsü getməyə yeri olmayan qadına kömək etdi

Cəlilabaddan Bakıya qaçan qadın və azyaşlı uşağına marşrut avtobusunun sürücüsü yardım edib.

“Xaliq Faiqoğlu” MMC-dən Milli.Az-a verilən məlumata görə, həmin sürücü 65 saylı marşrut avtobusunda çalışır: “Bir-neçə gün öncə ailədaxili məsələ səbəbindən paytaxta üz tutan və burada heç kimi olmayan qadına ilk olaraq rastlaşdığı 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü yardım göstərib. Belə ki, getməyə yeri olmadığı üçün avtobusda bir dövrə vursa da düşməyən qadın və övladı sürücünün diqqətini çəkib. Sürücü İntiqam Qasımov qadından necə kömək edə biləcəyini soruşub. Məlum olub ki, 3 uşaq anası olan Gülnarə adlı qadın kiçik qızını götürərək Bakıya üz tutub və burada getməyi yeri, nə də pulu yoxdur. Sürücü onlara yemək və su alıb. Həmçinin bu barədə aidiyyatı qurumlara məlumat verilib. Havanın soyuq olması səbəbindən bir neçə dövrəsi ərzində avtobusdan düşməyən ana və övladı daha sonra “Təmiz Dünya” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib. Onlar sürücü İntiqam Qasımova göstərdiyi insanpərvərliyə görə minnətdarlıq ediblər”.

 Qeyd edək ki, 65 saylı marşrut xətti “Xaliq Faiqoğlu” MMC-nin istismarındadır. Şirkət rəhbərliyi göstərdiyi nümunəvi xidmətə görə sürücü İntiqam Qasımova təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir